Sergey Lavrovun Qarabağla bağlı nikbin bəyanatı

Qarabağ probleminin nizamlanması üzrə danışıqların intesivləşdirilməsinin vaxtı çatıb

Source:

Qarabağ probleminin nizamlanması üzrə danışıqların intesivləşdirilməsinin vaxtı çatıb.

RİA-Novosti agentliyinin məlumatına görə, bu barədə RF XİN rəhbəri Sergey Lavrov bildirib.

“Belə güman etməyə əsas var ki, bizim səylərimizin intesivləşdirilməsinin vaxtı çatıb”, – S.Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə bildirib.

Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub.

 S. Lavrov azərbaycanlı həmkarını Moskvada görməkdən məmnunluğu ifadə edib. O, eyni zamanda ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını da söyləyib.

 Rusiyalı nazir iki ölkə arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirərək, 2015-ci ildə payızında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.

Rusiya XİN başçısı 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini və bura Azərbaycanın sənaye və energetika nazirinin də dəvət olunduğunu bildirib. Bundan əlavə, rusiyalı nazir bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini söyləyib.

E. Məmmədyarov isə onu Moskvaya səfərə dəvət etdiyinə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bugünkü görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub.  O, həmçinin görüşün ölkə prezidentlərinin xarici işlər nazirlərinin qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.

Azərbaycanlı nazir İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib: “Şübhəsiz bu, regional sülhün təhlükəsizliyin təmin olunmasına böyük töhfədir. Biz, regionda qonşu olan ölkələr – İran, Rusiya Azərbaycan bu danışıqların müsbət nəticələnməsinə çox şadıq”.

Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Elmar Məmmədyarov, İranın nüvə problemi kimi çətin olan bir problemin müsbət həllindən sonra Dağlı Qarabağ münaqişəsinin həlli istiqamətində də irəliləyiş olacağına ümid etdiyini vurğulayıb.

Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın XİN başçısı burada Rusiyanın həmsədr ölkə kimi rolunu xüsusi vurğulayıb.

Ana səhifəXəbərlərSergey Lavrovun Qarabağla bağlı nikbin bəyanatı