Rusiyanın xarici işlər nazirinin səfəri müzakirə mövzusudur
“Noyabrın 16-da xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya işgüzar səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində, o, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. 20 noyabr tarixində isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri olacaq”.
Bunu Meydan TV-yə açıqlamasında XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Sergey Lavrovun Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən deyib.
O bildirib ki, səfər çərçivəsində qonşu və dost dövlətlər olan Azərbaycanla, Rusiya arasındakı ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunacaq:
“Regional məsələlər daxilində fikir mübadiləsi aparılacaq və təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq”.
H.Hacıyev Rusiyanın müəyyən şərtlər daxilində beş rayonun azad edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Bu barədə hər hansı bir rəsmi məlumat yoxdur və KİV-lərdə müzakirə olunan ümumi məsələlərdi. Münaqişənin həlli hamıya aydındır, Azərbaycanın mövqeyi də bəllidir. Azərbaycanın mövqeyinin əsasını da BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Bu qətnamələrdə ölkəmizin ərazı bütövlüyü, suverenliyi bir daha təsbit olunub və işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyri-şərtsiz çıxarılması tələb olunur”.
Siyasi icmalçı Elxan Şahinoğlu bugünlərdə deyib ki, Rusiya Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərt irəli sürə bilər:
“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi”.
Onun bu fikri ölkə mətbuatı ilə yanaşı, Rusiya, Ermənistan mətbuatında da müzakirələrə səbəb olub.
Mühacirətdə yaşayan Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Azərbaycanın xarici işlər nazirinin Moskva səfəri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və Yerevan səfərləri fərqlidir:
“Məsələ ondadır ki, Elmar Məmmədyarovun Moskva səfəri müəyyən qrafik üzrə əvvəlcədən nəzərdə tutulmuşdu. Burda söhbət Ermənistanın xarici işlər naziri Nalbandyanla Məmmədyarovun Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündən gedir. Bu görüşdən sonra prezidentlərin növbəti görüşünün baş tutmasının mümkünlüyü vurğulanmışdı. Amma Sergey Lavrovun Bakı və Yerevan səfəri heç bir təqvimdə nəzərdə tutulmamışdı, bu, gözlənilməz səfərdir. Əgər belə bir qrafik var idisə, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova ötən həftə keçirdiyi brifinqdə bu barədə açıqlama verərdi, amma buna heç işarə də etmədi”.
Rauf Mirqədirov bildirib ki, Lavrovun səfərlərinin Türkiyə prezidenti Ərdoğanın Rusiya başçısı Putinlə görüşündən sonra baş verməsi bəzi ehtimallar irəli sürməyə imkan verir, amma bu ehtimallar xoşagələn deyil:
“Putinlə Ərdoğan arasında Dağlıq Qarabağ müzakirələri aparılıb, razılaşmalar olmasa da, ümumi fikir formalaşıb. Bax, bu ümumi fikri Bakıya və Yerevana Lavrov aparır. Ehtimallar ona görə pozitiv deyil ki, Rusiya dövlət olaraq Dağlıq Qarabağ probleminin həllində əngəldir. Baxın, Lavrov bir müddət əvvəl demişdi ki, əgər Qərb düzgün siyasət aparsaydı, Dağlıq Qarabağ, Osetiya, Dnestryanı və başqa münaqişələr çoxdan həll olunacaqdı. Əslində, Lavrov bir sıra münaqişələrin yaranmasında Rusiyanın rolunu etirafı edir və problemlərin həllinə də Kremlin imkan vermədiyini deyirdi. Belə bir halda Lavrovdan yaxşı təkliflər gözlənilmir. Ümumiyyətlə, Rusiyadan gələn təkliflər bu dövlətin regionda mövqeyinin güclənməsi ilə bağlı ola bilər. Məsələ ondadır ki, Ankara 1920-ci ildə apardığı siyasəti yenidən təkrar edir, sadəcə, o vaxt zərurət idi, Atatürkün başqa çıxış yolu yox idi, dövləti itirə bilərdilər, ona görə Azərbaycanı qurban verdilər. İndi isə Ərdoğan özünün hakimiyyətini qorumaq üçün oxşar addımlar atır”.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.