Anar Məmmədli: “Azərbaycan bu prosesdə digərlərindən geri qalır”
Belçikanın paytaxtı Brüsseldə noyabrın 24-də Avropa İttifaqının beşinci “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək.
Ekspertlərin fikrincə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Belarus digər dörd ölkədən geri qalır. Belə ki, Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı ilə assotiativ saziş bağlayıb. Ukrayna və Gürcüstan vətəndaşları üçün şengen zonasına vizasız gediş gəliş hüququ əldə ediblər. Ermənistan Avropa İttifaqı ilə yeni müqavilə üzrə danışıqları bitirib və sammit çərçivəsində həmin sənədin imzalanması gözlənilir.
Azərbaycan isə Avropa İttifaqı ilə 1996-cı ildə imzaladığı saziş əsasında əməkdaşlıq edir və yeni müqavilə üzrə danışıqlar 2017-ci ildə başlayıb.
Sammitin iki ildən bir keçirildiyini report.az-a deyən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas əsas sənədin birgə Bəyannamə olacağının gözlənildiyini
deyib
:
“Güman ki, Bəyannamənin, “2020-ci il üçün 20 əsas vəzifə” mövzusunda, eləcə də çoxtərəfli çərçivənin yaradılması ilə bağlı iki əlavəsi olacaq. Azərbaycan və Aİ arasında vahid aviasiya məkanına dair razılaşmanın yekunlaşması üzərində işləyirik. İndi digər vasitələrdən, müasir kommunikasiya texnologiyalarından istifadə edirik ki, çox güman, sammitdə qəbul olunacaq razılaşmanı tam bitirək, mətnini hazırlayaq”.
O, təəssüflənib ki, münaqişələr “Şərq Tərəfdaşlığı” ölkələrinin əksəriyyəti üçün həll edilməmiş problem olaraq qalır. Bu, şübhəsiz ki, vacib məsələdir:
“Buna görə də hesab edirəm ki, Bəyannamənin mətni üzərində iş hələ tam başa çatmasa da, bu cür əhəmiyyət daşıyan məsələ Bəyannaməyə daxil edilə bilər. Aİ bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini ardıcıl dəstəkləməyə sadiqdir.Yanaşmamız belədir ki, bütün münaqişələrə beynəlxalq hüquq, prinsiplər və normalar əsasında yanaşmaq lazımdır. Biz bu münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıyıq”.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə hesab edir ki, çalışsalar, gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları
bitirmək olar.
O bildirib ki, saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq:
“Görüş siyasi və təhlükəsizlik məsələləri bloku üzrə olacaq. Ardınca video konfrans ola bilər. İnanmıram ki, ilin sonunadək sazişi razılaşdırmaq olar, bu, real görünmür. Orada bir neçə ciddi məsələ var. Ticarət, investisiya, sektoral, siyasi və təhlükəsizlik kimi ciddi bloklar müzakirə olunur”.
Diplomat Azərbaycan tərəfinin sazişin adı ilə bağlı məsələni hələ qaldırmadığını qeyd edib:
“Hər iki tərəf adla bağlı öz versiyasını irəli sürüb. İstəyirik ki, bu, vacib, hərtərəfli və dərin saziş olsun. Adının müəyyənləşməsi ilə bağlı sonuncu mərhələdə danışmaq olar”.
Deputat Rasim Musabəyov Meydan TV-yə deyib ki, Azərbaycan Assotiativ sazişdən imtina edib. Amma ikitərəfli sənəd hazır deyil, hələ iş gedir. Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edir.
Rasim Musabəyov inqilabi dəyişik gözləmədiyini bildirib.
“Ermənistanın ənənəvi olaraq istədikləri bəndi sənədə salmaq istəyirlər, Azərbaycan da bunun qarşısını alır. Düşünürəm ki, kompromis olaraq Avropa Birliyi tərəfindən heç bir dövlətin adı çəkilmədən ümumi şəkildə ərazi bütövlüyünə hörmət olaraq konfliktlərin həlli nəzərdə tutulan bənd salınacaq. Ancaq məsələ ondadır ki, orda Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü ilə bağlı bənd olur, amma Azərbaycana isə ümumi şəkildə yanaşılıb özünütəyinat məsələsi göstərilsin. Azərbaycan etiraz edəcəyi təqdirdə, Ermənistan imzalaya bilməz, yalnız ikitətərəfli sənəd imzalamağa məcbur olacaqlar. Ümumi sənəddə konflikti tanımaları olmalıdır, bəlkə ortaq razılıq ola bilər. Sadəcə, Dağlıq Qarabağ münaqişəsi digərlərindən ayrılmamalıdır və Bakı bunu təkid etməklə düzgün addım atır”.
Deputat hesab etmir ki, Ermənistan sənədi imzalasa, Azərbaycan isə imzalamasa, bu, ikincinin ziyanına ola bilər:
“Ermənistan dilənçi bir dövlətdir, Avropa İttifaqından tula payı almaq üçün sənədi imzalayır. Azərbaycanın isə buna böyük ehtiyacı yoxdur”.
