Sergey Lavrov: Azərbaycanla münasibətlərimiz inkişaf edir

”Belə iqtisadi münasibətlər yalnız hakim elitanın maraqlarına cavab verir”

Source:


”Belə iqtisadi münasibətlər yalnız hakim elitanın maraqlarına cavab verir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında Azərbaycanla münasibətlərin inkişafından danışıb.

Diplomat deyib ki, regionların xətti ilə Azərbaycanla münasibətləri inkişaf edir.

Məlumatı APA yayıb.

Bildirilir ki, Sergey Lavrov çıxışında sentyabrda Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunu da xatırlayıb:

“Forumda Rusiya ilə Azərbaycan arasında beş ikitərəfli sənəd imzalanıb. Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir”.

Nazir bildirib ki,  Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində “Lotos” xüsusi iqtisadi zonada zavodların inşa edilməsində iştirak edirlər.

S.Lavrov Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslandığını da qeyd edib:

“Regionlar xüsusi iqtisadi zonalar və orada təqdim olunan güzəştlərin bütün imkanlarından istifadə edərək əlverişli investisiya mühitinin yaradılması üçün məqsədyönlü işlər görür”.

Sergey Lavrovun açıqlamasını Meydan TV-yə Avropada mühacir həyatı yaşayan, siyasi icmalçı Rauf Mirqədirov şərh edib. O, deyilənləri normal sayıb:

“Çünki Rusiyanın regionlarının müxtəlif dövlətlərlə bir-birindən fərqlənən xarici iqtisadi əlaqələri var. Məsələn, Rusiya ilə birbaşa bağlılığı olmayan Kalininqradın Qərb ölkələri ilə iqtisadi münasibətləri yaranıb. Yaxud Rusiyanın Uzaq Şərq hissəsi Yaponiya ilə iqtisadi əlaqələr qurub. Eləcə də, Rusiyanın cənub regionları Dağıstan, Həştərxan Azərbaycanla iqtisadi əlaqələri yerli səviyyədə və investisiya qoyuluşları çərçivəsində qurub. İnvestisiya qoyuluşları normaldır, amma regional səviyyədə xarici əlaqələri XİN koordinasiya edir. Həmin müşavirə də yalnız Azərbaycanla bağlı deyildi”.

Rauf Mirqədirov deyir ki, Azərbaycan və İran Rusiyanın cənub regionlarında daha fəaldırlar.

Rusiyanın cənub regionlarında iqtisadi, investisiya fəallığının Azərbaycanın maraqlarına nə dərəcədə cavab verməsinə gəlincə, R.Mirqədirov təəssüflənir ki, şimal qonşu da daxil olmaqla, postsovet məkanındakı dövlətlərdə hüququn aliliyi təmin olunmur:

“Türkiyə haqqında da bunu demək olar. Qanunun aliliyi təmin olunmayan ölkələrə investisiya qoyuluşu isə həmişə təhlükəlidir. Böyük risklər olur. Məsələn, Almaniyanın “Simiens” şirkətini götürək. Rusiya belə nəhəng şirkətin qarşısında öhdəliyini yerinə yetirmirsə, Azərbaycandan olan investorlara hansı münasibəti sərgiləyəcək? Başqa bir misal, Rusiyanın Türkiyə ilə hərbi-siyasi problemləri yaranan kimi Moskvanın iqtisadi sanksiyaları işə düşdü”.

Rauf Mirqədirov

Rauf Mirqədirov təəssüf edir ki, Azərbaycanın bir sıra iqtisadi-ticari əlaqələrinin bir çox məqamları “siyasi rüşvət” xarakteri daşıyır:

“Sanki Bakı deyir ki, biz bunu edirik, amma bizi sakit buraxın, çox toxunmayın. Ya da, Qarabağ məsələsində neytral olun. Problem ondadır ki, Azərbaycan-Rusiya silah müqavilələrində birbaşa korrupsiya elementlərinin olmasını bir kənara qoyaq, baxın, çox bahalı və güclü silahlar alırıq, bunları praktikada tətbiq imkanlarımız məhduddur. Çox nadir variantlar var ki, C-400-ü tətbiq edək. Məsələ ondadır ki, belə iqtisadi münasibətlər hakim elitanın maraqlarına cavab verir. Çünki investisiya vasitəsilə “çirkli pullar” da təmizlənir. Axı Rusiya həmin pulların mənbəyini soruşmur. İkinci, proses şəffaf aparılmadığından Azərbaycan cəmiyyəti investisiyanın miqyasını, mənbəyini və xarakterini bilmədiyindən izahat da tələb etmir. SOCAR və Hafiz Məmmədovun investisiya qoyması fərqli şeylərdir. Düzdür, son dövrlər Azərbaycanın Rusiyadakı turizm zonalarının, istirahət, sanotoriya şəhərlərinin yenidən qurulmasında iştirak etməsi xəbərləri yayılır. Amma hansı kanallar vasitəsilə sualı açıq qalır. Ümumiyyətlə, Rusiyaya yatırım qoyanda ABŞ-ın bu ölkəyə sanksiyalarını nəzərə almaq lazımdır. Elə sahələrə yatırım qoyulmalıdır ki, Azərbaycan şirkətləri gələcəkdə həmin sanksiyalara düşməsin”.

Rauf Mirqədirov deyir ki, belə xəbərlərdə əsas iki məqam diqqətini çəkib:

“Birinci, sosial-iqtisadi ağır olan şəhərlərin yenidən qurulması uzunmüddətli olduğundan “siyasi rüşvət” xarakteri daşıyır. İkinci məqam “çirkli pullar”ın leqallaşdırılmasıdır. Məsələn, Hafiz Məmmədovun yatırım qoymasının arxasında siyasi iradə dayanır, çünki Rusiya və Azərbaycanda biznes azad deyil”.

Ana səhifəXəbərlərSergey Lavrov: Azərbaycanla münasibətlərimiz inkişaf edir