Serial və kosmetika

“5-ci sezonda dayandım” – bu mövsüm söhbətindən dəhşətə gəlirəm

Source:

“5-ci sezonda dayandım” – bu mövsüm söhbətindən dəhşətə gəlirəm. “Baharın 17 anı”nın bütün seriyalarına baxan adama “afərin” deyirdik. “Santa Barbara” fantastika idi bizim üçün – 9 mövsüm davam edib. Amma kimsə oturub 1 həftəyə 3-4 mövsümə baxmayıb. Ən maraqlı filmə də 3 saat sərasər baxanda saxlayıram sabaha-zada.

Ən pisi də odur ki, türk, latınamerikan seriallarına baxanlara lağ edənlər hərəsi bir serial tapıb giriblər monitora. Hələ təsəllilər var – “hər seriyası 40 dəqiqədir, o birilərdən deyil”, “cəmi 25 seriyaya qurtardı, əjdahadılar da”, “bu, başqadı ee, elm, siyasət, hamısı var”, “əsas odur, nəsə öyrənmək olur”…

Kitab təbliğatı aparan adamlar oturub həftələrlə günə 8-10 saat olmaq şərti ilə seriallara baxırlar. Qardaş, bəs kitabı nə vaxt oxuyaq? “25-ci kadr”ın, əclaf-əclaf kapitalistlərin şəxsi həyatımızı işğal etməsindən şikayətlənən adamların indi nə kapitalistin cibinə pul şəklində axan vaxtı vecinədir, nə də nəyinsə təsirində qalıb-qalmaması.

Bir şey ki, 2 saata sığmadı, o, incəsənət deyil artıq, həqiqətən də adına layiq sabun operasıdır. Bu da cəhənnəm, həmişə incəsənət əsərlərinə zillənməyə bilərik. Bir şeyin ki, ssenarisi yazılmayıb, çəkildikcə, mövsüm-mövsüm, bazara uyğun, kütlənin hoydu-hoydusuna cavab olaraq yazılır, düşünə bilən insan, allahın homo-sapiensi niyə baxsın axı ona?

FİƏ deyilən bir şey var – Faydalı İş Əmsalı. 100 faiz olması mümkün deyil, amma 100-ə nə qədər yaxın olsa, baş ucalığıdır. Məsələn, vaxtımızın faydalı iş əmsalını hesablaya bilərik. “Bu gün nə elədim?”, “bu il nə elədim?” kimi suallarla vurub, çıxıb, toplayıb, bölüb nə isə tapa bilərik. Bu qədər seriala baxan adamın FİƏ-nın 1 faiz olması artıq onun dahi olması demək olar. Yəqin gündə 20 dəqiqə-zad yatır ki, belə yüksək nəticə əldə edir. Kütlələri demirəm, kütlələri mühakimə edən, bizə ağıl öyrədən, savadlı, səviyyəli adamları deyirəm – nə qədər boş-mənasız yerə vaxtlarını xərcləyirlər. 1 qəpik, 1 qram (hansı vahidlə istəyirsiniz, ölçün) xeyri olmadan həftələrlə, aylarla monitora zillənmək. Dəhşətdir.

Bizi kapitalizmin daim daha çoxuna can atması görməmişliyindən təkcə dövlət, QHT-lər filan qorumalı deyil, özümüz də özümüzü qorumalıyıq. Dövlət gəlib sənin monitorunu bağlayası deyil ki. Fikir verirsinizsə, seriallarla kosmetika son bir neçə ildə tüğyan edir. Eləmə tənbəllik, bir neçə kosmetika blogerinin videosuna baxmışam. Sifətin eyni nahiyəsinə üst-üstə 12 maddə sürtür. İlk 11 maddə itir, izi-tozu da görsənmir, amma sürtür də bacı. Təsəvvür edin, adi suyu xüsusi qablaşdırmada satırlar ki, kosmetik işlərdə bu sudan istifadə edin. Hər şeyi satırlar. Mən satanları qınamıram, kapitalizm inkişaf deməkdir, amma yalnız cilovlu şəkildə olarsa, davamlı fayda verə bilər.

İnsan ictimai heyvandır (Aristotel). Bizim ictimai faydamız olmalıdır. Biz yalquzaq kimi yaşasaq, tüfeyli olarıq. Tüfeylilik, məncə, dilənçilik, “BOMJ”-luq deyil, tüfeylilik xeyir verə bilməməkdir. Azərbaycanda milyonlarla tüfeyli insan var. Daha doğrusu, 10 milyona yaxındır. Əldə-ovucda bir neçə min adam var ki, mədəsinə qulluqdan, “balalarının çörəyi” kimi instinktiv təminatdan başqa da nə isə xeyri dəyir. Əksəriyyət vəhşi təbiətdə olan kimi yaşayır. Əlimizdə gül kimi internet var. Nə qədər gözəl, faydalı məqsədlərə istifadə edə bilərik. Amma nə edirlər? Seriallara baxırlar.

Son zamanlar 200-300 manata ehtiyacı olduğu üçün “Facebook”-da təşkil olunan kampaniyalar görürəm. Bilirsiniz, kosmetikanı 11 qat vurub, 1 qatın pulunu bu kampaniyalara xərcləmək olar. Seriallara baxmaq əvəzinə o vaxta nə isə öyrənmək, öyrətmək, fayda vermək olar. Bu da siyasət deyil ki, qarışmayasınız, həyatdır da, öz həyatınız, boş-boş şeyərə niyə xərcləyəsiniz ki?!

Təbii, hər kəs özü bilər gününü necə planlaşdırır, biz nə karəyik. Sadəcə gördüyümüzü yazırıq. Son illər camaat üzünə 12 qat kosmetika, beyninə də 12 mövsüm serial yaxıb.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSerial və kosmetika