Ağstafa rayonunun N saylı hərbi hissəsində qulluq edən əsgər Sənan Afət oğlu Hüseynov vəfat edib. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib.
2000-ci il doğumlu əsgər Sənan Hüseynov Cəlilabadın Söyüdlü kəndindəndir. Yaxınlarının sözlərinə görə, o, Ağstafadakı sərhəd qoşunlarında xidmət edirmiş. Bu yaxınlarda əsgərliyinin bir ili tamam olacaqmış:
“Ancaq olmadı, əsgərlik bitməmiş, ölüm xəbəri gəldi. Sənan qeyri-döyüş şəraitində ölüb. Ölümünün səbəbi kimi xəstə olması göstərilib. Əsgərliyə gedəndə yoxlanıldı, hər hansı bir xəstəliyi çıxmamışdı”.
Söyüdlü kənd sakinlərinin verdiyi məlumata görəsə, Sənan Hüseynov 4 gün hərbi hissədə ağır vəziyyətdə qalıb:
“Komada imiş və dünən vəfat edib. Əsgərin ölüm səbəbini valideynlərinə tam olaraq açıqlamayıblar. Eləcə xəstə olduğunu və buna görə öldüyünü deyiblər”.
Söyüdlü kəndinin icra nümayəndəsi Rəzzaq İsbatov Meydan TV-yə Sənan Hüseynovun əsgərlikdə həlak olduğunu təsdiqləyib. Onun döyüş şəraitində ölmədiyini deyib:
“Xəstələnib, rəhmətə gedib. Döyüşdə və ya hər hansı silahla yaralanmadan ölməyib. Onsuz da döyüş bölgəsində deyildi. Qan xərçəngindən dünyasını dəyişib (red: Leykemiya)”.
Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı hər hansı açıqlama verməyib.