Səsi həbsxanalardan gələn kreditlər

Azərbaycanda hətta güzəştli kreditlərin 75 fazindən çoxunu cəmi 1 faiz müştəri alır

Source:


Azərbaycanda hətta güzəştli kreditlərin 75 fazindən çoxunu cəmi 1 faiz müştəri alır

Qeyri-bərabər bölünən resurslar, həbs olunan borclular, kreditə həsrət xırda sahibkarlar… Azərbaycanda hətta güzəştli kreditlərin 75 fazindən çoxunu cəmi 1 faiz müştəri alır Azərbaycanda sahibkarların kredit borclarına görə kütləvi həbsindən hər kəs özü üçün müxtəlif nəticə çıxara bilər. Kimlərsə bu həbslərin siyasi, başqaları iqtisadi, fərqli biriləri isə bağlanan müəssisələrdən dolayı sosial nəticələri barədə düşünə bilər. Bu həbslərdə bir vacib məqam diqqətimi çəkdi: kreditlərin paylanması cəmiyyətimizdə resursların qeyri-bərabər bölgüsünü əks etdirən tutarlı bir dəlildir.

Müxtəlif dövrlərdə araşdırma fəaliyyətimlə əlaqədar Azərbaycanın regionlarında görüşdüyüm yüzlərlə insan görmüşəm ki, 15-20 min manat kredit almaq üçün ilan kimi qabıq qoyub, amma çabaları faydasız olub. Banklar fermerlərdən 20 min manatlıq kredit üçün Bakı şəhərində azı 45-50 min manatlıq sənədli mülk istəyirlər. Başqa şərtlərin (məsələn, illik 20-25 faizlə kredit təklifi) ağırlığı barədə heç danışmağa dəyməz. Mövzu resursların qeyri-bərabər bölgüsüdü: iş görmək, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini vermək istəyən minlərlə fermer kredit resurslarına çıxa bilmir, amma cəmi bir neçə adam milyardlarla manat kreditə asanlıqla sahib olur. Heyf ki, Azərbaycan Mərkəzi Bankı yetərincə şəffaf qurum deyil və bank sektoru üzrə müştəri konsentrasiyasına dair məlumatlar açıqlamır. Məsələn, götürdüyü kreditlərin həcminə görə borcluların sayı olduqca maraqlı göstəricidi. Bu məlumatlar bank sektorunda müştəri konsentrasiyasının təhlükəlilik səviyyəsini ictimai tədqiqat qurumlarının da monitorinq etməsi baxımından mühümdür.

Əslində hesabatlı Mərkəzi Bank bu tip məsələrlərdə ictimai nəzarət mexanizmlərini özü üçün yardımçı olaraq qəbul etməlidir. Əgər zamanında Azərbaycan Mərkəzi Bankı hesabatlı və vətəndaş cəmiyyətilə əməkdaşlığa açıq qurum olsaydı, səhmlərinin yarısından çoxu dövlətə məxsus kommersiya bankı 1 milyard manatdan artıq kredit yüküni bir ovuc sahibkarın çiyninə qoyarkən ictimai nəzarətdən çəkinib bütün riskləri hesablayardı. Yeri gəlmişkən, riskli kreditlərə görə Mərkəzi Bank da məsuliyyət daşıyır. Belə ki, “Banklar haqqında” Qanunun 34-cü maddəsinə əsasən Mərkəzi Bank bankların maliyyə sabitliyini təmin etmək üçün bir sıra prudensial normativlər və tələblər müəyyən etməli, onların icrasına nəzarət həyata keçirməlidir. Həmin tələblərə görə, bir borcalan (yaxud qarşılıqlı əlaqədə olan borcalanlar qrupu) üçün kredit risklərinin maksimum miqdarı və iri kredit risklərinin maksimum miqdarı müəyyən edilməlidir.

