“
Avtoritar rejimlər öz ölkələrində qanunsuzluqla əldə etdiklərini qorumaq üçün pulları qanunların işlədiyi ölkələrə daşımağa çalışırlar”
Oktyabrın 3-də ABŞ-ın Helsinki Komissiyası Dirksen Senat binasında kleptokratiyaya qarşı korporativ şəffaflıq mövzusunda dinləmə keçirib.
“Amerikanın səsi” bildirir ki, dinləmələrə demokrat senator Şeldon Uaythaus sədrlik edib.
Tədbirin əsas müzakirə mövzuları avtoritar rejimlərin korrupsiya yolu ilə Avropa və ABŞ-da nüfuz əldə etməsinə qarşı mübarizə və ABŞ-ın çirkli pulların yuyulması əleyhinə apardığı siyasətin təkmilləşdirilməsi olub.
Senator Uaythaus Azərbaycan hökumətinin 2012-2014-ci illər arasında Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2,5 milyard avro (2,8 milyard dolların) yuduğunu və bu pul vasitəsilə Avropada lobbiçilərə, siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edildiyini bildirib.
Senator Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) araşdırmasına istinad edərək bildirib ki, sözügedən illər ərzində Azərbaycanda 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara salınıb.
“Avtoritar rejimlər öz ölkələrində qanunsuzluqla əldə etdiklərini qorumaq üçün pulları qanunların işlədiyi ölkələrə daşımağa çalışırlar”.
Bu sözləri Hudson İnstitutundan olan kleptokratiya üzrə eksperti Çarles Deyvidson deyib. Ekspertin fikrincə, hazırda avtoritar rejimlər özlərini 21-ci əsrin biznes modelinə uyğunlaşdırıblar.
Avropa Birliyinin ABŞ üzrə nümayəndəsi Karolayn Visini isə qeyd edib ki, qloballaşmanın yaratdığı azadlıq və üstünlük sayəsində hazırda cinayətkar və terror qruplarına külli miqdarda maliyyə vəsaitləri köçürülə bilir:
“Biz terrorçu qrupların və mütəşəkkil cinayət təşkilatların öz qanunsuz fəaliyyətlərinin miqyasını genişləndirə bildiyi bir dünyada yaşayırıq. Dünyanın hər yerində olan saxta şirkətlər, xüsusi fondlar və digər qurumlar bu cür fəaliyyətlərin məqsədinə yardım edəcək pul axınlarının həyata keçirilməsinə xidmət edir.”
Maliyyə Hesabatlılığı və Korporativ Şəffaflıq (FACT) Koalisiyası və üzv təşkilatları adından çıxış edən Qari Kalman, qlobal korrupsiyaya qarşı mübarizə üsulunda əsaslı islahatların aparılmasının vacibliyini qeyd edib:
“Hüquq-mühafizə orqanları arasında daha yaxşı koordinasiya və məlumat ötürülməsini təmin etməliyik. Konqres insan hüquqlarını pozan və irimiqyaslı korrupsiya ilə məşğul olan şəxsləri hədəf alan Qlobal Maqnitski qanunu qəbul edərkən əhəmiyyətli bir addım atdı. Lakin bu, yetərli deyil. Məxfilik məsələsi aradan qaldırılaraq anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Əgər biz çirkli pulları yumaq üçün həmin şirkətlərdən istifadə edənləri müəyyən edə bilmiriksə, o zaman biz islahatlar keçirib, qanunu dəyişib həqiqi günahkarları müəyyən etməliyik.”
Helsinki Komissiyası Avropada Təhlükəsizlik və Əməkdaşlıq qurumu kimi tanınır.