Bu yaxınlarda axşamçağı anam mən olan otaqda türk kanallarından birində yayımlanan “Fəzilət xanım və qızları” adlı eybəcər bir seriala baxırdı. Mən də ordakı səviyyəsiz, bayağı söhbətləri eşitməmək üçün qulağıma qulaqcıq taxıb telefonumdakı musiqiləri dinləməyə başladım. Eyni zamanda internetdə bəzi məqalələri oxuyurdum.
Bir müddət keçəndən sonra qulağımda səslənən möhkəm musiqilərdən yoruldum və dincəlməyə qərar verdim. Musiqini tamamilə söndürdüm.
Həmin vaxtda çox təbii olaraq ağlaşma-sızlaşma səslərini eşitməyə başladım. Həmin səslər televizordan gəlirdi. Qeyri-ixtiyari başımı qaldırdım və televizora baxdım. Gördüm ki, hansısa ortayaşlı qadın cavan bir oğlanı qucaqlayıb “oğlum-oğlum” deyərək ağzından, burnundan və digər nayihələrindən selik ifraz edərək eybəcər şəkildə zarıyır. (İndi düşünürəm ki, türk seriallarında dekorativ əşyalar, rekvizitlərin içində ən çox istifadə olunan şey həm də süni göz yaşları üçün istifadə olunan maddədir. İlahi, adam nə qədər ağlayıb sızlayar?!)
Hadisələr hansısa tikintisi dayandırılmış hündürmərtəbəli bom-boş, hər tərəfi açıq bir binada cərəyan edirdi. Zarıyan anadan, gənc oğuldan başqa, orda kötüyə oxşayan keçəl bığlı bir kişi də vardı. Hiss etmək olurdu ki, kişi həmin gənc oğlanın atasıdır. Çox qayğılı görünürdü.
Bir neçə saniyə sonra kənardan müəmmalı şəkildə serialın baş qəhrəmanı Fəzilət adlı qadın peyda oldu. Məlum oldu ki, bu ana-bala necəsə gizli şəkildə görüşüblərmiş. Fəzilət də gəlib bunları tutub. Çünki ordakılar Fəziləti görən kimi çaş-baş qaldılar. Zarıyan qadının gözləri az qaldı hədəqəsindən çıxsın.
Qara üst geyimində olan Fəzilət gözlərini qıyaraq tələsmədən, asta-asta onlara doğru yaxınlaşırdı. Onun yerişi, üz ifadəsi zabitəli və avtoritar görkəm yaratmağa hesablanmışdı. Üzündən nifrət ifadəsi olan, görkəmindən ifritəlik tökülən Fəzilət həmin yerişi ilə mənə adətən balalarını müdafiə edərkən müəyyən pozanı alan qara toyuqları xatırlatdı. Qadının görkəmi, yerişi getdikcə artan əsəbimi daha da çoxaltmağa başladı. Məsələ onda idi ki, səfehlik edib, mənə əsəb gətirən həmin kadrları izləməyə davam edirdim. Buna heç maraq da demək olmazdı. Bu, nəsə başqa şeyə oxşayırdı. Onsuz da indi bunun heç bir əhəmiyyəti yoxdur. Nə isə. Fəzilət həmin üç nəfərə daha da yaxın gəlib yüksək hədə tonu ilə amma sakit şəkildə “yaktım çırağınızı, alayınızı yakdım”( “hamınıza od qoyacam” mənasında) deyəndə hiss elədim ki, ürəyimdən ağrı tutdu. Bədənimə yayılan sızıltını aydın şəkildə hiss etməyə başladım. Adətən yüksək stressdən sonra yaranan sinir ağrıları ovqatımı da eləcə təlx edir. Fəzilət məni cin atına mindirmişdi. Dözə bilməyib anama qışqırdım ki, “kanalı çevir”.
İndi bu hərəkətimə görə xəcalət çəkirəm. Məsələ bundadır ki, uzun müddətdir özümdə müşahidə edirəm ki, Türkiyə kanallarında yayımlanan bu tip serialları görən kimi qəfil şəkildə əsəblərim korlanır. Elə bil havalanıram, özümdə olmuram. Hətta reklam anonslarında həmin serialların fraqmentlərinə təsadüfən rast gələrkən belə özümdən çıxır, onları lənətləyirəm.
Qətiyyən şişirdib eləmirəm. Həmin anlarda sinir ağrıları bütün bədənimi çulğayır. Yaşadığım belə emosianal hal özümün də təəccübümə səbəb olurdu. Sonra nə üçün belə hala düşdüyümü, niyə adi bir şeyə bu cür reaksiya verdiyimi təhlil etməyə başladım.
Doğrusu, mən o qədər də əsəbi adam deyiləm. Çox az şey məni hiddətləndirə və özümdən çıxara bilər. Sonradan türk seriallarına verdiyim belə reaksiyanın əsl səbəbini tapdım. Həmin serialların təbliğ etdiyi bütün mənfi xüsusiyyətlər insanları yalançı, satqın, ədalətsiz, xəyanətkar etməyə hesablanıb. Birnömrəli məqsəd budur. Serialların təbliğ etdiyi mənəviyyatsızlıq günü-gündən öz sərhədlərini aşaraq ağır nəticələr gətirir. Hər gün Türkiyədə axşam xəbərlərinin manjetinə bir dəfə nəzər salmağınız kifayət edər. Statistik göstəricilər də onu göstərir ki, son vaxtlar ailə-məişət zəminində baş verən cinayətlərin sayı olduqca böyük vüsət alıb. Mən belə şeylərə çox üzülürəm.
