Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına əlavə veriləcək
Sertifikatlaşdırma prosesinin müsahibələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Təhsil İnstitutunun məlumatında bildirilir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
2024-cü il sentyabrın 9-dan etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Xatırladılıb ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək.
Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edəndən 21784 (99,5%) nəfəri uğur qazanıb.
2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər.
Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər.
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.
Test imtahanlarında 23 448 müəllim iştirak edib.
İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 27-də “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirində çıxışı zamanı deyib ki, araşdırma nəticələrinə görə, təxminən 400 nəfər 1977- 1991- ilə kimi olan dövrdə işə qəbul olunanlardır.
“Bu, onu göstərir ki, saxta diplom tolerantlığının səviyyəsi yüksəkdir. Belə olmamalıdır”, – nazir deyib.
İyunun 28-də isə bir qrup müəllim Elm və Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirərək, sertifikatlaşdırma prosesindən narazılıq ediblər.