”Beynəlxalq ictimaiyyət hökumətə qarşı təzyiqlərə başlamalıdr”
“Sərhədsiz reportyorlar” Azərbaycanın aparıcı müxalifət qəzeti “Azadlıq”ın maliyyə direktoru Faiq Əmirlinin həbsini pisləyən bəyanatla çıxış edib.
“Turan”-ın məlumatına görə, təşkilat Faiq Əmirlinin dini ədavətin qızışdırılması və Fətullah Gülən hərəkatının “imam”ı olması barədə ittihamları “gülünc və absurd” adlandırıb.
“Gülənin kitablarının saxlanması barədə ittihamlar heç bir tənqidə sığmır, çünki onlar Azərbaycanda qadağan edilməyib.
Azərbaycan hakimiyyəti Gülənçilərə qarşı mübarizə adı altında tənqidçilərə qarşı mübarizə aparan Ərdoğanın praktikasından istifadə etmək qərarına gəlib.
Beynəlxalq ictimaiyyət bu repressiyaları dayandırması və Avropa Şurasının üzvü kimi öz öhdəliklərinə əməl etməsi üçün hökumətə təzyiqlərə başlamalıdır”, – bəyanatda vurğulanır.
Təşkilat xatırladır ki, 15 iyuldan sonra Azərbaycanda yeni repressiya dalğası başlayıb. Hakimiyyət ona sərf etməyən şəxsləri Gülənlə əlaqələrdə ittiham edərək, repressiya etməkdən ötrü Türkiyədəki dövlət çevrilişi cəhdindən istifadə etmək qərarına gəlib: ” Bakı Ankaranın istifadə etdiyi ittihamları və hərəkətləri təkrarlayır”.