Sərt karantin günlərində ağır xəstəliyi olan insanlar nə etdi?

Bunu görən hökumət rəsmiləri həftə sonlarını ciddi karantin rejimi tətbiq etməyi qərara alıb.

Source: Foto: Azərtac


Operativ Qərərgah deyir, “102”-yə zəng et”, “102” deyir, “bizlik deyil”

Azərbaycanda iyunun 5-dən 8-dək ciddi karantin rejimi tətbiq edilib. Marketlər, apteklər işləmir, ictimai nəqliyyat, taksi xidməti fəaliyyət göstərmir. Şəxsi maşınla evi tərk etmək qadağandır. Nazirlər Kabineti yanında Operativ Qərərgahın məlumatında bildirilir ki, yalnız kritik durumlarda “102” polis xidmətinə zəng etməklə yaşayış yerini tərk etmək olar.


Bəs bu günlər xroniki, ağır xəstəliyi olan, daimi xəstəxanaya gedib gəlməli olan insanlar düşünüldümü?

Sosial şəbəkələrdəki paylaşımlardan belə məlum olur ki, karantin günləri xüsusən də, böyrək çatışmazlığından əziyyət çəkən insanlar üçün ağır keçib. Onlar dializə gedə bilmək üçün vasitə tapmayıblar. Şəxsi avtomobili olmayanlara icazə kağızı da kömək etməyib. Onlar icazə kağızı əlində, xəstəxanaya getmək üçün nəqliyyat vasitəsi tapa bilməyiblər.


Karantin günü ağır xəstəliyi olan insanlar üçün necə keçib?

Müstəqil jurnalist Gülər Mehdizadənin yaxın qohumu da hemodializ xəstəsidir. Deyir, özü də xəstəliyin ağır formasıdır, tez-tez bədəninə su yığılır. Vaxtında dializ almayanda boğulmağa başlayır, təzyiqi qalxır, yəni həmin an ölə də bilər:

“Nə isə həftədə 4, ən azı 3 dəfə dializ almalıdır. Özü də kasıb biridir, varlı deyil. İmkanlı əhatəsi, dostları yoxdur. İllərlə fəhlə işləyib. Elə küçələrdə, suyun içində qaz boruları çəkməkdən böyrəkləri iflas edib. Böyrək köçürülməsi əməliyyatı onun üçün xəyaldır. Ömrünün sonunacan bu xəstəliklə yaşamağa məcburdur”.


“Şəxsi maşının varsa, min, get, əks halda, geri dön”

Jurnalist deyir ki, xəstə dünən dizalizə getmək üçün evdən çıxanda polis onu saxlayıb. Deyib, “şəxsi maşının varsa, min, get, əks halda, geri dön”:

“Qonşulardan maşını olan kimə deyibsə, heç kim aparmayıb, hamı qorxub. Bizim insanların yüksək faizində bu keyfiyyətlərin olmadığını hamımız yaxşı bilirik. Cərimə edilməsin, polisə düşməsin deyə, qarşısındakını ölümə tərk edə bilərlər. Bir sözlə, həmin yaşadığı şəhərcikdə bir ürəkli insan tapılmayıb. Günortaya doğru vəziyyəti daha da pisləşib, rəngi saralıb, zəng etdim, boğulmaqdan 2 kəlimə danışa bilmədi, o boyda kişi az qalırdı ağlasın. Övladları var. Kiçiyinin 1 yaşı yeni tamam olub”.


Operativ Qərərgah deyir, ““102”-yə zəng et”, “102” deyir, “bizlik deyil”

Operativ Qərargahın karantinlə bağlı məlumatında deyilirdi ki, çətin durumda evdən çıxmalı olan vətəndaşlar “102” polis xidmətinə zəng etməlidirlər. Odur ki, Gülər Mehdizadə də ilk olaraq “102”-yə zəng edib. 30 dəqiqə sonra danışa bilib. Ancaq problemi həll etməyiblər:

