Azərbaycandan da 2 jurnalistin adı var
“Sərhədsiz Reportyorlar” Təşkilatı 2021-ci ildə jurnalist fəaliyyətini yerinə yetirərkən ölən jurnalistlərin siyahısını yayımlayıb.
Builki siyahıda Azərbaycandan olan 2 jurnalistin də adı var.
Onlar 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovdur.
Hesabatdan görünür ki, bu il dünyanın 20 ölkəsində 38 jurnalist həlak olub.
Onlardan biri də Gürcüstanın “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravadır.
O, iyulun 5-də Tbilisidə radikal qruplar tərəfindən döyülən gürcü tele-operatordur.
Türkiyədən olan jurnalist Hazım Özsu isə bu ilin martında silahla öldürülüb.
Bursada radio aparıcısı olan 46 yaşlı Hazım Özsunu öldürən Halil Nalça səbəb kimi apardığı proqramları bəyənmədiyini əsas gətirib.
Siyahıda Əfqanıstandan 3, Banqladeşdən 2, Burkina Fasodan 2, Hindistandan 4, Fələstindən 2, Meksikadan 7, Yəməndən 4, Çin, Kolumbiya, Yunanıstan, Livan Pakistan, Niderland, Filippin, Samoli, Suriya və Konqodan bir jurnalistin adı var.