Sergey Lavrov: Atəşkəsə əməl olunur, amma tam yox

“Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu, heç Türkiyənin qarşısında da belə bir vəzifə durmurdu”.

Source:


Rusiyalı nazir: "İlham Əliyev Moskva razılaşmasını alqışlayıb"

“Ermənistanla Azərbaycan arasında atəşkəsə əməl olunur, amma tam yox”.

Bu açıqlamanı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov oktyabrın 12-də erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdə səsləndirib.

Lavrov bildirib ki, 10 oktyabrda Moskvada qəbul olunan birgə bəyanatda danışıqlar prosesinin, danışıqlar formatının dəyişməz olduğu təsdiqlənib.

O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulmasının mümkünlüyünə də toxunub: “ATƏT-in Minsk Qrupu olduqca çox saylı ölkələr qrupudur. Danışıqları aparmaq üçün səlahiyyət üç həmsədrə – Rusiya, ABŞ və Fransaya verilib. Dünya paytaxtlarından səslənən bəyanatlarda üç həmsədrin mandatına bağlılıq ifadə olunub”.

Rusiyalı nazir onu da deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva razılaşmasını alqışlayıb.

O, Moskva danışıqları zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışdığını da bildirib: “Onu məlumatlandırdım ki, səylərimizə dəstəyə ümid edirik. Bazar günü biz yenə telefon danışığı apardıq, bu zaman yenə də Moskva sənədinə dəstək təsdiqləndi”.

Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində Türkiyənin bəzi mətbuat orqanlarında “nə üçün Türkiyə Moskvada olmayıb” sualına da toxunub: “Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu, heç Türkiyənin qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil, bu, sadəcə, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi”.

Dövlət başçısı Minsk Qrupunun 1992-ci ildə formalaşdığını xatırladaraq deyib ki, qrupun mövcudluğu formal xarakter daşıyır: “Əgər biz bu münaqişənin həllini istəyiriksə, biz istəyirik, orada elə ölkələr olmalıdır ki, onların gücü də, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. Minsk Qrupu həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər 3 ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün Türkiyə də həmsədr olmasın?! Ona görə də bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.

İlham Əliyev deyib ki, artıq geosiyasi reallıqlar dəyişib: “1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, onları qıcıqlandırır. Onlar öyrəşiblər, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edib. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Bizim bölgəmizdə hansı məsələ Türkiyəsiz həllini tapdı? Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir. Bu, reallıqdır və onunla hesablaşmaq lazımdır. Ona görə də müzakirələrin nə zaman başlaya biləcəyini mən indi deyə bilmərəm. Çünki bir halda ki, Ermənistan bu atəşkəsi pozur, inanmıram ki, danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda, “de-yure”, ya da “de-fakto” Türkiyə mütləq bu problemin çözülməsində olmalıdır və zatən var”.

Ana səhifəSiyasətSergey Lavrov: Atəşkəsə əməl olunur, amma tam yox