İndi bir misal çəkməyə çalışacağam. Həmin seriallarda demək olar həmişə eyni klassik bir süjet olur. Hansısa saf oğlanla-qız bir-birlərini sevirlər. Onların ətrafında isə mütləq həmin qızı və oğlanı sevən fərqli insanlar olur. Həmin psixopatlar bu sevgili cütlüyün arasına girməkdən ötrü hər bir pis vasitəyə, mənfur hiylələrə əl atırlar ki, oğlanla-qız ayrılsınlar. Guya ayrılandan sonra onlar həmin aravuranlarla evlənirlər. Həmin aravuranlar da çox vaxt birləşir, müəyyən sıx əlaqədə olur, yemir-içmir, yatmırlar ki, baş qəhrəmanları tezliklə ayırıb onlarla özləri birləşsinlər.
Onlar hər pis vasitəyə əl atır ki, təki eqoistcəsinə özlərinin platonik sevdikləri şəxsə qovuşsunlar.
Türkiyədə bu gün sevdiyi qadınları vəhşicəsinə çırpan, onları istismar edən, hətta kəsib-doğrayıb öldürən kişilərin sayı bilirsiniz nə qədər artıb?! İctimai müzakirəyə səbəb olan və ölkə gündəmində əsas müzakirə predmetinə çevirilmiş neçə belə halın şahidi olmuşam. Dəhşətdir.
Bütün bu təsirlər həmin serialları kütləvi şəkildə izləyən ölkələrin də sakinlərinə sirayət etməkdədir. Bəlkə də düşünə bilərsiniz ki, “ala, bu nə deyir e?!” Bir misal çəkim. 1990-cı ildə Hollivudda çəkilmiş, bir çoxumuzun izlədiyi “Pretty woman” (Gözəlçə) filminin nümayişindən bir neçə il sonra, Avropada fahişəliyin səviyyəsi 30 faiz artmışdı. O filmdə rejissor fahişəni əsl mələk kimi göstərmişdi. Misal çəkdiyim film dünyaca məhşur ABŞ filmidir. Türkiyədə də onun əvəzediciləri var. “Aşkı-memnu” serialından sonra ərinə xəyanət edən qadınlar çoxaldı, xəbərləri mətbuata qədər gəlib çıxdı.
“Gümüş” serialından sonra isə təkcə Türkiyədə deyil, o diziləri həvəslə izləyən Orta Şərqdə də boşanmaların sayı artdı.
“Kurtlar vadisinə” baxaraq, onun-bunun qulağını-boğazını kəsib öldürənlərin sayı nəinki Türkiyədə və Orta Şərqdə, elə Azərbaycanda da artdı.
Uzun əsrlər boyu əksər yazıçılar insanların müsbət keyfiyyətlərinin artmasına, cəmiyyətin rifahına, bir-birlərinə sevgilə bağlanmasına çalışıblar.
Türkiyədə istehsal edilən həmin seriallar isə birbaşa yüz illər boyu formalaşmış dəyərləri məhv etmək üçün hesablanmış layihədir.
Bu hal bir daha sübut edir ki, medianın, ümumiyyətlə, televiziyanın insanlar üzərində böyük təsiri var.
Psixologiyada belə bir anlayış var: İnsan bir şeyi çox görərkən, bu gördüyü əvvəl onu narahat etsə belə, sonra gördükləri gözündə adiləşir və şüurunda bu, normal bir şey kimi qəbul olunur.
Hər gün axşam seriala baxan insanlar oradakı anormallıqları artıq normal qəbul edirlər.
Necə ola bilər ki, bir serialda bütün nəsildə ən azı beş nəfər xəstəxanada doğulanda səhv və ya itkin düşsün, gedib başqa yerdə böyüyüb, sonra təsadüfən gənclik yaşında həmin varlı ailənin sürücü və ya qulluqçusu işləsin?!
Necə ola bilər ki, bütöv bir serialda qəhrəmanların doxsan faizi ancaq bir-birinə fırıldaq gəlməyi, hiylə ilə ara vurmağı, yaşından aslı olmayaraq, yalan danışmağı, sevməyi insana nəyin bahasına olur-olsun, sahib olmağı həyat süarları seçsin?!
Öz sevdiyi qadına dəfələrlə xəyanət edib, daha sonra guya “ağıllanan” şərəfsiz kişiləri, başqa kişidən hamilə olub, 25 ildən sonra ərinə bunu etiraf edərək, onu bağışlamasını diləyən qadını isə efirdən bizə dəyər və model kimi təqdim edirlər.
Azərbaycan telekanallarını necə bütün günü çal-çağır və müğənnilər doldurubsa, Türkiyə telekanalları da seriallarla bəzədilib.
Əziz o diziləri izləyən insanlar, sizə xüsusi nəsə deməyəcəyəm. Həyat sizin, seçim sizin.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.