Namiq Eyyubov

Mənbə: Foto: Meydan TV

Başlıq: Namiq Eyyubov

Sərxoş polisin videosunu yayan şəxsin həbs olunduğu deyilir

“Qusar polisi gəlib Xaçmazdan adamı aldadıb aparır”

Xaçmaz rayonunun Düztahir kəndində sərxoş vəziyyətdə videosu yayılan polis serjantı Namiq Eyyubov işdən çıxarılsa da, bu barədə məlumat yayan Vüsal Başaratov da 9 sutka inzibati cəza alıb.

Məlumatı Meydan TV-yə Vüsal Başaratovun atası Hatəm Başaratov verib.

H.Başaratov bildirib ki, oğlunu Qusar Polis İdarəsinin əməkdaşları aparıb:

“Biz Xaçmaz rayonunun Qoçaqqazma kəndində yaşayırıq. Əslində polisin içkili vəziyyətdə olan videosu Düztahir kəndində çəkilib, amma Vüsala göndərilib. O da yayıb. Aprelin 7-də Qusar rayonunun polisləri evimizə gəldilər. Bizə dedilər ki, Qusar Rayon Polis İdarəsinin rəisi oğlum Vüsalı söhbətə çağırır. Səbəbini soruşduqda, dedilər, narahat olma, 1 saata qayıdacaq. Amma dünəndən xəbər yoxdur. Axşam zəng edəndə telefonu bağlı idi, bu gün, aprelin 8-də 102 xidmətinə məlumat verdim, mənə dedilər ki, polisə müqavimət göstərdiyi üçün 9 sutka cəza alıb. Necə müqavinət göstərib ki, polis evimizdə çay içib və sonra oğlum onların maşınında Qusara gedib? Guya oğlum posta dayanan polislərə söyüb. Bu, necə ola bilər? Hələ mənim oğlum polislərdən orderlərinin olduğunu soruşduqda, cavab verdilər ki, rəis xahiş edir, 1 saata özümüz qaytarıb evə qoyacağıq. Təsəvvür edin ki, Qusar polisi gəlib Xaçmazdan adamı aldadıb aparır. Bunun adı adam oğurluğudur”.

H.Başaratov Respublika Prokurorluğu ilə də əlaqə saxladığını bildirib:

“Cavab verdilər ki, oğlun qanunu pozub, Qusara gedin. Karonavirusa görə yollar bağlıdır, necə gedim? Bunu deyənin heç olmasa karantindən xəbəri varmı? Qusardakı jurnalistlər polisə gediblər, amma belə adda adamın olmadığını söyləyiblər. Necə ola bilər ki, 102 xidməti oğluma 9 sutka verildiyi haqqında mənə məlumat verir, amma idarədən belə bir adamın olmadığını söyləyirlər?”

Qusar Rayon Polis İdarəsinin növbətçi hissəsindən Meydan TV-yə bu barədə danışa bilməyəcəklərini bildiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə məsələ araşdırıldıqdan sonra reaksiya verəcəyini söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9x8svx

Ən çox baxılan