Səttar Mehbalıyev: Deputatlar ildə 4-5 dəfə ”putyovka” istəyir

Deputatlar əlillərlə bağlı müzakirə aparıb

Source:
Milli Məclisin komitə iclası
Milli Məclisin komitə iclası


Deputatlar əlillərlə bağlı müzakirə aparıb

“Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var”.

Deputat Aytən Mustafayeva Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı deyib. O, əlillərin müavinətlərinin artırılmasını təklif edib.

“Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal-kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.

Müzakirələrdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bildirib ki, prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır:

“Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki, əlillərin sərbəst daxil olub-çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial təminatı haqqında” qanun yenidən işlənib və hökumətə göndərilib. Yəqin yaxın günlərdə məsələyə baxılacaq”.

Səlim Müslümov
Səlim Müslümov

Ünvanlı sosial yardım ləğv ediləcək

Səlim Müslümov deyib ki, yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. “Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

Nazir bildirib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. “Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza hədəf qoymuşuq”.

S. Müslümov qeyd edib ki, bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemi aradan qaldırılacaq.

“Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək və yardım verəcək”.

Yaqub Mahmudov
Yaqub Mahmudov

Belə çıxır ki, ölkənin yarısı ya əlildir, ya da Qarabağ müharibəsində yaralanıb

Deputat Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var. O, bir çox şəxsə bu statusun qeyri-qanuni verildiyini deyib:

“Bunun qarşısı alınmalıdır. Belə çıxır ki, ölkənin yarısı ya əlildir, ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil”.

O, həmçinin bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları olduğunu deyərək, bu cür halların qarşısının alınmalı olduğunu deyib.

Bəzən Nazirlər Kabinetindən də adam “putyovka” üçün müraciət edir

Həmkarlar İttifaqları Konfederasiyanın sədri, deputat Səttar Mehbalıyev isə parlament üzvlərinin çox “putyovka” istəməsindən şikayətlənib. “Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər. Bəzən Nazirlər Kabinetindən də adam “putyovka” üçün müraciət edir. Baxırsan özünün 60, oğlunun 40 yaşı var. Hələ nəvələrinə də istəyir. Belə bir problemlər var. Bu məsələni Prezident Administrasiyasında Aparat rəhbəri ilə də müzakirə etmişəm”.

Ana səhifəXəbərlərSəttar Mehbalıyev: Deputatlar ildə 4-5 dəfə ”putyovka” istəyir