O, sənəddə insan haqları və azadlıqlarının ümumi şəkildə qeyd olunacağını deyib:
“Onsuz da son məqamda bütün dövlətlər öz qanunvericilikləri çərçivəsində məsələləri həll edir”.
Sammitdən əvvəl, Amnesty İnternational, Human Rights Watch, Freedom House, Index on Censorship, Sərhədsiz Reportyorlar və başqaları Avropa Birliyi ölkələrinin liderlərinə məktub
göndəriblər.
Təşkilatlar birlik ölkələri liderlərindən Brüsselə səfərə gələn Azərbaycan prezidenti İlham Əliyevdən tənqidçiləri əzməyə son qoymağı və konkret, davamlı insan haqları islahatları ilə bağlı təzyiq göstərmələrini istəyirlər.
İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (İPHR) təşkilatının direktoru Brigitte Dufour deyib ki, Şərq Tərəfdaşlığı ölkələrinin canlı vətəndaş cəmiyyəti və azad mediası olmalıdır, bu, Avropa Birliyinin bəyannatında qeyd olunub. Amma İlham Əliyev Azərbaycanı bu testdən keçmir.Avropa liderləri aydın bildirməlidirlər ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətini əzməyi, tənqidi səsləri susdurmağı dayandırmayınca, Bakı ilə daha sıx əlaqələr olmayacaq”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli Meydan TV-yə bildirib ki, rəsmi Bakı bu cür zirvə toplantılarına kompleks yanaşmalıdır. Təkcə “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələsi kontekstində deyil, birlik ölkələrinin regiona münasibəti, onların maraqları çərçivəsində baxmalıdır:
“Təbii ki, 24 noyabr toplantısı Azərbaycanla bağlı insan hüquqları, idarəçilik, iqtisadiyyat, enerji təhlükəsizliyi, biznes, o cümlədən, Dağlıq Qarabağ konfliktinin gündəmə gəlməsi baxımından faydalı ola bilər”.
Anar Məmmədli xatırladır ki, Azərbaycan hakimiyyəti Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”proqramını elan etdiyi ildən, təxminən 2010-2011-ci ildən daha çox etinasız yanaşmağa başlayıb:
“Proseslər onu göstərdi ki, Azərbaycanın “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ciddi nailiyyətlər əldə edə bilməməsi daha çox hakimiyyətin üzərinə bir sıra öhdəliklər götürmək istəməməsi ilə əlaqədardır”.
O qeyd edib ki, konkret olaraq, hakimiyyət imkanlardan faydalanmaq istəsə də, öhdəliklər məsələsində dayanır, xüsusilə də Ümumdünya Ticarət Təşkilatına üzv olmaq, insan hüquq və azadlıqlar, qanunun aliliyi ilə bağlı islahatlar aparmaq öhdəliklərini üzərinə götürmək istəmir.
“Bax, bu kontekstdə rəsmilərin nə deməsindən asılı olmayaraq hakimiyyət prosesə yetərincə maraqlı və təşəbbüskar yanaşmır. Amma biz şahidi olduq ki, altı Şərq Tərəfdaşlığı ölkəsindən – Ukrayna, Gürcüstan və Moldova maksimum prosesdən faydalanmağa çalışırlar. Artıq hər üç ölkə ilə Assoiativ Saziş imzalanıb, viza sisteminin yumşaldılmaıs ilə bağlı ciddi nailiyyətlər əldə edilib. Yəni bu ölkələrin durumu Azərbaycan, Ermənistan və Belarusdan xeyli fərqlənir”.
Anar Məmmədli Mahmud Məmmədquliyevin fikirlərini belə şərh edib:
“Saziş üzrə müzakirələr fevralda start götürdü. Bu müddətdə layihəni ərsəyə gətirmək və sonra imzalamaq fiziki baxımdan mümkün deyil. Amma ortada siyasi amillər də var. Bu, hakimiyyətin üzərinə insan haqları və demokartik idarəçiliklə bağlı maksimum öhdəliklər götürmək istəməməsidr. Prosesi yubadan da bu amildir. Hökumət rəsmilərinin ehtiyatlı danışmasının arxasında da Avropa İttifaqına inteqrasiya, proqramda fəal iştirakının siyasi iradənin olmadığını göstərir”.
