Dostlar bilir, geyim, saç tərzim xeyli qeyr-standartdır. Buna görə çox vaxt şəhərdə məni turist bilirlər. bəzən gülməli, bəzən ağlamalı vəziyyətlərə düşürəm buna görə. Son vaxtlar da bu Avropa oyunları məsələsi aktuallaşıb, ona görə turist olduğumu düşünənlər xeyli artıb. Xüsusilə oğlanlar tursit olduğumu düşünəndə, qeyri-adi dərəcədə gülməli hallar yaranır…
Bəri başdan etiraf edim ki, azərbaycan oğlanlarının bu qədər centlmen, komplimetcanlı, bu qədər xoş təssürat yaradacağını 32 ildir, bu ölkədə yaşamağıma baxmayaraq, görməmişəm. Hətta bir dəfə küçədə gedəndə şortik geyindiyim üçün nalayiq söyüşlərə , təhqirlərə məruz qalmışam bu centlmenlər tərəfindən. Hər birimiz cəmiyyətdəki qadına qarşı münasibətin necə olduğunu yaxşı bilirik. Hələ bir balaca fərqli görünüş, şortik-filan oldusa, vəssalam, gərək bütün bunları gözə alıb, xeyli qəhramanlıq sərgiləyəsən, bir sözlə döyüşə, hər zaman hazır olmalısan.
Ümumiyyətlə, qadın olsun, kişi olsun, fərqi yoxdur, bizim ölkədə fərqli geyinən adam küçəyə çıxanda sanki döyüşə gedir. Zərbə hər an, hər kəs tərəfindən ola bilər. Gərək, hər an hazır olasan.
Amma Avropa oyunları ilə bağlı ölkəyə gələn turistlər, bir balaca vəziyyəti dəyişir son vaxtlar. Son aylar şəhərdə məni turist kimi qəbul edirlər, ona görə də, şortiklə rahat gəzə bilərəm.
İki-üç gün bundan əvvəl metronun “Sahil” stansiyasından çıxar-çıxmaz, bir oğlan qarşımda əyilib, “Welcome to Azerbaijan”dedi. Sözün düzü, o qədər gözlənilməz oldu ki, nə isə deməyə macal tapmadım, o qədər duyğulandım ki, doğurdan da özümü hansısa ölkənin vətəndaşı hiss etdim bir anlıq. Yolüstü bir şirniyyat dükanına girdim, çox acdığım üçün bir-iki şey alıb, yolda yeməyə qərar verdim.
İçəri girən kimi, satıcılar gülər üzlə “Welcome, Welcome”kəlmələrini düydülər uc-uca. Satıcılar qadın idi, sonra tez bir kişi də gəldi və ingilis dilində “nə buyurursunuz, xanım?” dedi. Hamsı da gülə-gülə. Oqədər pozitivlik yayırdılar ki, “mən azərbaycanlıyam” sözünü deməyə ürək etmirdim. Necə deyim, bilirəm axı, o dəqiqə sifətlər dəyişəcək, neqativ auranın yaranacaq, qanqaraçılıq düşəcək. Rahatca alacağımı aldım, müştəri məmuniyyəti ilə, o qədər rahat, pozitiv halda çıxdım ki, dükandan sanki bütün problemlərimi həll etmişəm.
Hava qaralır və mən şortik geyindiyim üçün narahatam, tələsə-tələsə evə gedim deyirəm ürəyimdə. Amma hardan bilim ki, bizim oğlanlar üçün əcnəbi xanımların şortik geyinməsi, yaxud, ümumiyyətlə, heç nə geyinməməsinin önəmi yoxdur. Çox keçmədən, dükanda gördüyüm məmuniyyəti küçədə yenidən hiss edirəm, komplimentlər, ingilis dilində elə gözəl-gözəl sözlər … bir sözlə, bir əcnəbi kimi bu şəhəri sevməyə başlayıram.
Evə gedəndə dükana girib, bir-iki şey almaq məqamı gələndə işlər korlanır, sadəcə hər meyvədən 3 dənə, 3 alma, 3 apelsin, 3 armud – satıcı mənə aldığım meyvənin qiymətini 6 manat baha deyir, özü də ingilis dilində. Yani 2 manat 80 qəpiklik malın qiyməti olur 8 manat 80 qəpik deyir. “What”deyirəm , satıcı israr edir ki, qiymət budur. Birdən özümü saxlaya bilmirəm:
-
Qardaş, dolamısan məni, mən qiyməti bilmirəm?!
Satıcı pərt olur, qanı bərk qaralır, amma qiymətin 2 manat 30 qəpik olduğunu bildirir.
Bir sözlə, özünüzü tursit kimi qələmə verə bilərsiniz. Amma qiymətlərin dəqiq olduğu yerlərdə. Mərkəzdə üzünüzə gülmələrinə baxmayın. Ucqarlarda aldadacaqlar.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.