Rauf Mirqədirov: Münaqişənin həllinə gedən yol Kremlin regionda apardığı siyasətin çərçivəsinə sığmır
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov müxalif qüvvənin Yerevanda polis məntəqəsini ələ keçirməsini şərh edərkən deyib.
O əlavə edib ki, olaylar Serj Sarkisyanın prezident postundan mümkün uzaqlaşdırılması ilə qorxusunu əhəmiyyətli dərəcədə artıracaq.
“Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir. Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir”, – deyə politoloq bildirib.
Sergey Markovun açıqkamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov deyib ki, Ermənistan və Azərbaycana xarici təsirlər kifayət qədər güclüdür. Düzdür, Ermənistana daha güclüdür, bu ölkə daxilində qüvvələr nisbəti Azərbaycandakı kimi deyil. Ermənistan daxilində Serj Sarkisyana qarşı güclü müxalifət var və bu qüvvələrin xarici əlaqələri də yaxşıdır. Belə bir halda ölkə daxilində gərginliyin yaradılmasıyla Qarabağla bağlı danışıqların ləngidilməsi mümkün olan haldır: “Ancaq son hadisələrin Ermənistanın aparıcı qüvvələrinin qərarı olduğuna da inanmıram. Hesab edirəm ki, danışıqların sürətinin azaldılmasında, güzəştlərə gedən yolun qapanmasında maraqlı olan xarici qüvvələr var və bu, əvvəllər olduğu kimi indi də ermənilərin əliylə edilir. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş nazirin, spikerin, deputatların güllələnməsini xatırlamaq yetər”.
Rauf Mirqədirov 17 iyulda Erubuni rayon polis idarəsinin zəbt olunmasının geniş miqyaslı aksiyalara çevriləcəyini düşünmür: “Amma müəyyən qüvvələr Sarkisyanı xəbərdar edirlər ki, güzəştə gedərsə, dövlət çevrilişi qaçılmaz olar. İndiki situasiya ondan ibarətdir ki, Azərbaycan 5, yaxud bir neçə rayonu azad olunması və ardınca Dağlıq Qarabağın aralıq statusuyla bağlı mərhələli varianta hazırdır. Mərhələli variantlardan biri regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi ola bilər. Ancaq Azərbaycan və Ermənistan sülhməramlıların Rusiya hərbçilərindən ibarət olmasında maraqlı deyillər. Bu halda münaqişənin həllinə gedən yol Kremlin regionda apardığı siyasətin çərçivəsinə sığmır. Ona görə Moskva münaqişənin hətta natamam həllinə gedən yolu da qapatmaq istəyir”.
Siyasi şərhçi Rusiya müdafiə naziri Sergey Şoyqunun ötən həftənin sonunda “Mərkəz Asiya və Cənubi Qafqazda Suriya böhranı təkrarlana bilər” açıqlamasını xatırladaraq bildirib ki, şimal ölkənin iqtisadi durumunun getdikcə pisləşməsi Kremlin postsovet məkanındakı ən yaxın tərəfdaşlarıyla münasibətlərindəki istifadə edə biləcək siyasi vasitələrin sayını azaldıb. Bu halda Rusiyanın xarici siyasətində bəzi problemlər yaranır. Belə olanda Rusiyadakı bəzi qüvvələr həmin dövlətlərdə daxili çaxnaşmalar yaratmağa maraqlıdırlar. Qazaxıstanda 18 iyulda baş verən hadisələr də sıradan deyil. Bununla da həmin dövlət rəhbərlərini özlərini müdafiə etmək üçün Moskvaya üz tutmaq məcburiyyətində qoyurlar. Deməli, Rusiyanın sosial-iqtisadi cazibadarlığı olmadığından bu resurslardan istifadə edir”.