Sensasiya, sürpriz, göz yaşı dolu çempionat haqda qeydlər

Fotolar: FİFA

Yazar: Turan Muxtar

36 illik həsrətin sonu… Və ya, “kral öldü, yaşasın yeni kral”

Dekabrın 18-də futbol üzrə daha bir böyük “tamaşa” başa çatdı. Bu “tamaşa”nın final səhnəsi o qədər təsirli, dramatik alındı ki, bəlkə, ən yaxşı rejissorlar belə, bu cür finalı səhnələşdirə bilməzdilər. Argentina millisi 36 ildən sonra yenidən dünya futbolunun zirvəsində yer almağı bacardı. Onlar 1986-cı ildən bəri həsrətlə bu anı gözləyirdilər. Amma Qətərdə keçirlən dünya çempionatında qızıl medallara sahib çıxmağı gözləyən təkcə onlar deyildi.

Favoritlər

Hələ dünya çempionatı başlamazdan əvvəl futbol mütəxəssisləri, bukmeker kontorları Qətərdəki mundialı qazanmağa əsas favoritlərinin adlarını açıqlayırdılar. Əsas favoritlər kimi Braziliya, Fransa, İspaniya, İngiltərə, Almaniya, Portuqaliya və… Argentina millisi göstərilirdi. Argentinadan başqa, digərlərinin favorit göstərilməsinin səbəbi aydın idi: güclü heyətlər. Xüsusən də, Neymar, Vinisius Junior, Markinyos, Kazemiro, Alisson Bekker, Rafinya, Riçarlison kimi futbolçulara sahib Braziliyanın və Kilian Mbappe, Osman Dembele, Antuan Qrizmann, Olivye Jiru kimi oyunçuların olduğu Fransa yığmasının şansları çox yüksək qiymətləndirilirdi.

Bəs Argentina niyə DÇ-2022-nin favoritləri arasında göstərilirdi? Onların Braziliya, Fransa, İngiltərə, İspaniya, İngiltərə və Portuqaliya kimi “ulduzlar”la dolu heyəti yox idi axı. Argentinanı favoritlərin arasına salan Amerika kubokunun son qalibi olması, uzun zaman məğlub olmaması və komandanın lideri Lionel Messi amili idi. Həmin Messi ki, Qətərə ayaq basanadək qazandığı saysız-hesabsız mükafatların, titulların arasında dünya çempionluğu çatışmırdı.

DÇ-2022-nin sensasiyaları

Noyabrın 20-də start götürüb, dekabrın 18-də başa çatan mundialda bir neçə sensasiya yaşandı. Ancaq üç böyük sensasiya oldu ki, bunlardan birincisi 2014-cü ildəki dünya çempionatının qalibi olan Almaniya yığmasının qrupdan çıxa bilməməsi idi. İspaniya, Yaponiya və Kosta Rika ilə eyni qrupda yer alan almanlar 3-cü yeri tutaraq, pley-off mərhələsindən kənarda qaldı. Yaponların İspaniya və Almaniya kimi güclü komandaların arasından çıxıb, qrup birincisi olması isə başqa mövzudur.

DÇ-2022-ni izləyənlərə ikinci “şok”u ispanlar yaşatdı. Kifayət qədər güclü heyətə sahib olan İspaniya millisi 1/8 final mərhələsində dayandı. Özü də, hansısa favorit sayılan, adlı-sanlı komandaya yox, Mərakeşə. Amma İspaniya yığmasını oyunsonrası penaltilər seriyasında keçən afrikalılar adlarından hələ yenə söz etdirəcəkdilər…

Daha bir sensasiya isə mundialın 1/4 final mərhələsində yaşandı. DÇ-2022-ni qazanmağa ən böyük namizədlərdən sayılan Braziliya millisi Xorvatiya səddini keçə bilmədi. “Sambaçılar” da oyunsonrası penaltilər seriyasında uğursuzluqla üzləşdilər və dünya çempionu olmaq xəyalları suya düşdü.

DÇ-2022-nin sürpriz komandası

İstisnasız və mübahisəyə əl yeri qoymadan, Qətərdə keçirilən dünya çempionatının sürpriz komandası Mərakeş yığması oldu. Turnirdən əvvəl kimsə desəydi ki, mərakeşlilər DÇ-2022-nin yarımfinalına kimi irəliləyəcək, yəqin onun dəli olduğunu düşünərdilər. Ancaq futbol proqnozların alt-üst olduğu idman növüdür. Afrika təmsilçisi əvvəlcə Belçika və Xorvatiya yığmalarının yer aldığı F qrupunda birinci yeri tutdu (Belçikanın bu qrupdan çıxa bilməməsini də kiçik sensasiya saymaq olar). Daha sonra onlar 1/8 final mərhələsində 2010-cu ilin dünya çempionlarını – ispanlarını mübarizədən kənarlaşdırdılar. Ardınca isə Kriştiano Ronaldolu Portuqaliya millisi 1/4 finalda Mərakeşə boyun əyməli oldu. Bununla da, Afrikanın tarixində ilk dəfə olaraq bu qitədən bir komanda dünya çempionatının yarımfinalında oynamaq haqqı qazandı. Düzdür, mərakeşlilər yarımfinalda Fransa millisinə 0:2 hesabı ilə məğlub oldular. Amma heyətində “Çelsi”də forma geyinən Hakim Ziyex və PSJ-də çıxış edən Əşrəf Hakimidən başqa, elə də məşhur futbolçuların olmadığı komandanın dünya çempionatının yarımfinalına kimi irəliləməsi də böyük uğur sayıla bilər.

