Sergey Lavrovun Yerevan səfərinin yekunları barədə

”Indiki vəziyyətdə cəbhədə vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq olar ki, bu da Ermənistanda və Azərbaycanda daxili siyasi vəziyyətə təsir göstərəcək”

Source:


”Indiki vəziyyətdə cəbhədə vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq olar ki, bu da Ermənistanda və Azərbaycanda daxili siyasi vəziyyətə təsir göstərəcək”

Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun Yerevana səfərinin və danışıqlarının nəticələri siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Lakin informasiya qıtlığı dəqiq nəticələrə gəlməyə imkan vermir.

Bununla belə, aydındır ki, Lavrov Bakıda söylədiklərini Yerevanda da təkrar edib – Qarabağ ətrafında ərazilərin Qarabağın statusu ilə mübadiləsi.

Bu fikri “Kommersant” qəzeti də Lavrovun nümayəndə heyətindəki mənbəyə istinadən təsdiqləyib.

Əsasən Moskva nizamlanmaya dair Kazan layihəsinə qayıtmaq istəyir. 2011-ci ildə Azərbaycan bu plandan imtina edib. Belə ki, Rusiya nümayəndə heyətindəki mənbə qəzetə bildirib ki, 2011-ci ildə Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevin diplomatik səyləri sayəsində Qarabağ nizamlanmasına dair razılaşdırılmış müqavilənin imzalanmamasına görə “Azərbaycan rəhbərliyi məsuliyyət daşıyır: Ermənistan lideri Serj Sarqsyan ümumilikdə sənədlə razılaşıb, Azərbaycan prezidenti İlham Əliyev isə erməni tərəfi üçün məqbul olmayan onlarla düzəliş irəli sürüb”.

ATƏT-in Minsk Qrupuna yaxın mənbələrin sözlərinə görə, beynəlxalq vasitəçilərin təklif etdiyi kompromis variant belədir: Ermənistan Dağlıq Qarabağ ətrafında beş rayonu (yeddi rayondan) Azərbaycanın nəzarətinə verir. Azərbaycan Ermənistana qarşı iqtisadi blokadanı götürür. Dağlıq Qarabağa bölgənin təhlükəsizliyinə və özünüidarəetməyə zəmanət verən müvəqqəti  status verilir – onun yekun statusu və digər iki rayonun statusu haqqında referendumun keçirilməsi məsələsi başqa vaxta saxlanılır.

Bu ssenari münaqişə zonasına sülhməramlıların yeridilməsini və minalardan təmizlənməyə beynəlxalq yardımı nəzərdə tutur. Bundan əlavə, daxili köçkünlər və qaçqınlar bölgəyə qayıda bilər. Mənbə “Kommersant”a bildirib ki, bu təkliflər əsasən “Madrid prinsipləri”ndə də əksini tapıb. Bu prinsiplər hələ 2007-ci ildə ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülüb.

Lavrov Bakıda olarkən bildirib ki, təkliflər  çoxdan masa üzərindədir, onların ardıcıllığı və ya başqa bəndlər üzrə fikir ayrılığı var.

“Turan” İA-nin analitikləri hesab edirlər ki, Qarabağın statusu haqqında referendum məsələsi çətinlik yaradır. Belə ki, Bakı heç zaman regionun Azərbaycanın tərkibindən çıxmasına razı olmayacaq,  odur ki, indiki halda “razılaşma”dan danışmaq mümkün deyil. Həmçinin ermənilərin Azərbaycanın tərkibində muxtariyyətə razı olacağı ağlabatan deyil. Odur ki, indiki vəziyyətdə cəbhədə vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq olar ki, bu da Ermənistanda və Azərbaycanda daxili siyasi vəziyyətə təsir göstərəcək. Azərbaycan ordusunun gücünün artdığını nəzərə alaraq işğal edilmiş ərazilərin azad ediləcəyini proqnozlaşdırmaq olar. Bu proses və erməni tərəfin canlı qüvvə itkisi Qarabağda və Ermənistanda hazırki böhranı dərinləşdirəcək. Narazılığın artması Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayanın və onun hərbçilərdən ibarət tərəfdarlarının timsalında radikal qüvvələrin siyasi arenaya gəlməsinə səbəb ola bilər. Vəziyyətin kəskinləşməsi hərbi çevriliş və ya Qarabağ separatçılarının indiki rəhbərliyinin istefası ilə başa çata bilər. Belə olan halda cəbhədə proseslər artıq Yerevanın iradəsindən asılı olmayaraq inkişaf edəcək. Bunun məntiqi davamı isə böhranın Qarabağdan  Ermənistana keçməsi və artıq orada hakimiyyət dəyişikliyi ola bilər.

Tamamilə mümkündür ki, belə olan vəziyyətdə Robert Köçəryan, Arkadi Qukasyan və bəzi keçmiş hərbçilər siyasətə qayıtsınlar. Lakin erməni cəmiyyəti qarabağlıların rəhbərliyi altında olmaqdan imtina edərək özünə “özününkülər”dən yeni liderlər tapmağa cəhd edə bilər.

Belə ssenarinin reallığa çevrilməsinə dolayısı ilə cümə günü Yerevanda keçirilən etirazlar da xidmət edir. Bu aksiyaları fərqləndirən cəhət Rusiya əleyhinə ritorika, Yerevanda və Qarabağda hərbi və siyasi rəhbərliyin istefa tələbləridir.

Ana səhifəXəbərlərSergey Lavrovun Yerevan səfərinin yekunları barədə