Sentyabr “Təhlükəsiz iş ayı” elan olundu

İstehsalatda xəsarət alanların sayı azalıb

Source:

İstehsalatda xəsarət alanların sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ilin sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub.

ƏƏSMN-nin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır.

Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, “Təhlükəsiz iş aylığı” çərçivəsində Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə əməyin mühafizəsi normalarının daha çox pozulduğu avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Bakıda və respublikanın regionlarındakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin işçilərinin, habelə işəgötürənlərin iştirakı ilə maarifləndirmə xarakterli seminar-müşavirələrin, dəyirmi masaların, görüşlərin keçirilməsi də nəzərə tutulur.

Qeyd edək ki,  ilk dəfə olaraq ötən ilin sentyabrında ölkəmizdə “Təhlükəsiz iş həftəsi”, sonralar cari ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında isə “Təhlükəsiz iş aylığı” keçirilib.

Cari ilin birinci yarımilində əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb.

Ana səhifəXəbərlərSentyabr “Təhlükəsiz iş ayı” elan olundu