Mərkəzi Bankın özünün təsdiqlədiyi kreditlərin verilməsi qaydalarına görə isə kreditin məbləği bankın məcmu kapitalının 5 faizindən yuxarı olduqda kreditlər üçün təminat şərtləri daha sərt olmalı, xüsusi qiymətləndirmə aparılmalıdır. Mərkəzi Bankın vəzifəsidir ki, kommersiya banklarının iri kredit müqavilərindən dərhal sonra qanunveriiciliyin tələblərini qoruyub-qorumadığını, risklərin tam nəzərə alınıb-alınmadığını təftiş etsin. Əgər zamanında bu təftişlər olsa idi, indi onlarla insan həbsxanada deyildi. Nəzərə alaq ki, belə müqavilələrin sayı, barmaqla sayılır və onları nəzarətdə saxlamaq çətin ola bilməzdi. Kredit resurslarının necə qeyri-bərabər bölündüyünü görmək üçün bir neçə fakta diqqət yetirmək kifayətdir.

Qeyd etdiyim kimi, Mərkəzi Bank bütövlükdə bank sektoru üzrə müştəri konsentrasiyasına dair məlumat açıqlamır. Təəssüf ki, az sayda kommersiya bankları öz illik hesabatlarında müştəri konsentrasiyasını təqdim edir. Lakin 2 bankın Beynəlxalq Bank və “Kapital Bank”ın timsalında əldə edilən məlumat göstərir ki, bank sektoru üzrə müştəri konsentrasiyası kifayət qədər yüksəkdir. 2014-cü ildə bütün bank kreditlərinin 40 faizini (təxminən 6.9 milyard) bu 2 bank təqdim edib. Həmin kreditlərin təxminən 57 faizi (3.9 milyard manat) 42 müştəriyə verilib – orta hesabla bir müştəriyə 93 milyon manat. Cəmi 42 müştərinin aldığı kredit 2014-cü ilin yekunlarına görə bank sektoru üzrə cəmi kreditlərin 23 faizinə bərabər olub. Müqayisə üçün deyim ki, o dövrdə Mərkəzləşdirilmiş Kredit Reyestrində təxminən 2.3 milyon kredit müştərisi, 17.2 milyard manat həcmində kredit məbləği qeydə alınıb. Bu, o deməkdir ki, 1 kredit müştərisinə orta hesabla 7.4 min manat kredit məbləği düşür.

Müştəri konsentrasiyanın həddən artıq yüksək olmasını hətta hökumətin Sahubkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli şərtlərlə ayrılan kredit resurslarının bölgüsü də təsdiqləyir. Fondun ötən il üzrə açıqladığı hesabatdan aydın olur ki, 2014-cü ildə güzəştli kreditlərin təxminən 76 faizi (223 milyon manat) 63 müştəri arasında bölüşdürülüb. Bu müştərilər güzəştli kredit alanların cəmi 1 faizidi və orta hesabla onların hər birinə 3.5 milyon manat düşüb. Fondun kredit vəsaitlərinin 22 faizi (64 milyon manat) 5.5 minə yaxın borcgötürən arasında bölüşdürülüb – bütün müştərilərin 98 faizi. Sonuncular kiçik kreditlər hesab edilir və bir kiçik sahibkara təxminən 11.5 min manat düşüb.

Əslində kredit portfelində hazırkı yüksək təmərküzləşmə səviyyəsi təkcə resursların qeyri-bərabər bölgüsünü deyil, həmçinin iqtisadiyyatda mövcud olan inhisarlaşmanın da real səviyyəsini əks etdirir. Xüsusilə də ölkədə inhisarçılığa rəvac verən iri holdinqlərə bağlı banklar kiçik-orta sahibkarlıq subyektlərini deyil, iri və inhisarçılığa meylli kapitalı maliyyələşdirməyə həvəslidi. Belə siyasətin səsi isə indi həbsxanadan gəlir… Hər halda kommersiya bankları maraqlı olmaya bilər, amma Mərkəzi Bank bank sektorunda şəffaflığın, resursların ədalətli bölgüsünün təmin edilməsində özünün tənzimləyici funksiyalarından gec də olsa istifadə etməlidi. Ziyanın harasından qayıtsan, fayda var.

Ana səhifəXəbərlərSəsi həbsxanalardan gələn kreditlər