Gömrükdə yükü saxlanılan sahibkar ondan 18 min manat rüşvət istənildiyini deyir “Aztexnika MMC”-nin təsisçisi Vüsal Hacıyevin Astara və Tovuz Gömrük Məntəqəsində xaricdən gətirdiyi yüklər saxlanılıb. Sahibkar Meydan.TV-yə deyib ki, gətirdiyi 1530 kvadratmetrlik kafel 10 gündür Astara sərhəddində qalıb. Gömrük Məntəqəsinin rəhbərliyinə müraciət etsə də, onlar deyiblər “sənədlərin qaydasındadır, amma get monopolistin yanına, icazə versin keçirək”. Sahibkar “monopolist” adlandırılan şəxsin Ceyhun adlı bir nəfər olduğunu deyir. O, şəxsin kimliyi və vəzifəsi haqqında məlumatsızdır. “Astaradan yükümü keçirmək üçün 8 min manat rüşvət istəyirlər. Mən də bu pulu verməkdən imtina edirəm deyə malım sərhəddə saxlanılır”- sahibkar deyib. Vüsal Hacıyevin Türkiyədən gətirdiyi bir maşın (“TIR”) laminat da 10 gündür Tovuz Gömrük məntəqəsində saxlanılıb. O, malların sənədlərinin qaydasında olduğunu və Türkiyə sərhəddindən heç bir problem olmadan keçirildiyini deyir. “Üçüncü dəfədir mal gətirirəm. Hər üçündə də belə problem yaradıblar. Deyirlər ki, Azərbaycanda laminat istehsal edən zavod var, ona görə buraxılmır. Amma 10 min manat rüşvət verilsə, buraxacaqlar. Laminat gətirənlər deyir ki, pulunu ver, keçirəcəklər”. Sahibkar gömrükdə yaranan problemlə bağlı Dövlət Gömrük Komitəsinin qaynar xəttinə (192), Komitənin rəisi Aydın Əliyevə, Prezident Administrasiyasına müraicət edib. O, heç bir müraciətinə cavab almayıb. “Gömrükdə qəbula gedirəm, heç kim qəbul eləmir. Daxili Təhlükəsizlik İdarəsinə zəng edirəm, deyirlər ki, araşdırıb deyəcəyik. Amma yük 10 gündür sərhəddə qalıb”. Vüsal Hacıyevin yük maşını gömrükdə saxlanıldığına görə hər gün ondan 150 manat yer pulu alınır.
MeydanTV məsələ ilə bağlı Gömrük Komitəsilə əlaqə saxlamağa cəhd göstərdi. Qaynar xətdən bildirildi ki, məsələ araşdırılacaq.