Vəkil məhkum olunmuş AXCP üzvlərinə baş çəkib
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbsdə gününü kitab oxumaqla keçirir.
Sentyabrın 19-da vəkil Yalçın İmanov Qəhrəmanlının saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.
Bu barədə Meydan TV-yə danışan vəkil deyib ki, F.Qəhrəmanlı əhval-ruhiyyəsinin yaxşı olduğunu, səhhətində hər hansı bir problem olmadığını, gününü əsasən kitab oxumaqla keçirdiyini söyləyib.
F.Qəhrəmanlı AŞPA həmməruzəçisi Şennakın onunla həbsxanada görüşdüyünü də bildirib.
Vəkil 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Ədilovla da görüşüb.
Ədilov da saxlanma şəraitindən hər hansı bir narazılığının olmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Fuad Qəhrəmanlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
Murad Ədilov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
“Amnesty İnternational” beynəlxalq insah haqları təşkilatı hər iki şəxsi “vicdan məhbusu” elan edib.