Sən demə…

Bəli, bu fərziyyə mənə inandırıcı görünməsə də, məzlum millətimizə çox inandırıcı görünür, çünki “Prezident İlham Əliyev cənablarını” xalq əvəz edib müzəffər ordunun “cənab Ali Baş Komandan”ı ilə.

Foto: Meydan.tv


Giriş

Bilmirəm hansı səbəbdən, amma ta uşaqlıqdan həmişə elə bilmişəm ki, yəhudilər çox ağıllıdırlar.

Öz millətimdən ağıllı kimisə görəndə, fikirləşmişəm ki, xudaya, şükür kəramətinə, bizdə də ağıllı adam tapılarmış. Yəni bizdə də yəhudilərə bənzəyən, onlara tay olan kəslər var. Təsadüfi deyil ki, köhnə bakılılar tədbirli və uzaqgörən insan haqqında deyərdilər – “köpək oğlu elə bil müsəlman deyil, cühuddur”.

Açığı deyim ki, ömrüm boyu bizimkilərdən rastıma çıxanların çoxu burnunun ucundan uzağı görə bilməyən, sözünün və hərəkətinin aqibətini hesablaya bilməyən məxluqat olub.

Bəlkə bəxtim gətirməyib?

İndi rus virtual məkanında bir yəhudi ekspert parlayır. İsrailin “Nativ” kəşfiyyat idarəsinin sabiq rəisi Yakov Kedmi “perestroyka” illərində sovet yəhudilərinin SSRİ-dən İsrailə köçürülməsi tapşırığının öhdəsindən uğurla gəldiyinə görə əsasən yəhudilərin nəzarətində olan rus telekanallarında böyük hörmət sahibidir.

Yakov Kedmi Moskvada anadan olub, Taqankada böyüyb, sovet məktəbini bitirib, gəncliyində böyük zülmlə SSRİ-dən İsrailə köçüb, orduda tankçı kimi xidmət edib, sonra kəşfiyyata keçib və addım-addım yüksələrək xaricdə yaşayan yəhudilərlə əlaqə sahəsinə, “Nativ” kəşfiyyat xidmətinə məsul şəxs təyin edilib.

Mən dəqiq bilmirəm, babalı deyənlərin boynuna, amma belə bir fərziyyə var ki, yəhudi əsilli insan hansı ölkədə yaşadığından, hansı mənsəbi tutduğundan asılı olmayaraq həmişə İsrail dövlətinə xidmət edir.

Yəni ermənilərin çoxu bu məsələdə bir az yəhudilərə bənzəməyə çalışırlar.

İndi təqaüdçü Yakov Kedmi rus virtual məkanının ulduzudur, ən mötəbər söz sahibidir. Nə qədər qəribə görünsə də, demokratik İsrail vətəndaşı rus virtual məkanında qatı mühafizəkar mövqedən çıxış edir, sovet dəyərlərini, hətta İosif Vissarionoviç Stalini bacarıqla müdafiə və təbliğ edir.

Bu mətləbin cövhəri barədə xeyli fikirləşəndən sonra belə qənaətə gəlmişəm ki, kəşfiyyatçı Kedmi, əsl Ştirlits kimi, vətəni İsrailin növbəti tapşırığını yerinə yetirir: əksəriyyəti əski sovet məhsulu olan, əzəmətli SSRİ niskili ilə qovrulan rus kütləsinə təlqin edir ki, “İsrail də sizlərdəndir, sizin dəyərləri bölüşür, ərəblərə, Fələstinə fikir verməyin”.

Belə incə mətləbləri ərəblər anlaya bilməz, zira onlar özlərinə əziyyət verib belə şeylər barədə heç düşünmürlər. Müsəlmanınkı əsasən puldur, zordur, gopdur. Nadir istisnalar kədərli gerçəkliyi təsdiq edir.


MƏTLƏB

Bir müddət bundan əvvəl İsrailin rusdilli “İTON TV” kanalının aparıcısı Yakov Kedmiyə sual verdi ki, Ermənistan İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətinin qisasını ala biləcəkmi?

Kedmi çox sakitcə suala ğözlənilməz sual ilə cavab verdi: “Ermənistanda İlham Əliyev səviyyəli siyasətçi varmı?”

Sonra susdu. Ara verdi. Teatr tamaşasında olduğu kimi, sükutunun əndazəsini öz daxilində ölçüb-biçəndən sonra səsini zilə qaldırıb daha kəskin dedi: “Ermənistanda İlham Əliyevin kölgəsi olmağa layiq siyasətçi varmı?” Yenə susdu, ara verdi. Sonra fikrini sakitcə tamamladı: “Madam ki, yoxdur, deməli, Ermənistan bundan sonra heç vaxt İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətinin qisasını Azərbaycandan ala bilməyəcək”.

Sözün düzü, mən özümü Azərbaycan məsələsində on Kedmidən bilikli sayıram, istəyir “Nativ”in deyil, lap “Mossad”ın sabiq rəisi olsun. Lakin necə də olsa, ağıllı saydığım yəhudi Yakov Kedminin mənə qəribə görünmüş belə bir fikri səsləndirməsinin məntiqi məni düşünməyə sövq etdi və mən onun haqlı olduğunu təsdiqləyən müxtəlif fərziyyələri içərimdə təhlil etdim.

Aya, bəlkə bu ağıllı yəhudi kəşfiyyatçı haqlıdır, mən isə ənənəvi “gic müsəlman” imişəm? Bəlkə mən bu son otuz ildə aparılmış həlləm-qəlləm siyasətimizin həddən ziyadə, mənim ağlımın kəsə bilmədiyi hikmətini dərk edə bilməmişəm? Kəşfiyyatçı Kedmi anlayıb, məne-biçarə isə anlaya bilməmişəm?

