Onlayn taksi sifariş edən müştərilər düşünürlər ki, xidmət ucuz olsa da, bu məbləğ sürücülərə sərf edir. Sürücülər isə deyir ki, ucuzluğun kökündə onların əməyinin istismarı durur.
10 ildir taksi fəaliyyəti ilə məşğul olan Ruslan Məhərrəmov onlayn taksi xidmətində cəmi 3 ay işləyə bilib. İşlədikcə xərcinin qazancını üstələdiyini görüb. O deyir ki, iş saatı çox olduğu üçün maşının avadanlıqlarını tez-tez dəyişməyə məcbur qalıb və xərcə düşüb.
Hüquqşünas Səməd Rəhimli bildirir ki, onlayn xidmət göstərən şirkətlər sürücülərlə əmək müqaviləsi yox, mülki hüquqi müqavilə bağlayır. Buna görə də sürücülər Əmək Məcəlləsinin işçilərə verdiyi təminatdan istifadə edə bilmirlər. Amma 2021-ci ildə Əmək Məcəlləsinə edilən dəyişiklik sürücülərə yeni imkanlar açır.
Hüquqşünas deyir ki, şirkətlər əsasən xarici ölkələrdə yerləşir deyə hökumətin onları işəgötürən kimi rəsmləşdirməyə nə dərəcədə müyəssər olacağı bilinmir.
Şirkətlərin Bakıdakı nümayəndəlikləri ilə əlaqə qurmaq mümkün olmadı.
Sürücülər deyir ki, xidmət haqqı nisbətən artırılsa, onlar 14 yox, 8 saat işləyib ailələrinə, istirahətlərinə vaxt ayıra bilərlər.
2020-ci ildə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata bildirmişdi ki, taksilərlə bağlı tariflər müəyyənləşdiriləcək və bu aidiyyatı dövlət qurumlarına göndəriləcək. Bu iş 6 aya görülməli idi. Həmin müddətdən bir ildən çox vaxt keçsə də, bu tariflər müəyyənləşdirilmədi.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəriMaisAğayev sorğumuza cavabında deyib ki, bu istiqamətdə ümumi maraqlara cavab verən bir tənzimləmə olması məqsədəuyğundur. Amma Bakı Nəqliyyat Agentliyi tarifləri müəyyən edən və buna qərar verəcək səlahiyyətə sahib deyil.
Mais Ağayev Bakıda işləyən taksilərin statistikasını bilmədiklərini deyib. O bildirib ki, hazırda taksi fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyəti fərqlənmə nişanı almadan bu işlə məşğul olanlardır.
Ruslan Məhərrəmov deyir ki, mövcud problemləri aradan qaldırmaq üçün taksi sürücülərinin ictimai birliyini qurmaq istəyib. Bununla bağlı sənədlərini Ədliyyə Nazirliyinə göndərsə də, geri qaytarılıb. O cəhdlərini davam etdirəcəyini deyir.
Hüquqşünas Səməd Rəhimli deyir ki, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi öz səlahiyyətləri çərçivəsində Əmək Məcəlləsinin 7-ci maddəsinə əlavə olunan bəndlə bağlı yoxlamalar aparmalıdırlar ki, bu məsələni qaydaya qoya bilsinlər.
Yayımlandı: 16 Yanvar 2022 19:48