Şərq Tərəfdaşlığı və ya tənhalığın 10 ili

Bu ölkələr arasında Azərbaycan insan hüquqlarının pozulması faktlarının, siyasi məhbusların sayına görə liderlik edir

Source: Azərtac

10 il əvvəl Azərbaycan digər beş keçmiş SSRİ respublikası ilə birlikdə Avropa İttifaqının çox şey vəd edən "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. Bu proqram Aralıq Dənizi regionunun ərəb ölkələrinin və İsrailin də daxil olduğu Avropa Yaxşı Qonşuluq proqramından irəli gələn əməkdaşlığın daha yüksək səviyyədə davamı oldu.

Altı postsovet ölkəsinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) Yaxşı Qonşuluq proqramından ayrılması və vahid tərəfdaşlıq platformasında cəmləşdirilməsi təsadüfi deyildi və bu, hər iki geosiyasi layihənin adından da görünür – Yaxşı qonşular və Tərəfdaşlar. Yəni postsovet ölkələri sadəcə qonşu deyil, tərəfdaşdır. Vaxtilə Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Frank-Valter Ştaynmayer bu fərqi dəqiq şəkildə tərif edib: Bizdən cənubda Avropanın qonşuları, şərqdə isə avropalı qonşularımız var. Bu tərif təsadüfi deyildi, belə ki, altı tərəfdaşlıq iştirakçısı iki yüz illik avropalaşma məktəbindən keçib və nə qədər qəribə də olsa, bu, I Pyotrun Qərbə açdığı pəncərə nəticəsində özü də məşəqqətli şəkildə avropalaşan Rusiyanın ekspansiyası nəticəsində baş verib.

Avropa siyasəti, iqtisadiyyatı, mədəniyyəti, fəlsəfəsi, təhsili Rusiyada, daha sonra həm də Sovet imperiyalarında üstünlük təşkil etdi. Onlar kommunist avtoritarizm şəraitində müəyyən dərəcədə deformasiyaya uğradı, amma öz mahiyyətini itirmədi, belə ki, kommunizm də tərəfdaşlıq doktrinası kimi Qərbi Avropa fəlsəfə məktəbi tərəfindən tətbiq edilmişdi.

Şərq Tərəfdaşlığının yeganə müsəlman ölkəsi olan, ən çox şərqi-despotik dünyagörüşünün təsirinə məruz qalan Azərbaycanın proqram iştirakçıları arasında olması təsadüfi deyil. 19-cu əsrin ikinci yarısında ölkə Rusiyanın humanitar ekspansiyasının və Qərb kapitalı üçün birbaşa yol açan və birbaşa Avropa inteqrasiyası üçün zəmin yaradan neft bumunun təsiri altında Avropa dünyagörüşünün və mədəniyyətinin inkişafını yaşadı. Belə deyək, Azərbaycanlı tələbələr Qərb mentallığına təkcə Rusiya ali məktəbləri vasitəsilə deyil, birbaşa – Qərbi Avropa ali məktəblərində təhsil alaraq qoşulmuşdular. Bakının inqilaböncəsi memarlığında Qərbin güclü təsirini əyani şəkildə izləmək olar. Demək olar ki, bütün azərbaycanlılar onunla fəxr edir və yeni elita müasir inşaatda onu təqlid etməyə çalışır. Və nəhayət, həmin dövrdə avropalaşma 1918-1920-ci illərdə Avropa xalqlar ailəsində öz yerini dəqiq şəkildə müəyyən edən Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətində özünü aydın şəkildə göstərib. SSRİ-nin dağıldığı dövrdə milli-demokratik hərəkat da bu dalğada başlayıb və postsovet dövründə davamını tapıb.

Hər şey bir-biri ilə necə də əlaqəlidir. 19-cu əsrdə olduğu kimi, cəmiyyəti növbəti neft bumu ilə möhkəmlənən Avropa renessansı yaşayır. Yenə Avropa universitetlərinə, bu dəfə daha geniş vüsətli tələbə axını, Bakıda Qərbin neft şirkətləri, ölkənin, regionun mühüm enerji və nəqliyyat yollarının Avropa məkanına inteqrasiyası. Avropa ilə miqyasına görə şimal və cənub qonşuları ilə əməkdaşlıqdan xeyli üstün olan əməkdaşlığın geniş istiqamətləri Azərbaycanın inkişaf istiqamətini xeyli dəyişdirib.

Amma ölkə Avropa təmayülündə ziddiyyətlər – ümumbəşəri dəyərlərə qayıdış və ölkəni şərqi-despotik idarə etmə təfəkkürü arasında gedib-gəlir. Bu böyük ziddiyyəti Azərbaycana səfər edən, hələ də bir müddət burada yaşayan heç bir əcnəbi gözdən qaçıra bilməz.

Şərq Tərəfdaşlığı ölkələri arasında Azərbaycan insan hüquqlarının pozulması faktlarının, siyasi məhbusların sayına, sözün əsl mənasında ədalətli mühakimə sisteminin, azad mətbuatın, toplaşmaq azadlığının, biznes azadlığının olmamasına, korrupsiyanın səviyyəsinə və bir çox digər neqativə görə liderlik edir, bu göstəricilərə görə ölkə beynəlxalq hesabatlarda və reytinqlərdə mənfi lider mövqeləri tutur.

Azərbaycan Belarusla bərabər tərəfdaşlıq ölkələri arasında ÜTT üzvü olmayan yeganə ölkələdir və bununla da inkişafın mühüm şərtləri olan azad iqtisadi fəaliyyət, ticarət üçün ciddi maneə yaranır

Azərbaycan ona görə tənhadır ki, nadir xammal və insan resursları olduğu halda ölkə hökuməti ölkəni böhrana sürükləməyə və tərəfdaşlıq tərəfdaşlarından ardıcıl şəkildə geri qalmağa müvəffəq olub.

Şərq Tərəfdaşlığı-nın başlamasından 10 il sonra bu proqram hələ də Azərbaycan üçün şərq ekspressinə çevrilə bilməyib. Hökumət formal olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərində yurisdiksiyasının tanınması bəhanəsi ilə, amma reallıqda hakim dairələrdə çoxluğun deyil, azlığın maraqlarını təmin edən avtoritar sistemin aradan qaldırılması üçün Troya atı kimi görünən demokratiyanın qarşısının alınması səbəbindən avrointeqrasiya prosesini ləngitməyə davam edir.

Amma qeyd etmək lazımdır ki, Azərbaycan Şərq Tərəfdaşlığında tənhalığın 10 illiyini təkcə hökumətin Aİ ilə yeni hərtərəfli saziş imzalamqdan imtinası ilə deyil, həm də Qərbə ümidlə yönəlmiş yeni oyanan cəmiyyətlə qarşılayıb. Bu cəhd, hökumət istəməsə belə, Aİ-Azərbayan münasibətlər gündəliyində təyinedici olacaq.

Ana səhifəXəbərlərŞərq Tərəfdaşlığı və ya tənhalığın 10 ili