Rekordlar

Argentina millisinin kapitanı və lideri Lionel Messi dünya çempionatlarında 26-cı oyununa çıxmaqla, Almaniya yığmasının keçmiş üzvü Lotar Matteusun rekordunu qırdı.

Qətərdəki mundial bir rekordla da yadda qaldı. 172 qolun vurulduğu turnir tarixə ən çox qolun qeydə alındığı dünya çempionatı kimi düşdü. Təkcə bu fakt DÇ-2022-nin nə qədər maraqlı və baxımlı keçdiyini göstərir. Futbolun gözəlliyi qol deyilmi?

Hə, bir də, DÇ-2022-i tarixə ilk dəfə qışda keçirilən mundial kimi düşdü.

“Kral öldü, yaşasın yeni kral”

DÇ-2022-nin finalına çıxanadək həm Argentina, həm də Fransa millisi kifayət qədər güclü rəqiblərlə qarşılaşmışdı. Cənubi amerikalılar 1/8 final mərhələsində Avstraliyanı, ardınca Niderlandı, yarımfinalda isə Xorvatiyanı mübarizədən kənarlaşdırmışdı. Fransanın ən böyük imtahanı isə 1/4 finalda 2:1 hesabı ilə məğlub etdiyi İngiltərə qarşı olmuşdu. Final oyunu Cənubi Amerikanın və Avropanın iki böyük, güclü milli komandasını üz-üzə gətirəcəkdi. Biri Amerika kubokunun qalibi, digəri isə DÇ-2018-in qızıl medallarının sahibi. Əksəriyyət dramatik keçən, bəzi anlarında qorxu, bəzi epizodlarında döyüş filmlərini xatırladan final oyununu izləyib deyə, bu barədə uzun-uzadı yazmağa dəyməz. İndi artıq bir şey dəqiqdir ki, dünya futbolunun çempionunun adı dəyişib. Bu, 1978 və 1986-cı illərdən sonra üçüncü dəfə mundialın ən güclüsü adını qazanan Argentina millisidir. Fransa isə… Necə deyərlər, “kral öldü, yaşasın yeni kral”.

Argentina necə çempion oldu?

Bir neçə kəlmə də Argentinanın çempionluğu haqda.

Argentinalıların heyəti DÇ-2022-nin əsas favoritləri olaraq göstərilən komandalarla müqayisədə daha zəif olsa da, onları uğura aparan bir neçə vacib amil oldu. Birincisi, baş məşqçi amili. Lionel Skaloni komandanın lideri və kapitanı Messinin kölgəsində qalsa da, turnir ərzində daim düzgün və yerində verilən qərarları ilə çempionluqda böyük pay sahibi oldu. Argentinalılar çempionatın qrup mərhələsinin ilk turunda gözlənilmədən Səudiyyə Ərəbistanına uduzdu. Skaloni bu məğlubiyyətdən elə bir dərs çıxardı ki, o dərsin sayəsində komandası bir daha uduzmadı və qızıl medallara sahib çıxdı. Məsələn, Səudiyyə Ərəbistanına qarşı matçda start heyətində yer alan Lautaro Martines bir daha DÇ-2022-nin qalan oyunlarında əsas heyətdə görünmədi. Baş məşqçi onun əvəzində “Mançester Siti”nin gənc hücumçusu Xulian Alvaresə şans verdi ki, o da mundialın qalan bütün oyunlarında ümidləri artıqlaması ilə doğrultdu.

Səudiyyə Ərəbistanı demişkən, argentinalıların uğurunda az da olsa, onlara məğlubiyyətin də rolu oldu. Həmin məğlubiyyət sanki cənubi amerikalıları ayıltdı. Elə ayıltdı ki, DÇ-2022-nin sonuna bir daha məğlubiyyət nə olduğunu bilmədilər.

Və təbii ki, Messi amili. Onun topa sehrli toxunuşları, vurduğu qollar, verdiyi ötürmələr, Argentina millisinin digər futbolçularının ətrafında bir yumruq kimi birləşərək, oyunlarda meydançanın hər qarışı uğrunda yorulmadan mübarizə aparmaları dünya çempionluğunu gətirdi. Bütün argentinalıları, bu komandanın, Messinin planetin müxtəlif yerlərindəki milyonlarla azarkeşini sevinc göz yaşlarına boğan dünya çempionluğunu.

Ana səhifəMənim FikrimcəSensasiya, sürpriz, göz yaşı dolu çempionat haqda qeydlər