Məhkəmə iclası zərərçəkmiş tərəfin iştirakı olmadan keçirilib
İctimai fəal Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin 5 il azadlıqdan məhrum edilməsi haqda hökmdən hər iki tərəf apelyasiya şikayəti verib. Təqsirləndirilən şəxs günahsız olduğunu iddia edərək, bəraət istəyir. Zərərçəkmiş tərəf isə Bakı Ağır Cinayətlər Məhkəməsinin Əsgər Ağazadəyə kəsdiyi cəzanın çox yüngül olduğunu vurğulayaraq, ağırlaşdırılmasını tələb edir.
Bakı Apelyasiya Məhkəməsində bu işə Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Zərərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqova məhkəməyə məktub göndərərək, eyni vaxtda təyin olunmuş başqa bir işdə müdafiəçi qismində iştirakı haqda xəbər verərək, prosesin təxirə salınmasını xahiş edib. Zərərçəkmişin nümayəndəsi qismində qismində tanınan anası, yazar Zümrüd Yağmur da məhkəmədə iştirak etməyib. Hakimlər zərərçəkmiş tərəfin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsinə qərar verib. Hakim Elbəy Allahverdiyev bildirib ki, qanun buna imkan verir.
Məhkəmə iclasında Əsgər Ağazadənin vəkili apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (yenidən dindirmələr, sübutların araşdırılması və s.) baxılması haqda vəsatət qaldırıb. Müdafiə tərəfi zərərçəkmişin məhkəməyə gətirilib dindirilməsinə zərurət olduğunu vurğulayaraq, bu barədə vəsatətin təmin olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib. Qərar verilib ki, apelyasiya şikayətlərinə qismən istintaq keçirilməklə baxılsın. Həmçinin hazırda təhsillə əlaqədar ölkədən kənarda olduğu bildirilən zərərçəkmiş Sənay Yağmurun məhkəməyə gəlməsi və dindirilməsi haqda qərar qəbul edilib.
Bu iş üzrə növbəti məhkəmə iclası martın 10-na təyin edilib.
Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sənay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal Rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.
Təxminən bir sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.