Mənə həmişə maraqlı gələn məsələ var. Əlimizin altında bu qədər informasiya ola-ola yenə də inanmaq istədiyimiz şeylərə inanırıq. Bunun səbəbləri haqqında da oxumuşam, qeyri-adi bir şey yoxdur, çox normaldır, amma mənə yenə qəribə gəlir. “Google”, “wikipedia” kimi resurslar var. Ümumiyyətlə, internet elə bir şeydir ki, əksər insanların təsəvvürlərini zorlayır. Yəni sən tapmaq istədiyin şeyi internetdə tapa bilərsən. Çox nadir adam olar ki, elə məlumat istəsin ki, onu internetdə tapmaq mümkün olmasın. Amma camaat nə edir? Bir şey oxuyur və ya baxır, eşidir, onun doğruluğunu yoxlamaq əvəzinə öz süzgəcindən keçirir, “yaxşı-pis” olduğuna qərar verir, yəni haqqında bir məlumat olmadan mühakimə edir və inanıb-inanmamaq barədə qəti qərara gəlir.
Tez-tez məşhurların saxta ölüm xəbəri yayılır. Nə qədər adam kədərlənir. Halbuki xəbəri yayan saytın adına baxanda bilinir ki, nəsə işlər düz getmir. “Google”-a həmin adamın adını yazan kimi isə onun barəsində getmiş son xəbər filankəsin “saxta ölüm xəbəri yayıldı” başlığı ilə gedir. Amma adamlar “Google”-a baxmaq əvəzinə kədərlənirlər, sevimli aktyorlarının ölümünə yas tuturlar. Düşünürəm ki, o adamlar özlərindən asılı olmadan o aktyorun ölümünü arzulayırlar, onun ölümünə kədərlənmək hissini yaşamaq istəyirlər, ona görə də bu barədə bircə cümlə görən kimi araşdırmadan inanırlar.
O gün bir video yayılıb. Hardasa bir qrup adam günəş panellərini qırır. Paylaşanlar, şərh yazanlar o adamları söyürlər. Bəziləri onların öldürülməli, kosmosa atılmalı olduğunu iddia edirdi. Bir nəfər görmədim, çıqqılı bir axtarış eləsin, görək, nə baş verir. Axı bir adam niyə günəş paneli kimi zərərsiz şeyi qırsın?! “Google”-a yazdım, məlum oldu ki, Seneqalda baş verən bu hadisədə görünən adamlar həmin günəş panellərini quraşdırmış fəhlələrdir, səbəb isə onların maaşının verilməməsidir. Çinin hansısa şirkəti fəhlələri işlədib, pulunu da vermir.
Əlbəttə, maaş ala bilməyən adamın vandallıq etməsi düzgün deyil. Amma səbəbi bilmədən o adamları təhqir etmək, öldürməyi məsləhət görmək vandallıqdan o yanadır. Biz o adamların hansı siyasi rejim altında, hansı sosial şərtlərlə, hansı iqtisadi şəraitdə yaşadığını bilmirik. Bəlkə, bu etiraz onların son variantıdır, bəlkə özlərindən asılı olmayan səbəblərdən savadsız qalıblar, o panellərin nəyə lazım olduğunu anlamırlar və s. Ludditləri xatırlayırsınız, yəqin. XIX əsrdə İngiltərədə sənaye inqilabının gətirdiyi maşınlar əl əməyi işçilərini işsiz qoyurdu, onlar da kütləvi olaraq maşınları qırırdılar.
Elm və texnologiyanın təkamülün beyində apardığı ləng inkişafa nisbətdə fantastik sürətlə inkişafı qəribə mənzərə ortaya çıxarıb. Bizim beynimiz, əsasən, insan sürüsü halında yaşadığımız zaman formalaşıb. Homo növündən olan heyvan (yəni biz) ovçuluq-yığıcılıqla 2 milyon ilə yaxın məşğul olub, əkinçilik, maldarlıq, sənaye və s. ilə isə təxminən 10 min il. “Təbiət inqilabları sevmir”, orda dəyişiklik yavaş-yavaş, tədricən gedir. Bizim beynimiz bu qədər nəhəng informasiya axınına hazır deyildi. Çünki bu beyin 2 milyon il heyvanı tələyə salıb, yaxud başqa üsulla ovlamağa, yeməli bitkiləri yığmağa xidmət edib.
Son bir neçə onillikdə bu ibtidai orqana internetdən saysız-hesabsız informasiya girir. İnsan beyni bu qədər çox informasiyanı çeşidləyib, əhəmiyyətinə görə düzüb, özünə lazım olanları götürmək gücündə, qabiliyyətində deyil. Bu qabiliyyət olmadığına görə beynin “emosional” adlandırdığımız sahəsi işə düşür. Başqa sözlə, xoşumuza gələni, ləzzət eləyəni götürürük. ABŞ-a nifrəti olan adama “Amerika McDonalds vasitəsilə hamıya xüsusi gen yeridir” desəniz, buna inanmağa meylli olacaq (əksəriyyəti də inanır). Çünki buna inanmaq onun nifrət hissini oxşayır, xoşuna gəlir, həzz verir.
Ona görə də araşdırmaçıların dediyi kimi, senzura pre-internet dövründəki kimi “qadağan etmək”lə işləmir, əksinə senzura dövriyyəyə daha çox informasiya buraxmaqla işləyir. Lazımsız, insanların fikrini qarışdıran, düzgün qərar verməsini çətinləşdirən informasiya. Ona görə də saxta xəbər yayan, ümumiyyətlə, dəqiqləşdirmədən inandığı xəbəri yayan, araşdırmadan inanmaq istədiyinə inanıb başqalarına da bunu məsləhət görən adamlar senzora xidmət edirlər, öz miqyaslarında senzorluq edirlər.
Bu, elə qəribə situasiyadır ki, ifadə azadlığı həmişəki kimi daha çox informasiyanın yayılmasının yox, yayılanların əksəriyyətinin yayılmamasının tərəfindədir. Belə demək mümkünsə, senzorla azadlıq yerini dəyişib. İndi senzor daha çox informasiya yayır, ifadə azadlığı isə bunun qarşısında durur və ya durmalıdır.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.