Sərhəddəki döyüşlərdə neft-qaz amili

“Azərbaycan tərəfinin itkiləri rəsmi Bakının hər hansı təxribata yaxşı hazır olmadığını göstərir”

Source: Specify Source


Elşad Nəsirov amerikanlılara: Enerji dəhlizinin təhlükəsizliyinin necə təmin edilməsini düşünün

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan döyüşlərdə neft-qaz amili də özünü göstərməkdədir. Günlər keçdikcə ortaya çıxan informasiyanın təhlili göstərir ki, bu amil döyüşlərin başlanması səbəbləri arasında heç də sonuncu deyil və onu görməzdən gəlmək olmaz.

Enerji daşınmasına aid bir sıra xəbərlərin döyüşlərin getdiyi günlərə təsadüf etməsi bu məsələlərdə müəyyən qənaətlərə gəlməyə səbəb olur. Belə ki, iyulun 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə bildirib ki, şirkət iyulun 17-dən Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini bərpa edəcək. Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı. Onun sözlərinə görə, bu ilin sonuna qədər bu kəmərlə 585 min ton neftin nəql edilməsi

planlaşdırılır

.


“Avropaya qaz nəqlinin başlamasına 3 ay qalmış döyüşlər başlayıb”

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə döyüşlərin başlamasını birbaşa olaraq Azərbaycanın enerji daşınması siyasəti ilə bağlı olduğunu gizlətməyib.

Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə

Elşad Nəsirov

bildirib ki, Azərbaycan qazının Avropaya nəqlinə başlamasına 3 ay qalmış Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyata başlaması təsadüfi deyil.

Virtual görüşdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli, USAİD-in Asiya üzrə köməkçisinin müavini Xavier Pedra, Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov, Gürcüstanın Enerji inkişaf Fondunun icraçı direktoru Corc Çikovani, BP şirkətinin Amerika ofisinin beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer və digər şəxslər iştirak edib.

O, iştirakçıların nəzərinə çatdırıb ki, əməliyyatlar bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhəddində həyata keçirilir. Elşad Nəsirov deyib ki, görüş iştirakçıları regionun xəritəsinə baxsalar görərlər ki, Azərbaycanın enerji resurslarını qərb ölkələrinə və dünya bazarına çıxaran bütün infrastruktur bu bölgədə yerləşir.

“Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi şossesi Ermənistanın hərbi əməliyyatları başladığı yerin birbaşa görüntüsü və yaxınlığından keçir”.

51ae44f7-497e-3d10-892c-5dada0079ab2.jpg
Elşad Nəsirov

Elşad Nəsirov Vaşinqtondakı və digər yerlərdəki dairələri Gəncə dəhlizinin və Transxəzər bölgəsinin nə qədər həssas olduğunu və Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edib.


Azərbaycanın xarici siyasət prioritetləri dəyişir?

Avropa ilə münasibətlərdən söz düşmüşkən, Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar Avropa İttifaqının ünvanına dediyi xoş sözləri də diqqətdən qaçırmaq olmaz. Belə ki, adətən Avropa İttifaqını sərt təndiq etməsi ilə seçilən İlham Əliyev iyunda Aİ-ni strateji və vacib tərəfdaş adlandırdı, onunla əlaqələrin inkişafının vacibliyini qeyd etdi. Prezidentin bu kursunun davamı iyulun 16-da yeni təyin edilən Xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən, ona verilən

tapşırıqlar

da da özünü göstərdi.

Dövlət başçısı XİN rəhbərinə Avropa İttifaqı ilə müzakirə olunan sazişlə məşğul olmağı və razılaşdırılmamış hissələrə fikir verməyi tapşırdı. Bundan başqa, İlham Əliyev danışıqlarda Azərbaycan tərəfindən kompromis üçün yer olduğunu da dedi.

“Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin. Hesab edirəm ki, kompromis üçün yer var. Ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun. Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaq”.

