17.20. Bakı Apellyasiya Məhkəməsi Murad Ədilovun Nərimanov Rayon Məhkəməsindən şikayətini təmin etməyib.
Məlumatı Meydan TV-yə vəkil Yalçın İmanov verib. Vəkil artıq Avropa Məhkəməsinə şikayət göndərdiklərini bildirdi.
***
“AXCP üzvü saxlanılarkən pis rəftara məruz qalması barədə faktı tanınmalıdır”
Sentyabrın 11-də saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində AXCP Sabirabad rayon şöbəsinin üzvü, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovun şikayətinə baxılacaq.
Meydan TV-yə Murad Ədilovun vəkili Yalçın İmanov bu barədə bildirib ki, apelyasiya şikayətləri Nərimanov məhkəməsinin onların qaldırdığı iddianı təmin etməməsinə görədir.
“Nərimanov Rayon Məhkəməsində tələb edilmişdi ki, Murad Ədilovun saxlanılarkən pis rəftara, işgəncəyə məruz qalması barədə faktı tanınsın. Sentyarın 3-də keçirilən prosesdə isə yerli məhkəmə əsassız, qanunsuz olaraq iddianı rədd etmişdi”,-deyə vəkil İmanov bildirib.
AXCP üzvü Murad Ədilov avqustun 11-də yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində saxlanılarkən və rayon polis idarəsində amansız işgəncələrə məruz qalıb. Bakıdan gələn əməliyyatçıların azı 5-i rayon polis rəisinin müavini Əlfağa Kazımovun və Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirakı ilə Muradı bir saata yaxın döyərək ondan öz iradəsi əleyhinə ifadə almağa çalışıblar. Verilən işgəncələrin yeri uzun müddət Murad Ədilovun bədənində izini saxlasa da Nərimanov məhkəməsi o izləri görmək istəməmişdi.
Murad Ədilova qarşı külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. O və yaxınları, vəkillər ittihamı rədd edir və həbsini siyasi sirafişlə əlaqələndirirlər.