Mərkəz rəhbəri düşünür ki, Ermənistanın sazişi imzalaması bu dövləti Azərbaycanla müqayisədə üstün və ya müsbət mövqeyə gətirə bilər:
“Ən azından Ermənistan öz imicini qorumaq üçün Avropa siyasi səhnəsində adının Azərbaycan və Belarusla çəkilməsini istəmir. Son illər ciddi şəkildə Ermənistanın insan hüquqları sahəsində imicini qorumağa çalışdığı sezilir. Doğrusu, bu ölkə ilə bağlı hesabatlardan görünür ki, nə müxalifət, nə vətəndaş cəmiyyəti, nə də medianın durumu Azərbaycan və Belarusdakı qədər dramatik və acınacaqlı deyil. Ermənistanda bunu dərk edənlər istəyir ki, adları sərt avtoritar idarəçiliyin hökm sürdüyü, Avropa Şurası ilə problemləri olan ölkələrlə bir yerdə çəkilməsin. Bu baxımdan 24 noyabr sammiti Ermənistan üçün əlverişli imkandır və siyasi rəhbərlik yerli, beynəlxalq ictimaiyyətlə birgə il yarım öncə müzakirələrə başlayıb yeni saziş layihəsi hazırladılar. Həmin saziş də sammitdə imzalanacaq”.
Ermənistanın sazişi imzalaması Azərbaycan üçün hansı yeniliklər gətirə bilər sualına gəlincə, Anar Məmmədli hesab edir ki, rəsmi Bakı və ictimaiyyət bu dövlətin işğalçı olduğu kampaniyasını apardığı zaman adının Belarusla birgə çəkilməsi yaxşı hal deyil. Hakimiyyət bunu nəzərə almalıydı.
“Üç beynəlxalq qurum var-ATƏT, Avropa Şurası və Avropa İttifaqı. Azərbaycan birinci və ikinci qurumlara Ermənistanla birgə qəbul olunub. İlk dəfədir
Azərbaycanın yeri altı ölkə arasında son qrupa, ən aşağı yerə daxildir. Ermənistan sazişi imzalayandan sonra rəsmi Bakı həmin qrupda Belarusla birgə olacaq, hətta yaxın iki ildə Azərbaycan sazişin imzalanması ilə bağlı hansı müzakirələrin gedəcəyi bəlli deyil”.
Onun sözlərinə görə, qarşıdakı iki ildə Azərbaycanın durumu Ermənistanla müqayisədə qənaətbəxş mövqedə olmayacaq.
“Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, ərazi bütövlüyü çərçivısində həllində maraqlıdırsa, Avropa İttifaqının mövqeyindən maksimum istifadə etməyə çalışmalıdır. Çünki imzalanacaq saziş Aİ-nin ərazi bütövlüyünün toxunulmazlığına ciddi yanaşmasını zəruri edəcək. Son vaxtlar Avropada separatizm, dövlətlərin ərazi bütövlüyü ilə bağlı müzakirələrdə ciddi əndişə sezilir. Belə narahatlıqların olduğu dövrdə ərazi bütövlüyümüz Avropa mərkəzçiləri tərəfindən ciddi şəkildə dəstəklənə bilər. Bu şansdan istidadə edib sazişin imzalanmasını önə salmaq olardı, amma Azərbaycan gecikdi, bu yubanmadan hansı ziyanların olacağını indidən söylımək çətindir”.
A.Məmmədlinin sözlərinə görə, fakt budur ki, ölkə daxilində, regionda, Avropa məkanındakı proseslərdən geri qalırıq və bu geriliyin başlıca səbəbi hakim elitanın ya siyasi iradə baxımından ehtiyatlılığı, ya da səriştəsizlikləri, bacarıqsızlıqları, ya da milli maraqları gözardı etmələridir.
“Avropa Birliyi ilə yaxınlaşmaq, bu modeldə dövlət milli dövlət qurmaq ADR banilərinin önə çəkdiyi konsepsiya olub. Bizim üzərimizə düşən həmin konsepsiyanı davam etdirmək idi, çox təəssüf ki, hakimiyyət öz iqtidarlığını saxlamaq naminə Avropa dəyərlərinə, inteqrasiya prosesinə ciddi maneələr yaradır. Bundan yalnız Azərbaycan vətəndaşları yox, gələcək nəsillər ola bilər. Ona görə prosesi maksimum sürətləndirmək lazım idi”.
Anar Məmmədli sazişin siyasi məhbus məsələsinə nə dərəcədə təsir edəcəyini deməyin çətin olduğunu bildirdi:
“Müzakirələrdə siyasi məhbuslar problemi qaldırılır. Xüsusilə Avropa parlanmenti üzvləri Bakıdakı görüşlərində İlqar Məmmədov, Əfqan Muxtarlı barədə danışırlar. Amma bunun sazişə nə dərəcədə təsirini demək çətindir. Yaxşı olardı, hakimiyyət saziş imzalanacağı ərəfədə siyasi məhbus məsələsini həll edib ciddi qınaqlarla üzləşməzdi. Avropa Parlamentində insan haqları məsələsinə sırf siyasi məhbuslar kontekstində baxan qruplar və deputatlar var. Onlar siyasi məhbuslar probleminin həll olunacağı təqdirdə Bakı ilə sazişin imzalanmasının tərəfdarıdırlar. Belə mövqelər sazişin imzalanmasına müsbət təsirini göstərə bilər”.