“Biz hakimiyyəti saxta ittihamlara dərhal son qoymağa və saxta ittiham və kollektiv cəzalandırma təcrübəsindən əl çəkməyə çağırırıq”
“Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı Azərbaycanın aparıcı müxalif nəşri olan “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının təqibinə görə Azərbaycan hökumətini pisləyib.
Zahid 2011-ci ildə ailəsinə olan təhlükələrlə əlaqədar Fransaya mühacirət etmək məcburiyyətində qalıb.
İndi hakimiyyət onun Azərbaycandakı qohumlarını hədəfə alıb və göründüyü kimi, müxalif jurnalistlərin yaxınlarına təzyiq təcrübəsinə son qoymaq niyyətində deyil, deyə təşkilatın bəyanatında bildirilir.
Xüsusən, polis Şamaxı rayonunda Zahidin 87 yaşlı anasının evinin izləndiyini müəyyən edib. Sonradan onun qardaşı oğlu Tural Zahidov, əmisi oğlu Rövşən Zahidov, digər qardaşı oğlu Rüfət Zahidov saxlanılıb.
Sonuncu narkotik saxlamaqda ittiham olunur və 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Daha bir qardaşı oğlu axtarışdadır, baxmayaraq ki, onların heç biri siyasətlə məşğul olmur.
“Biz Qənimət Zahidin qohumlarının təqibindən şokdayıq. Azərbaycanda bundan əvvəlki mətbuatın təqibi faktlarını nəzərə alsaq, bu həbslər dalğasının Qəniməti jurnalist fəaliyyətindən əl çəkməyə məcbur etmək məqsədi daşıdığına heç bir şübhə yoxdur.
Biz hakimiyyəti saxta ittihamlara dərhal son qoymağa və saxta ittiham və kollektiv cəzalandırma təcrübəsindən əl çəkməyə çağırırıq”, deyə bəyanatda bildirilir.
Öz növbəsində, jurnalist özü bildirib ki, qohumlarının təqibinə baxmayaraq fəaliyyətindən əl çəkməyəcək.
* Mühacirət etdikdən sonra Qənimət Zahid 2012-ci ildə həftədə bir neçə saat peyk vasitəsilə Azərbaycana yayımlanan “Azərbaycan saatı” internet telekanalını yaradıb.
Hazırda Azərbaycanda səkkiz jurnalist və dörd bloger peşə fəaliyyətinə görə həbsdədir.
Azərbaycan söz və mətbuat azadlığı indeksinə görə dünyada son yerlərdən birini (162) tutur.