1594901704154742607_1000x669.jpg
Dövlət başçısı İlham Əliyev Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edərkən

Prezidentin XİN-nin yeni rəhbəri ilə görüşdə verdiyi tapşırıqlar arasında digər bir maraqlı məqam ondan ibarətdir ki, o, nazirin qarşısında dayanan hədəflər kimi Avropa İttifaqı, ABŞ-la və Böyük Britaniya ilə əlaqələri göstərib. Prezident çıxışında Rusiyanın adını çəkməyib.

Meydan TV-nin münasibətini öyrəndiyi ekspertlər isə döyüşlərin Bakı-Novorossiysk kəmərinə aid olmadığını deyiblər:


“Paşinyan Tonoyana Azərbaycanın hərbi maşınını vurmasına görə irad bildirib”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:

“12 iyulda atəşkəsin pozulmasında Azərbaycanın “Bakı-Novorossiysk” neft kəmərində neftin nəqlinin yanvardan dayandırması barədə ehtimalı bölüşmürəm. Rusiya “Lukoyl” şirkəti vasitəsilə Şimal-Xəzərdən həmin kəmərə neft vurduğundan Azərbaycan neftinə ehtiyac yox idi. Yəni Azərbaycan öz istəyilə neftin nəqlini dayandırmamışdı. Hazırda neftin qiyməti aşağı düşdüyündən Rusiya üçün neftin yenidən nəqli maraqlıdır. Qiymət yüksək olanda həmin kəmərdən öz neftlərini vurmaq daha sərfəli olur. 12 iyulda atəşkəsin pozulmasına dair çoxlu mülahizələr sadalamaq mümkündür. Amma atəşkəsin Ermənistan tərəfindən pozulması faktdır. Qaraqaya postunu onlar götürdülər. Bu postda tərəflərdən heç biri qüvvə saxlamırdı. Onlar həmin postu götürəndən sonra bizimkilər onlara ərazini boşaltmağa başa salmağa çalışsalar da, qarşı tərəf zabit və əsgərlərimizə atəş açdılar. Elə hər şey də ordan başladı. Təxribatı Ermənistan etdi və Təhlükəsizlik Şurasının iclasında Baş nazir Paşinyanla Müdafiə naziri Tonoyan arasındakı söhbət dediyimi təsdiqləyir. Ermənistan mətbuatı onlar arasında mübahisə olduğunu yazıb və Paşinyanın Tonoyana irad şəklində “niyə siz Azərbaycanın hərbi maşınını vurdunuz” söylədiyini də əlavə ediblər. Beləliklə, atəşkəsin pozulması Ermənistanda da siyasi rəhbərliklə hərbi nazirlik arasında qarşıdurma yaratdı. İndi sual yaranır ki, Ermənistan nə üçün atəşkəsi pozdu. Müxtəlif səbəblər göstərilə bilər, üçüncü tərəfin təsiri də mümkündür. Bilirsiniz, hər iki ölkədə hakimiyyətdaxili qüvvələr var ki, atəşkəsin pozulması və bununla da rəhbərliyə təzyiq etməkdə maraqlıdırlar. Azərbaycan tərəfinin itkiləri rəsmi Bakının hər hansı təxribata yaxşı hazır olmadığını göstərir. 2016-cı ilin aprel döyüşlərində də itkilərimiz çox oldu, yüksək səviyyəli zabitlərimizi itirdik. Əslində, bunlar olmamalıydı. Düzdür, 12 iyuldan sonra itkilər 4 il əvvəlki qədər çox deyildi, amma generalımızı vurublar və müharibədə belə olay baş verməmişdi. Onunla birlikdə yüksək rütbəli zabitlər də öldürülüb. Hamı da Polad Həşimovun peşəkar hərbçi olduğunu söyləyir. Ona görə də bu itkilər Müdafiə Nazirliyində ciddi problemlərin olduğunu göstərir. Necə olub ki, Ermənistan ordusu Qaraqaya girib? General necə vurulub? Bu suallar nazirlikdə anormal idarəetmə olduğunu təsdiqləyir. Son hadisələrdə siyasi rəhbərlik də məsuliyyət daşıyır. Xarici işlər nazirini vəzifəsindən azad etdilər. Müdafiə nazirinin və Baş Qərargah rəisinin məsuliyyəti yoxdurmu? Bunlar çox ciddi suallardır. Təəssüf ki, hakimiyyət son hadisələrdən qəzəbini müxalifətin, medianın və cəmiyyətin üzərinə yönəlir.

