Sevgi şpritsi

Eqoist sevgilərin sonu

Source:

Münasibətdə olduğum bir xanım kitab oxuduğuma görə məni “qoca kişi” adlandırırdı. Deyirdi ki, “sənin sevgilin kitablardır. Məndən daha çox onlara vaxt ayırırsan. Hisslərin ölüb”.. “Qoca kişi” ifadəsini isə o, məhz intim münasibətlərimizin soyumasına görə deyirdi. Əvvala onu qeyd edim ki, ümumi münasibətlərdə soyuma yarananda, bu soyuma avtomatik olaraq intim münasibətlərə də sirayət edir. İkinci mən etiraf edim ki, o qədər super aktiv kitab oxuyan deyiləm ki, bütün günü əlimdən kitab düşməsin. Elə olsa idi, kitabxanamda onlarla kitab oxunmamış qalmazdı. Yəni surətli oxucu olaraq onları çoxdan bitirərdim. Düzdür, çalışıram hər gün oxuyum və bunu bir vərdiş kimi də inkişaf etdirməkdəyəm. Xanım isə “qoca kişi” ifadəsini heysiyyatıma toxunmaq üçün işlədirdi.  Kiminsə mənim kitab oxumağıma ironiya İlə yanaşması, məni o adamdan soyudur. Belələrini çox görmüşəm. Əlimdə kitab görəndə, tülküyə bənzər sima alıb, məni lağa qoyanlar az olmayıb. Adam bunu xanımlardan, illah da münasibətdə olduğun birindən görəndə lap məyus olur.

Həmin xanımın münasibətlərimizin soyumasında “müstəsna” rolu olub. Aşırı qısqanclıq, intriqa, ironiyalar.. Bunların əvəzinə o məni qadın kimi cəlb etməyə çalışsaydı, pis sonluğa gəlib, çıxmazdıq.  Cəlb etmə deyəndə, fiziki cəlb etməni nəzərdə tutmuram. Zehni olaraq, yəni ağılla cəlb etmə ən seksual cəlb etmə növü ola bilər, əlbəttə, qadın bir az zəhmət çəksə. Misal üçün hansısa kitabı oxuyub, filmə baxıb, məlumat öyrənib, mənimlə bölüşməyə çalışsaydı, müzakirə etsəydi uğur bizim olardı. Mən isə həmişə ona bekarçılıqdan doğan qeybət və psevdoeşq söhbətlərinə qarşı olduğumu bildirirdim.

Qadınların çoxu düşünürlər ki, kişilər ağıllı qadınları sevmir. Belə olanda, onlar zəhmət çəkməyi artıq hesab edirlər. Bu, kişilərə də aiddir. Bizim bir-birini sevən (guya sevən) cütlüklər münasibətlərin möhkəmlənməsi və formalaşması üçün yetərincə çalışmırlar. Daha çox adicə “çalışmırlar” sözünü işlətmək də yetərli olar.  Onlar qarşı tərəfdən ideallıq gözləyir və öz mənfi davranışlarında heç bir islahat aparmırlar. Bu barədə düşünmək belə istəmirlər. Onların eqoları sevgilərindən daha yüksəkdədir. Eqoları xərçəng xəstəliyi kimi orqanizmin düşdüyü yerdən başlayaraq, öz miqyasını genişlədir və onu məhvə sürükləyir.

Başlıca səbəb güvənsizlikdir. Bizim insanların böyük güvən problemi var. Bir-birlərinə inanmırlar. Bizim bir qohumumuz var, yeni ailə həyatı qurub. Oğlan qızı nəinki küçəyə, hətta balkona çıxmağa qoymur. Qız artıq onun əlindən bezib. Bilirsiniz, niyə oğlan belə güvənsizlik edir?! Çünki, özü onun-bunun qızına-gəlininə “girişməyə” çalışır. İndi düşünür ki, onun da yoldaşına kimsə “girişməyə” çalışacaq. Ona görə bütün ətrafı o cür qaranlıq görür. Elə bilir, hamı onun kimidir.

Təbiət isə belə məsələlərdə elə insanları cəzalandırır. Çox vaxt belə kişilərin qadınları onlara xəyanət edir. Bu reallıqdır. Bir insanı dustaq elə, ona sevgi və güvən vermə, əlbəttə o insan səndən bezəcək. Sevgini başqa yerdə axtaracaq. İnsanın sevgiyə həmişə ehtiyacı var. Bilmirəm, kimin sözləridir, deyib ki, “əgər sən qadınınla maraqlanmasan, onunla başqası maraqlanacaq”. Kişi despotizmi bizim ailə inistitutumuza ən zərər verən məfhumdur. Qısqanclığın bu günə kimi heç kimə xeyiri dəyməyib. Hər iki tərəfin enerjisini çəkən gərəksiz və şıltaq duyğudan başqa bir şey hesab etmirəm onu. Sevən bir şəxsdə qısqanclıq duyğusunun mövcudluğu təbiidir, amma onu qabartmaq və qısqanclığa rəvac verən durumlara gəlib, çıxmasına gərək imkan verməyəsən. Güvən probleminiz varsa, bunu mütləq həll etməlisiniz, yoxsa o sizi daim səksəkədə saxlayacaq.

