Şengen və biz

Son 25 illik acı tarix…

Source:


İlk gürcü jurnalı 1832-ci ildə nəşr edilib, bizim “Molla Nəsrəddin” isə 1906-cı il aprelin 7-də elə həmin Tiflisdə işıq üzü görüb, onun da hansı əziyyətlərlə başa gəlməsi ayrıca bir tarixdir. Bunu maarifçilərimiz müstəsna olaraq öz fədakarlıqları hesabına edib. Daha demirəm, ilk gürcü operası bizdən nə qədər öncə yazılıb, ondan sonra gürcü kinematoqrafı XX əsrdə hansı yüksəkliklərə çatıb, bunlara da bir diqqət etsək, bir çox məsələ bizə aydın olar – əlbəttə, nəsə araşdırmaq və anlamaq istəyiriksə – bunlar hamısı həlledici rol oynayacaq çox vacib faktorlardır.

Neçə gündür, sosial şəbəkələrdə xalqımızın siyasətdən uzaq kəsiminin paylaşımlarına, maraqlandığı mövzulara baxıram. Camaat, gözüvüz aydın – Hitlerin cəmi bir xayası varmış! Neçə gündür, bizimkilərin paylaşdıqları linklərin başlıca rezümesi bu idi, sizi bilmirəm, mənim gözümü bu foto “mazol” elədi, axırda baxdım görüm indi nə var bunun haqda – bu da bu, dadanqqq! Ala, bu da sənə təzə xəbər…

Yox bir, camaat, yəni gürcülərlə ukraynalılar Avropaya, yəni Şengen zonasına artıq vizasız gedib-gələcək, yox bir, Çovdarovun şəxsi türməsində Elşad Abdullayevə işgəncə verirlərmiş (vaveyla), yox bir, Elman Hüseynovun qatili də indi elə o Çovdarov imiş, cəhənnəm, neftin qiyməti “uje” düşüb olub 36,6 temperatura, əbədi ümummilli sualımız “müdür, bə indi bu işlərin axırı nə olasıdı, hıy?” və sair…

Yox e yox, Avropa-zad məsələsində bizimkiləri daha çox narahat edən Hitlerin bir və ya iki xayasının olmasıdır deyəsən. Başqa mövzuda da ki, hazır cavab şablonuna nə gəlib – əlbəttə ki, “xristian təəssübkeşliyidi bu”, nu koneçno, daha nə olmalı idi ki? Yoxsa, elədiyimiz səhvləri, tarixi yolları düşünməli idik?

Əlbəttə, məntiqli fikir yürüdənlər də oldu, acı həqiqətləri söylədilər, insanlar bu hakimiyyətin son 20 ildə necə siyasət apardığı və bunun nəticəsi olaraq, bugünkü durumun yaranmasını da qeyd etdilər. Son 25 illik acı tarix, əslində, başqa nəticələrə gətirsəydi, gözlənilməz olardı. Lakin bu iqtidarın etdikləri nə qədər dərin yanlışlıqlar olmasına rəğmən, sübhəsiz ki, tarixi anlamda məsələ daha da ciddidir.

Bu iş son 20 ilin deyil, son 200 illik tarixi-ictimai prosesin məntiqi nəticəsidir. Məsələnin tarixi son illərin ən yeni tarixindən daha uzundur, bizim Gürcüstanla müqayisəmizi hərtərəfli aparmaq üçün ən azından XIX əsrə, o zamandan gedən ictimai-mədəni proseslərə diqqələ baxmaq gərəkdir – bütün bu faktorlar gələcək tarix üçün çox önəmli rol oynayır.

Bu faktorlar dərin tarixi-siyasi-ictimai xarakter daşıyır, bunlar sadəcə göydən götürülməyib, gürcülərin ədəbiyyatı, incəsənəti, teatrı, mətbuatı və hətta millətləşməsi də bütün region xalqlarından və dövlətlərindən daha erkən baş verib. Elementar ilk gürcü qəzeti “Sakartvelos qazeti” (Gürcüstan qəzeti) hələ 1819-cu ildə Tiflisdə çıxarılmağa başlayıb, bizdəki ilk qəzetin təsis tarixi isə 22 iyul 1875-ci ilə təsadüf edir və bunu Həsən bəy Zərdabi hansı əzab və zülmlə etmişdi – hamı bilir. Bu qəzetin çapı da cəmi 2 ildən sonra da maddi yardım olmaması səbəbindən dayandırılmışdı…

İlk gürcü jurnalı 1832-ci ildə nəşr edilib, bizim “Molla Nəsrəddin” isə 1906-cı il aprelin 7-də elə həmin Tiflisdə işıq üzü görüb, onun da hansı əziyyətlərlə başa gəlməsi ayrıca bir tarixdir. Bunu maarifçilərimiz müstəsna olaraq öz fədakarlıqları hesabına edib. Daha demirəm, ilk gürcü operası bizdən nə qədər öncə yazılıb, ondan sonra gürcü kinematoqrafı XX əsrdə hansı yüksəkliklərə çatıb, bunlara da bir diqqət etsək, bir çox məsələ bizə aydın olar – əlbəttə, nəsə araşdırmaq və anlamaq istəyiriksə – bunlar hamısı həlledici rol oynayacaq çox vacib faktorlardır.

Gürcülər bütün tarix boyu sırf mədəni fəaliyyət  baxımından, bizdən azı bir addım öndə olublar.

Onların, tarixin demək olar ki, bütün mərhələlərində Avropa ilə əlaqələri bizdən daha üstün olub. Bütün bunlara görə də, gürcülərin Avropaya bu qədər yaxınlaşmalarını, tarixi hadisələrin məntiqi ardıcıllığı kimi qəbul etmək gərəkdir. Bizə isə Hitlerin bir xayası olub, ya iki – bunu müzakirə etmək qalır, başqa cürə ola da bilməzdi.

P.S. Əşşi, bütün bunlar heçdi heç, hələ gələn ilin əvvəlindən “Formula-1” üçün hazırlıqlar gedəcək, bax, onda başlayacaq əsil həşrəngameyi-xaş, nəşeyi-fısqırıq!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəŞengen və biz