– O heyvan oğlu heyvanı durğuz, gəlib səs andırını versin! Eşitdinmi?
Ağzımı açmağa macal tapmamış dəstəyi qoydu.
Nə ağıl elədimsə, həmin nömrəni yığıb səhər obaşdan qulağıma püskürən adama cavab verdim:
– Bağışlayın, sizin əslində nə demək istədiyinizi başa düşmədim, ona görə də heyvan və səs məsələsində mənə arхayın olmayın.
Müsahibim “heyvan” deyərkən təzəlikcə hökümət işinə düzəltdiyi oğlunu nəzərdə tuturmuş. Məlum, bir ətək xərclə və üstəlik onun-bunun qabağında əzilərək alınan vəzifə taleyüklü bir şeydir. Lazım gəlsə, o işdən ötrü lap külfətlikcə gedib qutunun böyür-başında oturmaq olar. Amma hələ axşama qədər özünü göstərmək fürsəti varkən adamın o yazıq “heyvan oğlu heyvan”a niyə bu qədər erkən yükləndiyini anlamadım. Niyəsini soruşa da bilmədim, çünki adama deyərlər: “Mal mənim, məsləhət mənim, sənin nə işinə qalıb?”
Referendum havasının soyuduğu günlərdə xatırladığım bir söhbət təsəvvürümdəki vəziyyətə daha da aydınlıq gətirdi. Daha dəqiq desək, vəziyyətdəki inkişafa. Və bu yerdə istər-istəməz kiçik bir bir haşiyə çıxmağa məcbur oldum…
Normal adamın “azad sahibkara” çevrilməkliyi
Bütöv bir ailənin alın təri sayəsində iş qurub, sərbəst fəaliyyətə başlayan sadəlövh həmvətənimiz ilk addımda azad sahibkarlıq qanunuun əsas bəndi ilə qarşılaşır. Bu bənd ölkəmizdə “sahibkara sahiblənmək” kimi reallaşıb, “azad” sözünün təhkimli anlamıdır. Çünki milli azad sahibkar sadəcə qeyri-rəsmi məmur, hakimiyyətin məvacibsiz buyruq quludur. Başqa yerlərdə deyə bilmərəm, bizim əyalətdə vəziyyət bu qədər acınacaqlıdır.
Amma təmtəraqlı tədbirlərdə böyük adamları və hətta “Gilan” imperatorunu canlı-canlı görüb-eşidən bizim bəxtəvər quzumuz hələ duza gedir. Həm də həyatından o qədər məmnun ki, bu arada iş həyatında özünü təsdiq etmək üçün daha geniş üfüqlərə baş vurmağa qərar verir. Azad sahibkardı axı…
Başqa bir dünyaya düşər-düşməz icra hakimiyyətindəki sahibindən göstəriş gəlir ki: – “Bəs, prezidentin rayona səfəri münasibətilə nərdivan götürüb flan plakatı silmək üçün flan ünvana gəl!”. Başında müsafir olduğu ölkənin demokratiya havası, qəlbində vətən sevdası aşıb-daşan bizimki bunun mümkünsüz olduğunu bildirir. Və anlayışla qarşılanacağına heç şübhə etmədən işlərini rahat-rahat bitirib rayona dönür.
O gündən “kaş ki, orda qalıb dilənçilik edəydim, dönməyəydim”, deyəcək günləri başlanır. Rayonda doğum evindən prokurorluğa qədər əli möhür tutan hər kəsi sərhəddi aşmış cahili “yoxlamağa” göndərirlər. Azad sahibkar onu sözün əsl mənasında yoxlayacaqlarını anlayıb sahibinin üstünə minnətə gedir. Təşkilatçılar – “Vaxtında nərdivanla gəlmədin, indi heç qaldırıcı kranla bizə çata bilməzsən” deyib, onunla kefləri istədiyi qədər maddi-mənəvi məzələnirlər. Ta o vaxta qədər ki, qarşılarında dəzgahdan çıxmış bir robot peyda olur. “Manqurt” sərt səslənir deyə, “robot” yazdım, amma hər ikisi dırnağın içərisində olduqdan sonra mənim qəhrəmanım üçün nə fərq edər ki?! Amma bu uşaq anadan manqurt-robot doğulmamışdı. Hər kəs kimi doğru-yanlış duyğuları, sınağa çəkilməmiş özünə görə bir qüruru vardı. İndi isə sadəcə bir nərdivanlıq yolu, eni-uzunu cəmi bir nərdivana sığan həyatı var.
Kim deyir ki, bu iqtidar zəifdir? Etməyin, allah xətrinə! Bunca orijinal psixoloji yırtıcılıq sivil dünyanın harasında, kimin ağlına gələ bilər? Öz xalqının zəif yerini belə gözəl anlayıb dəyərləndirən hakimiyyətdən narazı qalmaqda böyük günah işlədirik.
…Ölkə prezidentinin azad sahibkarlarla möhtəşəm görüşü zamanı həyəcandan tərləmiş əlinə verilən çıxışı oxuyan adamlardan birinin tarixçəsini öyrəndik. O çıxışda çiçəklənən demokratik Azərbaycanda azad sahibkarların hüdudsuz hüquqlarından, onlara verilən dövlət təminatından bəhs olunurdu. Analoqsuz siyasətdən, uğurlu inkişafdan, xalqın sürətlə yüksələn rifahından gözəl-gözəl cümlələr vardı. Eynən orta məktəb inşası kimi. İntəhası, qiyməti rusdilli müəllim verəcəkdi.
Daha bir sitat gətirməyə ehtiyac varmı? Ölkə belə “nikbin” nağıllarla doludur. Allah bərəkət verməsin…