***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report” saytının sorğusuna cavab olaraq bildirib ki, Yasamalda vətəndaşların saxlanılması zamanı qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Həmin qadının mətbuata “məndən üzr istənilməyib” açıqlamaları ilə bağlı isə E.Zahidovun sözlərinə görə, qadın demək istəyir ki, həmin əməkdaş məndən üzr istəməyib. “Amma həmin əməkdaşın adından ondan üzr istənilib”, – E.Zahidov deyib.
***
Polis qadından üzr istənildiyini desə də, sakin hələ idarəyə getmədiyini söyləyir
Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın xanım sakininə yüksək səslə “sən də dovşansan, ərin də dovşandır!” deyən polisin vəzifəsini itirdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı Meydan TV-yə təsdiqləyib.
İyunun 8-də səhər saat 7 radələrində Çevik Polis Alayı sözügedən ünvanda əməliyyat keçirib və 11 nəfəri zorla mənzilindən çıxararaq aparıb. Polis tərəfindən saxlanılanların əksəriyyətinə geyinməyə belə icazə verilməyib. Bu, yayılan videogörüntülərdə də öz əksini tapıb.
Buna səbəb kimi iyunun 7-də gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə binadan məişət tullantılarının atılması göstərilib. Hadisə karantin rejimi zamanı həyətə çıxmış sakinlərin zorla aparılması zamanı baş verib. Sakinlər polisin bu hərəkətinə etirazlarını bildiriblər.
Polisin “zibil əməliyyatı” ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə polislərin həbs olunmuş şəxslərdən birinin həyat yoldaşına “sən də dovşansan, ərin də dovşandır”, “adam olsaydız, adam kimi davranardıq” fikirləri yer alıb. Sakinin təhqir olunması ictimaiyyət tərəfindən qınaqla qarşılanıb və əksəriyyəti fəallar olmaqla çoxluq etirazını sosial şəbəkə hesabında “Polis zorakılığına son!” yazmaqla bildirib.
İyunun 9-da isə hökumət mediası “sən də dovşansan, ərin də dovşandır!” fikrini işlədən polisin işdən çıxarılması xəbərini tirajlayıb. Lakin həmin polisin adı və soyadı bildirilməyib. DİN-in məlumatında deyilir ki, zibil atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib:
“Nazirlik polis əməkdaşının hərəkətini bağışlanmaz hal kimi qiymətləndirərək onu tutduğu vəzifədən azad edib. Polis barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib”.
Lakin polis tərəfindən aşağılanan Gülər Süleymanova Meydan TV-yə hələ polis idarəsinə getmədiyini deyib. Qadının sözlərinə görə, ona polisdən zəng edilib:
“Mənə bir neçə dəqiqə əvvəl zəng edib idarəyə dəvət etdilər, dedilər ki, üzrxahlıq üçün dəvət olunursunuz. Amma polisin işdən çıxarıldığını bilmirəm”.
Polis əməliyyatı zamanı saxlanılan 11 nəfər 15 gündən 2 ayadək müddətə azadlıqdan məhrum ediliblər. Bina sakinləri polisin əməliyyat keçirərkən zibil atanların kimliyini müəyyənləşdirmədiyini deyirlər. Həmin gün iki oğlu həbs edilən
Gülər Süleymanova
nın Meydan TV-yə dediyinə görə, saxlanılanlar polis bölməsində fiziki təzyiqə məruz qalıblar.