15915367113017919069_1000x669.jpg
Bakı

“Xəttə 49-cu adam idim. Mənə növbə azı 30 dəqiqəyə gəldi. Dedim ki, bəs çətin durumdayıq. Xəstəmizi aparmaq istəyirik, vasitə yoxdur. Biz də onlara yaxın qalmırıq. Evdən çıxıb gedə bilərikmi? Xəstənin təcili dializ alması lazımdır. Operator bildirdi ki, onlar icazə verə bilməzlər. Çıxsaq, cərimələnib, geri qaytarılacağıq. Cərimələnməyə razı idik, geri qaytarılandan sonra nə mənası olacaqdı? Nə isə bundan əlimi üzdüm. Zəng etdim “103”-ə (təcili tibbi yardım). 45 dəqiqə içində mən “103”-lə danışa bilmədim. Növbəti addım kimi jurnalist həmkarlarımdan Respublika Təcili Yardım Stansiyasının baş həkiminin nömrəsini aldım. Dedi ki, dializ xəstələri ilə bağlı məsələyə onlar baxmırlar. Bəs xəstənin dializ olunduğu xəstəxanadan onlara təlimat verilməli imiş”.


Xəstəyə nə təlimat verilib?

Jurnalist əlavə edir ki, xəstəyə deyildiyi kimi də təlimat verilməyib. Dializ aldığı xəstəxanada bildiriblər ki, “karantin olacaq, birtəhər gələrsiniz. “189” taksi xidməti də işləyəcək. İstifadə edə bilərsiniz”. Ancaq dünən taksilər də işləməyib:

“Bildiyimiz bütün xidmətləri aradım. Heç biri işləmirdi. Hamısı ayın 8-dək qapanıb. Növbəti Daxili İşlər Nazirliyinin (DİN) “qaynar xətt”inə zəng etdim. 10-15 dəfə etdim və cavab verən olmadı. Bir tərəfdən də dayanmadan “103”-ə yığırdım. Axırda cavab verdilər. Dedilər ki, işə “102” baxır. Onlar ambulans göndərə bilməzlər. Çünki gərgin işləyirlər və boş ambulans tapmaq çətindir. Mən sadə vətəndaş kimi bu problemi həll etməkdən aciz qaldım. Üzülərək deyirəm. Başladım işi jurnalist kimi həll etməyə çalışmağa. İlk Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevaya zəng etdim. Bir neçə dəfə etdim, ancaq telefonu açmadı. Gərək düzünü deyəsən, ilk dəfə idi ki, bu xanım telefona cavab vermirdi. Həmişə açıqlama verir. Düşündüm ki, həftə sonu olduğundan çalışmırmış. Səhiyyə Nazirliyi ilə əlaqə yaratmaq da mümkün olmadı”.


“4 saatlıq zəngdən sonra xəstəni dializə apara bildik”

Jurnalist sonda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidova zəng edib. Vəziyyəti izah edib:

“Dedim ki, Operativ Qərəgahın məlumatında təcili durumlarda “102”-yə zəng etməmiz istənir. Ancaq onların bizə cavabı budur ki, gedin, ancaq yolda saxlasalar, cərimələyəcək, üstəlik, geri qaytaracaqlar. Ehsan Zahidov xəstənin ünvanını və gedəcəyi yeri soruşdu. Öyrənib dedim. Üstündən 15 dəqiqə keçən kimi telefonuma zəng gəldi. Zəng edən özünü Elçin kimi təqdim etdi və Abşeron rayon Polis İdarəsinin rəis müavini olduğunu söylədi. Dedi ki, evdən çıxın və gedib xəstəni götürün. Şəxsi nömrəsini verdi. Dedi, “yolda kim saxlasa, zəng edin. Ekologiya postuna qədər mən cavabdehəm”. Amma ondan sonrasının necə olacağını demədi. Düşündük ki, əsas Abşeron ərazisidir. Ondan sonra xəstə maşında olacaq və onun icazəsi ilə postlardan keçmək mümkün olacaq. 4 saatlıq zəngdən və əlləş-vuruşdan sonra biz ağırlaşmış, həyəcanlanmış, stress keçirmiş xəstəmizi (özümüz ondan betər stress yaşamışdıq) dializə apara bildik”.

Hemodializ xəstələrinin xəstəxanaya getməməsi ilə bağlı xeyli adam sosial şəbəkələrdə məlumat paylaşıb. Jurnalist Günay Kərimovanın anası da eyni problemlə üzləşib. Sonunda onu polis maşını ilə xəstəxanaya çatdırıblar.


