Sərhədin bu tayında

Yalçın İmanov

Yalçın İmanov

Maşını əyləyib, yol qırağında ikibir-üçbir dayanıb, söhbətləşən adamlara salam verib, nəsə bir söz soruşursan. Məsələn, belə, filan yerə nətər (necə yox ha) getmək olar, əlyeküm eləyib, elə doğma, canıyananlıqla sənə hər şeyi, lap xırdalağına qədər, təkrar-təkrar izah eləyir ki, anidən adamın içi isinir, qəlbi hənirlənir.

Çox təfərrüatlı izahata təmkinlə qulaq asıb, başa çatandan sonra “çox sağ ol” deyirsən, cavabında nə vaxtdır eşitmədiyin, qəddar illərin silib-süpürüb apardığı, az qala yadından çıxarıb, unutdurduğu ana südü kimi təmiz və şirin söz gecənin qaranlığında üzünə gülümsünür: “Sən sağ ol, qurvan olum!”

Belədi, bu yerin camaatının əksəriyyəti! Sənə həm yolunu, getdiyin yeri, tapmaq istədiyin ünvanı həvəs və səbrlə, ətraflı izah eləyəcək, başa düşməsən, ərinməyəcək, bir də əvvələ qayıdacaq, bu dəfə də alınmasa, özünü qınayıb, mürəkkəb izahat verdiyini düşünəcək, daha fərqli, daha sadə bir başa salma üsulu seçəcək, amma bir kəlmə də olsun “bezdim, yoruldum” sözünü dilinə gətirməyəcək, buna eyham vurmayacaq.

Üstəlik də, sonda, lap axırda, niyəsə o sənə təşəkkür eləyəcək. Sənin bu “çox sağ ol”un onun “Sən sağ ol, qurvan olum”unun yanında çox solğun, çox zəif eşidiləcək. Tərsuvand bir şey.

“Dördyolda”n sola burulub, heç yana dönmədən, düz Quzanlıya doğru yön alanda, adamın ağlında ölkənin içərilərinə doğru irəli çəkilmiş düşmənlə sərhədə yaxınlaşmağın həyacanından daha çox, başqa şey qalır.

“Dördyolda”kı miskin, bütün zahiri əlamətləri kasıbçılığın ağır izlərindən xəbər verən, zığın-zımırtdağın içindəki, kobud, əldəqayırma alış-veriş “budka”ları, əyrü-üyrü, palçıqla samandan yapılmış çirkli daxmalar.

Kəsilib qarmağa keçirilmiş, alverin zəif getdiyinə şəhadət verən heyvan cəmdəkləri günün alış-verişindən bezibmiş kimi yorğun-arğın sallanır, o biri tərəfdə səliqəsiz halda üst-üstə atılıb, qalanaqlanmış göy-göyərti, yöndəmsiz piştaxtaya düzülmüş soyuqdan bürüşmüş almalar nə vaxtsa gələcək axşam müştərisini gözləyir.

“Lider ölkə”nin yağıyla yurdun lap içərilərinə doğru irəli çəkilmiş sərhədindən bir neçə kilometr aşağıdakı həyat mənzərəsinin vacib ştrixləri belədir!

Adamlar gündəlik ağır yaşamın çətinlikləri ilə üz-üzə gəlib, bir-birinin qüvvəsinə, biləyinə bələd rəqiblər kimi baş-başa dayanıb, dirəşirlər. Zığın-zımırtdağın içində qaynayan, dipdiri, canlı, hədələyici, basqılı, yaşam dolu, istəkli, arzulu bir həyat.

Bir-biri ilə şit-şit zarafatlaşan, heç nədən sabaha ümid verən həyat qaynaqları tapan, şən və baməzə, lağlağası adamın eynini açan, xəlvətə çəkilib, qırdığı qeybətlərinə darıxıb, susadığın, xörəyin ən yaralı yerini, tikənin ən saytalını utana-utana sənin boşqabına qoyan, qəfildən hönkürüb ağlayan, birdən də şaqqanaq çəkib gülən, kasıb, amma mərd insanlar...

Böyük şəhərlərin bir-birinə aşkar və yaxud gizli şübhə ifadə eləyən mühitindən yorulub, çimrənəndə sadə insanların ruhuna su çiləyən etimad, inam dolu, ilıq baxışlarını görmək! Bu baxışlarda isinmək, qızınmaq olar!
Bir az irəli gedib, Quzanlının mərkəzini keçirsən. Əhmədağalı, namərd işğaldan yan keçə bilmiş başqa bir neçə kənd sonuncu ümid nişanələri kimi qalır. Müdafiə Nazirliyindən mobil telefona gələn, təhlükəsizliklə bağlı ismarıcı tam gözdən keçirib, “həzm eləməmiş”, əsgər postunun yanından burulub, geri qayıtmağa məcbur olursan. Sərhəd postları təkcə fiziki deyil, mənəvi hədlər də yaradır.

Ölkənin tam içərilərinə, dərinliklərinə doğru irəliləmiş düşmənlə sərhədin o tayında işğal altında bərəkətli torpaqlar qaralır. Göz işlədikcə...

Adamı fikir aparır. Qabaqda işğaldı, arxada, qeyri-təbii sərhədin bu tayında, üstündə dayandığımız torpaqda ondan da betər!

Adamın əsgər postunun o tayındakı dost-doğma, ana südü kimi tərtəmiz və şirin torpaqlara həsrəti qalır.

Qeyri-təbii sərhədin bu tayındakı, əsgər postundan maşınını hərləyib geri qayıtmağa məcbur olduğun topraqlarınsa zəhri çatlayır, ürəyi hövllənir.

Qazanılmış kin və ədalətli ədavət bu ikitərəfli, ikibaşlı işğalla savaşa kəskin və sərt redaktələr etməlidir...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eegnu0

Ən çox baxılan