”Avtoritar rejimlər sülh və sabitlik üçün böyük risklər yaradır”
Bir qrup amerikalı senator Tramp administrasiyasını mürtəce rejimlərlə ünsiyyət zamanı siyasi məhbuslar mövzusunu diqqət mərkəzində saxlamağa çağırıb.
“Siyasi dissidentlər çox zaman özlərini təcrid olunmuş hiss edirlər”
“Turan”-ın məlumatına görə, respublikaçı senator, Senatın beynəlxalq münasibətlər, demokratiya və insan haqları komissiyasının sədri Marko Rubio hesab edib ki, dissidentlərlə və hüquq müdafiəçiləri ilə görüşlər prezident və vitse-prezident, dövlət katibi və onun müavinləri daxil olmaqla, Ağ Ev administrasiyası üçün çox vacibdir.
Demokratiyaya dəstəklə bağlı dinləmələrdəki çıxışı zamanı, o, “dünya demokratiyalarının liderlərinin insan haqlarının pozulması faktlarını müzakirə etməsi, həmrəylik və dəstək göstərməsi çox vacibdir”, – deyib.
Ötən həftə hüquq müdafiəçiləri və ekspertlər qarşısında çıxış edən senator Rubio administrasiyanı insan haqlarının və insan ləyaqətinin müdafiəsində bu yaxınlarda qəbul edilmiş Qlobal Maqnitski qanunundan istifadə etməyə çağırıb.
“Rusiyadan Çinə, Şimali Koreyadan Venesuelaya qədər avtoritarizm hökm sürür, insan azadlığı tənəzzülə uğrayır, QHT-lər haqqında məhdudlaşdırıcı qanunlardan vətəndaş cəmiyyətinin sıxışdırılmasında istifadə olunur, mətbuat azadlığı şübhə altındadır, siyasi dissidentlər çox zaman özlərini təcrid olunmuş hiss edirlər, onlara qarşı repressiya törədənlər isə cəzasız qalırlar”, – Rubio bildirib.
“Avtoritar rejimlər sülh və sabitlik üçün böyük risklər yaradır”
Senator diqqəti ona yönəldib ki, dünyada insan haqlarını görünməmiş halda pozanların bəzisi yaxşı ödənişli lobbiçilər və PR-firmalar saxlayır. “Onlar “beyin mərkəzləri”, elmi dairələr və əyləncə industriyasının köməyilə KİV-də kampaniyalar keçirirlər”.
Senator-demokrat Robert Menendes deyib ki, Amerika yeni demokratiyanı dəstəkləməlidir, çünki bu, ABŞ milli maraqlarının əsasıdır.
Beynəlxalq Respublika İnstitutunun prezidenti Mark Qrin Amerikanın demokratiyanı dəstəkləməsi fikrilə razılaşıb:
“Təkcə ona görə yox ki, bu, düzgündür, həm də ona görə ki, bu, Amerikanın iqtisadi və təhlükəsizlik baxımından maraqlarını əhatə edir. Müxtəlif fikirlər olduqda, özgəfikirliliyə yol verildikdə demokratiyalar daha da çiçəklənir.
Avtoritar rejimlər sülh və sabitlik üçün böyük risklər yaradır. Belə rejimlər öz hakimiyyətlərini saxlamaq üçün öz vətəndaşlarını sıxışdırır, onları xarici ideya və təsirlərdən təcrid etməyə çalışır”.
“Tiranlar ölüm və ya böhran nəticəsində meydandan gedərkən çox zaman hakimiyyətdə boşluq yaranır ki, bu da təhlükəli elementlərlə dolur”, – Qrin vurğulayıb.
Demokratiya Naminə Milli Fondun prezidenti Karl Gerşman deyib ki, demokratiya tez və asanlıqla gəlmir:
“Biz etiraf etməliyik ki, demokratiyaya tez gəlmək cəhdi sabitlik naminə tiranlara arxa olmaq kimi təhlükəlidir”.
“Demokratiya uğrunda mübarizlər Amerika xalqının dəstəyinə layiqdirlər. Onlar bizim dəstəklədiyimiz dəyərləri müdafiə edirlər. Onlar real demokratiya və davamlı sabitlik gətirənlərdir. Onlar öz fundamental milli maraqlarını irəli sürürlər. Onlar bizim daha təhlükəsiz və sakit dünyada yaşamamıza kömək edirlər. Odur ki, bizim onlarla həmrəy olmağımızı haqq edirlər”, – Gerşman vurğulayıb.