“DİN-in mətbuat xidməti ilə əlaqəsi olmayan nə etməlidir?”

Gülər Mehdizadə isə əlavə edir ki, bəs DİN-in mətbuat xidməti ilə əlaqəsi olmayan sadə vətəndaşlar belə durumda nə etməlidir:

ehsan-zahidov.jpg
Ehsan Zahidov

“O insanlar problemlərini necə həll edə biliblər? Hamının DİN-in mətbuat xidməti Ehsan Zahidova zəng etmək şansı, imkanı yoxdur. Yaxud onu da deyim ki, bu işi həll etmək də mətbuat xidmətinin işi deyil. Gərək düzünü deyəsən, kömək ediblər, ancaq bunu etmək onların vəzifəsi deyildi. Mətbuat xidməti ictimaiyyəti məlumatlandırmaq üçündür. Xəstələri evindən xəstəxanalara daşımaq kimi bir vəzifələri yoxdur. Yaxşı, bu dövlətin başındakılar karantin elan edirlər, insanların sağlığını düşünürlər. Bir tərəfdən də başqalarının sağlığını niyə təhlükə altına atırlar? Niyə ağır xəstə olan insanları düşünmürlər? Bu insanlar bircə gün dializ ala bilməsələr, ölə bilərlər. Hələ bunun qan xəstəliklərindən əziyyət çəkən insanları var. Talasemiya xəstəsi olan uşaqlar var. Bunu danışmaqda səbəbim fərqindəlik yaratmaqdır. Səhvi göstərmək, problemə güzgü tutmaqdır. Xahiş edirəm, gələn dəfələrdə bunu nəzərə alın. Çox yox, azcana duyarlı olun. Çox istərdim ki, dünən bu problemlər üzündən kimsə həyatını itirməmiş olsun”.


Türkiyə təcrübəsi

Həftəsonu karantin rejiminin tətbiq edilməsi Türkiyənin təcrübəsidir. Türkiyədə yaşayan yazar Könül Şamilqızı “Facebook” səhifəsində yazıb ki, orada da neçə həftə arxa-arxaya küçəyə çıxma qadağası qoyulmuşdu. Hətta bəzi həftələrdə 3, bəzilərində 4 gün. İlk həftə qadağanı qoyanlar da, qadağaya uymalı olanlar da büdrədilər, nə edəcəklərini bilmədilər, tozanaq qopdu:

“Amma sonrakı həftələrdə hər kəs alışdı, normala döndü. Qadağanın olduğu həftələrdə (elə ilk həftədə də) polislə vətəndaş qaçdı-tutdu oynamadı, polis əlinə keçəni kötəkləmədi, apteklər bağlanmadı, bəlli saatlara qədər market izni verildi, bizim şəhərdən 30 km uzaq olan kəndimizə belə çörək, su, qaz gətirildi, satıldı, jandarma ehtiyacı olanlara kömək elədi, ehtiyaclarını ödədi, sözə baxmayana isə cəzasını yazdı, keçdi. Məsələn, mən küçədəydim bu qadağaların birində, jandarma saxladı, “hanım efendi, sokağa çıkma yasağı var” dedi. “Yaşlılara tatlı bırakıp dönecem” dedim, “tamam abla” dedi, getdi”.


Polisin insanlarla davranışı

Dünən sosial şəbəkələrdə Azərbaycanda karantin rejimini pozanların, yaşadıqları binaların həyətinə düşənlərin polis tərəfindən xəbərdarlıq edilməsi ilə bağlı da video-görüntülər yayılıb. Həmin görüntülərdə polis vətəndaşları döyür, onlara güc tətbiq edir.

Azərbaycanda ciddi karantin rejimi ləğv edildikdən sonra koronavirusa gündəlik yoluxma halı 200-300 nəfəri ötüb. Bunu görən hökumət rəsmiləri həftə sonlarını ciddi karantin rejimi tətbiq etməyi qərara alıb.

Ana səhifəSosialSərt karantin günlərində ağır xəstəliyi olan insanlar nə etdi?