”Sənədlər əvvəldən hazır idi, bircə Əhsəni tutmaq qalmışdı…”

”İşdə bir çox məsələləri araşdırmayıb, müdafiə tərəfinin bu məqsədlə verdiyi vəsatətlər təmin olunmayıb”

Source:
Əhsən Nuruzadə
Əhsən Nuruzadə


”İşdə bir çox məsələləri araşdırmayıb, müdafiə tərəfinin bu məqsədlə verdiyi vəsatətlər təmin olunmayıb”

Bakı Apelyasiya Məhkəməsində dindar fəal, “Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadə haqqında narkotik ittihamı ilə 7 illik həbs hökmündən verilən şikayət üzrə məhkəmə başlayıb.

Mayın 2-də hakim Mirpaşa Hüseynovun sədrliyilə keçirilən ilkin baxış iclasında Ə.Nuruzadənin vəkili Fariz Namazlı apelyasiya məhkəməsinin qərarı məlum olana qədər onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Vəkilin daha bir vəsatəti isə apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması, vacib məsələlərin araşdırılması barədə olub. F.Namazlı bildirib ki, birinci instansiya məhkəməsi Ə.Nuruzadənin işində bir çox məsələləri araşdırmayıb, müdafiə tərəfinin bu məqsədlə verdiyi vəsatətlər təmin olunmayıb. Vəkilin sözlərinə görə, əgər vəsatətlər təmin edilsəydi, iş hərtərəfli araşdırılsaydı, Ə.Nuruzadənin təqsirsiz olduğu, onun ezərindən tapıldığı iddia olunan narkotikin əslində cibinə atıldığı sübuta yetirilərdi.

Vəkil bildirib ki, Ə.Nuruzadə Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu döyən, cibinə narkotik atan şəxsin adını çəkib. Lakin məhkəmə həmin polis əməkdaşını dindirməkdən imtina edib.

“Əhsən Nuruzadədən tapıldığı iddia olunan narkotikin ekspertizaya göndərilməsi, ekspert rəyinin alınması ilə bağlı sənədlərdə yazılan saatlara baxanda adama elə gəlir ki, bütün bunlar ildırım sürətilə baş verib. Belə fikir yaranır ki, həmin sənədlər əvvəlcədən hazır olub, təkcə Əhsəni tutmaq qalmışdı. Məhkəmə bu məsələləri də araşdırmadı. Bundan başqa, Əhsən Nuruzadəyə satış məqsədilə narkotik saxlama ittihamı verilib. Sübut kimi bircə əməliyyat məlumatına istinad olunur. Məhkəmə əməliyyat məlumatı ilə bağlı heç bir araşdırma aparmadı. Aydın məsələdir ki, əməliyyat məlumatı məxfi olur. Amma məhkəmənin bunu araşdırmaq səlahiyyəti var. Gizliliyi saxlamaq şərtilə müxtəlif üsullarla da bunu araşdırmaq olar” , – deyə vəkil F.Namazlı bildirib.

Bakı Apelyasiya Məhkəməsi də qeyd olunan məsələləri araşdırmaqdan imtina edərək, məhkəmə istintaqı ilə bağlı vəsatəti təmin etməyib.

Ə.Nuruzadənin apelyasiya şikayəti üzrə məhkəmə baxışı mayın 23-də keçiriləcək.

Ə.Nuruzadə 2017-ci oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O, CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham edilərək, 7 il azadlıqdan məhrum olunub. İddia olunur ki, cibindən 14.775 qram heroin tapılıb.

Ə.Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə polislərin özləri tərəfindən atıldığını bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi “Müsəlman Birliyi” Hərəkatının üzvü və Taleh Bağırzadənin tərəfdarı olması, Milli Şuranın keçirdiyi mitinqlərdə iştirakı ilə bağlıdır.

Ə.Nuruzadə bu həbsindən əvvəl də iki dəfə baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ötən ilin yanvar və sentyabr aylarında baş verən həmin həbslər zamanı günlərlə onun ailəsinə harada saxlanması barədə məlumat verilməyib. Daxili İşlər Nazirliyinin “102” xidmətinə və başqa qurumlara çoxsaylı müraciətlərdən sonra məlum olub ki, ona idarənin qarşısından keçərkən söyüş söymək ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.

Ana səhifəXəbərlər”Sənədlər əvvəldən hazır idi, bircə Əhsəni tutmaq qalmışdı…”