Əgər belədirsə, və əgər prezidentə inansaq ki, “münaqişə artıq yoxdur, status cəhənnəmə getdi, Qarabağ Azərbaycandır”, onda nə? Deməli, mən mərhum Heydər Əliyevin 10 il və İlham Əliyevin 17 il yürütdükləri dəyişməz siyasətin əsl məqsədini dərk edə bilməmişəm. Anlamamışam ki, onların bütün bu 27 il ərzində etdikləri bircə bu 44 günlük müharibə naminə imiş!

Onlar Azərbaycanın adını dünyanın ən qara siyahılarına saldıranda, ölkəni rüsvayi-cahan edəndə, millətin pulunu-varını xəzəl kimi mənasız tədbirlərə sovuranda və dövlətin yuxarı səfinə acı qəhqəhə və kinayə doğuran nadan oğru və rüşvətxorları yığanda, sən demə nə edirmişlər?

Sən demə, onlar erməni işğalçılarını aldadırmış, onların sayıqlığını kütləşdirirmiş.

Qoy elə bisinlər ki, “azik turkes”lər cahil və qanmaz məxluqatdır, nə dövlət, nə də pul qədri qanırlar. Dövlətlərini bihörmət edirlər, sərvətlərini göyə sovururlar, gələcəklərini məhv edirlər. Belə düşməndən qorxmağa, çəkinməyə dəyməz. Biz onları bir dəfə döyüş meydanında vurduq, indi də onları öz Allahları vurur, çünki ağıllarını başlarından alıb.

Sən demə, bu mahir və dərin siyasət ilə İlham Əliyev səfeh erməni işğalçılarının başının altına yekə və yumşaq bir yastıq qoyurmuş, onları inandırırmış ki, azərbaycanlılar tamahkar, əliəyri, rüşvətxor, oğru və qorxaq insanlardır.

Belə əxlaq sahibi olan xalq heç vaxt müzəffər ordu qura bilməz!

İnandıra bilib! Bu siyasəti elə məharətlə, elə inandırıcı aparıb ki, nəinki erməni işğalçıları, hətta Azərbaycanın düşünə bilən bütün insanları buna inanıblar və başlayıblar prezidenti tənqid etməyə. O da fəndinin düşmənə daha inandırıcı görünməsi üçün başlayıb bu adamları tutmağa, şərləməyə, döyməyə, cəlayi-vətən etməyə, yəni sosializm realizmini ən ali zirvəyə qaldırıb.

Düşmən inansın deyə, rus partnyorlarımızın ordumuzun rəhbərliyinə yerləşdirdiyi casuslara bütün bu uzun illər boyu “gözünün üstündə qaşın var” deməyib. Onlar da müdafiə büdcəsini basıb yeyiblər, Çexiyada və Rusiyada xeyli obyekt alıblar, qurublar.

Erməni düşməni nəhayət inanıb ki, bu millətin faydası yoxdur, tam bivecdir və Qarabağı heç vaxt ondan ala bilməyəcək.

Odur ki, Baş nazir Nikol Paşinyan şahə qalxıb kişnədi və dedi ki “Qarabağ Emənistandır və nöqtə”.

Aha-a! İlham Əliyevə də elə bu lazımmış! Tez rus casuslarını dondurdu, cəld türk generallarını dəvət etdi… Erməni işğalçılarının qəhqəhəsi boğazlarında qaldı, bir də gördülər ki, budu ha, İlham Əliyevin əsgərləri Koroğlu dəliləri kimi “təpələrdən yel kimi, dərələrdən sel kimi” gəlirlər.

Ardı dəxi bəlli.

Bəli, bu fərziyyə mənə inandırıcı görünməsə də, məzlum millətimizə çox inandırıcı görünür, çünki “Prezident İlham Əliyev cənablarını” xalq əvəz edib müzəffər ordunun “cənab Ali Baş Komandan”ı ilə. Məzlum kütlədə belə bir təsəvvür yaranıb ki, “cənab Ali Baş Komandan” sadə xalqın tərəfindədir, millətini və Vətənini düşünür, o, daha əvvəlki oğruları və rüşvətxorları təyin və himayə edən “Prezident İlham Əliyev cənabları” deyil.

Mən də bəlkə inanardım, daha doğrusu, inanmaq istəyərdim, əgər həmin bu “erməni işğalçılarını aldatmağa yönəlmiş siyasət” elə indinin özündə də davam etməsəydi.

İndi kimi aldadırıq?

Yenə xalqın indiki və gələcək nəsillərinin pulları mənasız layihələrə yönəlməsəydi. Yenə sifətlərində zəka əlaməti olmayan məxluqat ali məqamları işğal etməsəydi. Yenə xalqın ağıllı və vətənpərvər oğullarının aşağıdan səslənən faydalı təklifləri etinasızlıqla qarşılanmasaydı.

Bilmirəm, ağıllı Yakov Kedmiyə inanım, yoxsa gözümə və özümə.

Qaldı Qarabağ müharibəsində rəşadətli ordumuzun qəhrəman əsgər və zabitlərinin qazandığı danılmaz qələbəyə, bu barədə də mənim yəhudu kəşfiyyatçı Yakov Kedmidən fərqli fikirlərim var, vaxtı gələndə möhtərəm oxucumun dəqqətinə ərz edəcəyəm. Allah qismət etsə.

Bəlkə də buna heç ehtiyac qalmayacaq.

Görünən dağa nə bələdçi?

Ana səhifəXəbərlərSən demə…