Qurum bəyanat yayıb
“Sərhədsiz reportyorlar” təşkilatı növbəti dəfə bəyanat yayaraq jurnalistlərə və mətbuata qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini pisləyib.
“Turan”-ın məlumatına görə, bəyanatda diqqət son günlər həbs edilən üç jurnalistə çəkilib. Belə ki, 3 jurnalist həbs edilib və iki aparıcı xəbər saytı bloklanıb, həmçinin söz azadlığını tənzimləyən qanunvericilik daha da sərtləşdirilib.
“Üç müstəqil jurnalistdən biri, Cəlilabaddan olan Əfqan Sadıqovdur. O, əsasən regionun sosial problemlərini işıqlandıran Azel.tv saytının redaktorudur.
Noyabrın 22-də o, söhbət üçün İcra Hakimiyyətinə çağırılıb və orada “ağırlaşdırıcı şəraitdə hücumda” ittiham olunub. Onun anası deyir ki, polislər ona işgəncə veriblər və ona oğluna baş çəkməyə icazə verməyiblər.
Bu cür bəhanədən “Kanal 13” saytının jurnalisti Teymur Kərimovun həbsində də istifadə olunub. O, noyabrın 25-də Qarabağ qaçqınlarının su problemlərini işıqlandırarkən Bərdə rayonu yaxınlığında saxlanılıb.
Belə ki, naməlum şəxs T.Kərimovun işinə əngəl törətməyə başlayıb, sonra isə onu itələyərək təhqir edib. Polis onu saxlayıb və “hücum”da ittiham edərək barəsində cinayət işi qaldırıb.
Müxalifətçi jurnalist Zamin Hacı Facebook-dakı yazıya görə noyabrın 28-də Bakı polisinə çağırılıb. O, yazıda hakimiyyəti jurnalist qətllərinin üstünün açılmamasında, ölkədə sabitliyin olmamasında ittiham edib”- bəyanatda deyilir.
“Azərbaycan hakimiyyəti o qədər əmindir ki, hətta jurnalistlərin təqib metodlarını belə dəyişməyə cəhd göstərmir”, – Şərqi Avropa və Mərkəzi Asiya bürosunun üzvü Yohann Bir deyib.
“Biz Əfqan Sadıqov, Teymur Kərimov və Zamin Hacının təqib olunmasını pisləyirik.
Beynəlxalq birlik hakimin rejimin cəzasız hərəkət etməsinə icazə verməməli və Avropa İnsan Hüquqları Konvensiyasının sistematik pozulmasına son qoyulmasını tələb etməlidir”, – o əlavə edib.
AzadAvropa/Azadlıq (RFE / RL) və “Amerikanın səsi” radiolarının veb-saytı noyabrın 28-dən dekabrın 2-dək bloklanıb. Bu aparıcı saytlar hökumətin ünvanına tənqid səsləndirən azsaylı mənbələrdən biridir.
Onlayn böhtana və təhqirə görə cəzanı sərtləşdirən iki qanunverici düzəliş noyabrın 29-da parlament tərəfindən qəbul edilib. Bundan sonra ləqəbdən istifadəyə ağırlaşdırıcı faktor kimi baxılacaq. Pozucular 1000 manatdan 1500 manatadək (540 avrodan tutmuş 810 avroya qədər) cərimə olunacaqlar.
Onlar həmçinin 380 saatadək icbari işə məhkum olunacaqlar və ya 2 ilədək azadlıqdan məhrum ediləcəklər. Əgər prezident təhqir olunubsa, maksimum həbs müddəti üç ildir.
Azərbaycan 2016-cı ildə “World Press Freedom” indeksi üzrə 180 ölkə arasında 163-cü yeri tutub. Prezident İlham Əliyev “mətbuat yırtıcıları” siyahısına daxil edilib.