Savadlı və ictimai fəal xanım tanıyıram. Bir neçə ildir, bir oğlanla görüşür. Əməlli başlı sevgilidilər. Qızın savadı və ictimai-siyasi prosesləri analiz qabiliyyətinin yanında dağ boyda qısqanclıq duyğusu da var. Onun sevgilisinə qarşı bu qədər qısqanc olduğunu ilk dəfə biləndə, çaşıb, qalmışdım. Rəfiqəsi bunu mənə sübut etmək və zarafat üçün yanımda həmin qıza yazdı ki, oğlanı indi bir yerdə qızla görüb. Qız az qaldı qiyaməti qopartsın. Rəfiqəsi ona bir saata yaxın başa salmağa çalışdı ki, onunla zarafatlaşırmış. Həmin qız günün çoxu gizli xəfiyyələr kimi oğlanı güdməkdədir. O cür savadlı qızın sevgilisinə whatsapp-da “niyə filan saatda online idin, kimlə danışırdın” kimi suallar verməsi və facebook-da oğlanın bir neçə şəkilini like etmiş xanımlara yazıb, onun səbəbini sorması mənə qətiyyən çatmır.

Adam nə qədər qısqanc ola ki, işdən gələn kimi hər axşam sevdiyi adamın facebook-da şəkillərini “like” edən qızların siyahısını yoxlaya və üstəgəl onlara yaza ki, “bu oğlan mənimdir, çıxın onun dostluğundan”.  Vallah deyərdim ki, oğlan çox səbrlidir. Qızların savadlısı və dünya görüşlüsü bu cür hərəkət edirsə, gör savadsızı nə cür fantastik qısqanclıqlarla “tarixə düşür”. Belə xanımlara hər gün metroda, avtobusda, ictimai yerlərdə rast gələ bilərsiniz. Oğlanlarının qoluna ilan kimi dolaşıb, qarşılarındakı xanımlara baxış və davranışları ilə şimşək saçaraq bildirirlər ki, “bu oğlan mənimdiree, ona baxıb-eləməyin”…

Münasibətlərdə azadlıq və anlayış olmayanda, nə hörmət olur, nə sevgi. O hiss sevgi kimi sayılsa da, eqoist sevgi sayılır. Eqo isə sevginin ən böyük düşmənidir. Fikir vermişəm ki, bizim sevgili cütlüklərin çoxu tez alışıb, tez sönürlər.  Onlar bərabər olduqları ilk gündən bir-birlərinə yerli-yersiz o qədər romantik, xoş sözlər deyir və fasiləsiz nəvaziş göstərirlər ki, sevgi və nəvaziş bazalarında bir şey qalmır. Ələ fürsət düşdükcə, intim yaxınlığın hərtərəfli dadını çıxarırlar. Onlar elə bilir ki, sanki həyatlarının axırıncı günlərini yaşayırlar, elə bil bir də belə fürsət ələ keçməyəcək.

Sanki sevgini yekə bir şprisin içinə doldurub, bir dəfəyə hamısını bir-birilərinin bədəninə ötürürlər. Şprisi surətli şəkildə, qısa müddətə boşaldırlar və sonra şprisin dibində az qalmış sevgi damcılarını qazanmaq üçün qırırlar bir-birini. Sonra hərəsi bir tərəfdə dərbədər halda qalıb, solurlar. Halbuki hər bir cütlük əllərində olan xəyali sevgi şprisini az-az ötürsələr, sevgiləri tez solmaz və davamlı olar.

Fakt budur ki, illər keçdikcə cütlüklər arasında əvvəlki sevgi və ehtiras qalmır. Qum saatı kimi yuxarıdan aşağı boşalır. İnsanlar isə gərək o qumun gəldiyi yeri genişlətməyələr. Eləcə də intim sferada da bu belədir.

Dedektiv yazar Çingiz Abdullayevin oxuyub, bəyənmədiyim “Qatil üçün Qran-pri” romaında əsərin qəhrəmanı Dronqo 30 ildən çox müddətdir ailə və sevgi dəyərlərini qoruyub, saxlayan valideynlərindən bunun sirrini soruşmağa qərar verir. Atası ilə tək başına olanda onu maraqlandıran sualı soruşur və atası “Ananla mən sadəcə kişi və qadın kimi öz yerimizi bilirik, məhz buna görə sevgimizi və ailəmizi uzun müddətli edə bilmişik” deyə cavab verir.. Bəli, istər sevgi, istər digər münasibətlərdə insan öz yerini biləndə kamilləşə bilər və münasibəti qüvvətli edər.

Hisslərdən çox ağılla hərəkət edəndə sevgi immuniteti dayanıqlı olur. Mütləq bir çox məqamlarda və qərarlar verilərkən sevdiyin şəxsin yerinə özünü qoymalısan. Bir çox sahələrdə olduğu kimi sevgidə də siyasət işlətmək vacibdir. Sevgi məktəbinin və ailə inistitutunun dağılmaması üçün tənbəlliyi kənara buraxmaq və onu inkişaf etdirmək hər birimizin borcudur. Qətiyyən şübhə olmasın ki, dünyanı SEVGİ xilas edəcək!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəSevgi şpritsi