_36405.width-1024.jpg
Mehman Əliyev

Hakimiyyət hadisələrdən istifadə edərək müxalifətə qarşı repressiyalara başlayıb. Halbuki, müxalifət konsensusa gəlmək təklifini irəli sürdü, amma hakimiyyət buna getmədi. Əgər Prezident “bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var”,- açıqlamasını verirsə, həmin diplomatlar niyə nazirlikdə oturub? Əgər xəbərləri vardısa, niyə zamanında zərərsizləşdirməyiblər? Məgər, XİN-dəki son həbslər, nazirin vəzifəsindən azad olunması, diplomatların xarici kəşfiyyata işlədiklərinə, yaxud maliyyə nöqsanlarına görə idi? Problem ondadır ki, ölkə başçısı bu barədə danışır, amma tədbir görülmür. Konkret deyilməliydi ki, filankəslər həbs olunub və onlar dövlət sirlərini xarici kəşfiyyata ötürüb. “Dövlət sirri haqqında” qanun da var, əməl olunmalıdır. Əslində, birinci şəxsin narazılığı xaricdə hökumətə qarşı təbliğat quranlarla bacarmamaları idi. Əsas iradlar o idi ki, bizə qarşı tənqid və təhqir yağdırılır, amma siz onun qarşısını ala bilmirsiniz”.


“Azərbaycan neftinin Rusiya üzərindən daşınmasının Moskva üçün elə bir əhəmiyyəti varmı?”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:

“Azərbaycanın “Novorossiysk” neft kəmərində neftin nəqlinin yanvardan dayandırmasının atəşkəsin pozulmasında rol oynaması ehtimalını bölüşmürəm. Bu ehtimal aşağı səviyyəlidir.

Məsələ ondadır ki, Azərbaycan 2019-cu ilin 6 ayında da “Bakı-Novorossiysk” neft kəmərində neftin nəqlini dayandırmışdı. Bəs nə üçün o zaman Rusiya Bakıya qəzəblənmədi? Azərbaycan neftinin Rusiya üzərindən daşınmasının Moskva üçün elə bir əhəmiyyəti varmı? Ötən il Bakı həmin kəmərlə 800 min tondan bir az çox neft ötürüb. SOCAR-ın rəsmi açıqlamasına görə plan 585 min tondur.

İlham Şaban
İlham Şaban

Vaxt vardı “Bakı-Novorossiysk” neft kəmərindən 2 milyon ton neft daşınırdı, tədricən azaldı. 2000-ci ilin ortalarında “Bakı-Novorossiysk” neft kəmərindən 4 milyon tondan çox neft daşınan zamanlar olub. Məsələ ondadır ki, “Bakı-Novorossiysk” neft kəmərinin ötürülmə qabiliyyəti 5 milyon tondur, Azərbaycan isə 4.5 milyon ton daşıyıb. Başqa bir məqam, Rusiya cari ilin 6 ayında BTC vasitəsilə 1 milyon tondan bir qədər artıq neft daşıyıb. 2015-ci ildə Rusiya Xəzər dənizindəki iki yatağından 10 milyon ton neft daşıyıb. Əslində, Rusiya üçün Azərbaycanın infrastrukturundan isttifadə etmək daha məqbuldur. Elə həmin kəmərlə Qazaxıstanın 50 milyon, Türkmənistanın 2 milyon ton nefti gedir. İndi bu parametrlə baxdıqda, Rusiya Azərbaycanın neftinəmi qalıb sualı yaranır”.

Ana səhifəSiyasətSərhəddəki döyüşlərdə neft-qaz amili