“Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdəki işsizlər də yardım almalıdır”

“Göründüyü kimi, hökümət yenə də “donuzdan 1 tük çəkmək də qənimətdir” prinsipi ilə yanaşır və yarımçıq qərarlar verməklə məşğuldur”.

Source: Meydan TV


İqtisadçı: “Bəzi şəxslər ətraf rayonlarda yaşasalar da, Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər”

İyunun 23-də Nazirlər Kabineti yenidən bəzi şəhər və rayonlar üzrə işsiz insanlara 190 manat birdəfəlik ödəmə verilməsi barədə qərar

verib

.

Ödəmə iyun ayı üçün nəzərdə tutulub. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarının işsiz vətəndaşlarına ödənəcək.

Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir ki, adıçəkilən ərazilər üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslər yenidən yoxlanacaq. Həmin təkrar yoxlamadan sonra onlara 190 manat ödənəcək. Vəsait əvvəlki kimi həmin şəxslərin bank kartlarına köçürüləcək.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, qərar verilib. Ancaq nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da, Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir:

“Əslində bu yardım işini itirənlərə nəzərdə tutulubsa, onun karantin rejimi ilə əlaqəsi olmalı deyil. Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdə olan işsizlər də bu yardımı almağa haqq edirlər. Belə yanaşma sahibkarların fəaliyyət yerləri üzrə tətbiq oluna bilər, işsizlərə yox, çünki, işsiz onsuz da harda yaşamasından asılı olmayaraq çalışmır. Absurd yanaşmadır! Pandemiya bütün ölkəni əhatə edir, işsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır”.

İqtisadçı əlavə edir ki, digər tərəfdən də karantin rejimi avqustun 1-də başa çatır. Belə olan halda iyul ayı üzrə də ödənişlər həyata keçirilməlidir:

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

“Nəhayət, bu ödənişlər əvvəlki qaydada sahibkarlara və muzdlu işçilərə də şamil olunmalıdır. Göründüyü kimi, hökümət yenə də "donuzdan 1 tük çəkmək də qənimətdir" prinsipi ilə yanaşır və yarımçıq qərarlar verməklə məşğuldur”.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda sərt karantin rejimi tətbiq edilib. İlkin olaraq məhdudiyyətlər martın 28-də qəbul edilib. Bir sıra həyati vacib sahələr istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilib, vətəndaşların aptek, mağazaya getmək üçün yaşadıqları evi tərk edə bilməsindən ötrü SMS icazə sistemi tətbiq edilib. Bununla əlaqədar olaraq hökumət işsiz kimi qeydiyyatda olan şəxslərə mart və aprel ayı üçün iki dəfə 190 manat yardım edilməsi barədə qərar qəbul edib.

Aprelin 27-də isə karantin rejimi qismən yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 may tarixində isə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verib. Həmin gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunub.

Bakıda, bir sıra şəhər və rayonlarda koronavirusa yoluxma faktlarının artması səbəbindən Nazirlər Kabineti 21 iyun-5 iyul tarixlərində sərt karantin rejiminin, SMS icazə sisteminin bərpası barədə qərar verib. Qərar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonuna aid edilib.

Ana səhifəSosial“Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdəki işsizlər də yardım almalıdır”