Şərq Tərəfdaşlığı Cəmiyyəti: Azərbaycan siyasi məhbusları dərhal azad etməlidir

Mənbə: Eastern Partnership Civil Society Forum

“Qarabağda dinc yaşamaq üçün əvvəlcə nifrət nitqi aradan qalxmalıdır”

Otuz ildən artıqdır sürən Dağlıq Qarabağ münaqişəsi əvvəlcə azərbaycanlıları, sonra erməniləri köçkün salıb. Hər iki tərəfdən olan insanlar dərin iztirab çəkiblər.

Regionda dinc, yanaşı yaşamaq üçünsə əvvəlcə nifrət nitqi, ayrıseçkilik aradan qaldırılmalıdır.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Baş Assambleyası 15-ci illik toplantısını keçirib. Həmin toplantıda qəbul edilmiş qətnamənin Azərbaycanla bağlı olan hissəsində belə deyilir.

Mediaya, müxalifətə, fəallara basqı artıb

Qətnamədə siyasi həbslər, azad mediaya basqı məsələlərinə də toxunulub.

“2023-cü ilin əvvəlindən Azərbaycan hökuməti  jurnalistlərə, fəallara, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiya və hədə-qorxuları artırıb. Azərbaycanda siyasi məhbusların sayı 12 ayda iki dəfə artaraq, 200 nəfərə çatıb”.

Qəbul edilən qanunlar

Qətnamədə həmçinin, bildirilir ki, Avropa Şurasının (AŞ) Venesiya Komissiyası Azərbaycanın bu yaxınlarda qəbul etdiyi “Media Haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” qanunlarına mənfi rəy verib. Bildirib ki, belə qanunların qəbulu Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü məcburi öhdəliklərə ziddir.

Həbsdəkilər

Qətnamədə iqtisadçı Qubad İbadoğlunun, siyasi fəal Bəxtiyar Hacıyevin və Azərbaycandakı bütün digər siyasi məhbusların qeyd-şərtsiz azad olunması məqsədilə beynəlxalq təzyiqi gücləndirməyə çağırış edilib.

“Avropa Parlamentinin Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ilin sentyabrında qəbul edilmiş Qətnaməsini alqışlayırıq. Professorun, həmçinin digər siyasi məhbusların hamısının dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik. Bundan əlavə, Qubad İbadoğluna lazım olan tibbi xidmət göstərilməli, dərmanlarla təmin edilməlidir”.

Ana səhifəSiyasətŞərq Tərəfdaşlığı Cəmiyyəti: Azərbaycan siyasi məhbusları dərhal azad etməlidir