Şəmkirlilər gömrükdəki problemlərə görə etiraz edir

“Keçən il bir maşını 2 min dollara göndərirdiksə, bu il qiymət 9 min dollara qalxıb”

Source: Specify Source


“Məhsul on günlərlə gömrükdə qalır, başa düşə bilmirik ki, niyə belə eləyirlər…”

Şəmkirdə pomidor yetişdirilməsi ilə məşğul olan kəndlilər ciddi problemlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, məhsullarını sata bilmirlər, çünki kəndlərdən məhsulları toplayıb Rusiyaya göndərən sahibkarlara xüsusən gömrükdə əngəllər yaradılır.


“Problem bütün sərhədləri aşıb”

Şəmkirin Keçili kəndində yaşayan Alı İslamzadə deyir ki, pomidor ixracında inhisar müşahidə olunur. Sahibkarlar böyük çətinliklərlə qarşılaşır. Onlar keçən illə müqayisədə dəfələrlə çox pul ödəməli olur.

“Keçən il belə deyildi. Pomidoru Rusiyaya göndərmək üçün şərtlər qoydular. Ən azı 3 hektardan artıq istixana olmalıdır. Şəmkiri axtarsanız, bu qədər sahəni əhatə eləyən istixana 5-10 nəfərdə taparsınız. Biz malımızı yığıb göndəririk, sertifikat istəyirlər. Sertifikatda həmin istixana sahəsilə bağlı tələbin yerinə yetirildiyi də yazılmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin razılığı olmalıdır. Bizim kənddə heç kim o sertifikatı ala bilməyib. Başqa kəndlərdən də çox az adam ala bilir”.

Alı İslamzadənin fikrincə, yenə əsas səbəb inhisar mühiti yaradılmasıdır: “Bu mal indiyə qədər gedirdi də Rusiyaya. Nə oldu, indi xəstəlik tapıldı? Tutaq ki, bu məsələlərin öhdəsindən gəldik. Ortaya başqa problem çıxıb. Keçən il bir maşını 2 min dollara göndərirdiksə, bu il qiymət 9 min dollara qalxıb. Gömrükdə xeyli artıq məbləğ tələb eləyirlər. Dörd maşın göndərmişəm. Birincini 25 gün əvvəl yola salmışdıq. Hələ də Rusiyaya gedib çatmayıb. Gömrükdə növbədə 1500 maşın gözləyir. Bunu “problem” adlandırmaq da olmur. Problem o qədər ciddidir ki, bütün sərhədləri aşıb. Belə çıxır ki, Şəmkirdə 4-5 nəfər Rusiyaya mal göndərə bilər. Gedib o adamlara deyirik ki, icazə verin, sizin adınızla göndərək. Onlar da deyir ki, qardaş, vallah, bizə də məhdudiyyət qoyulub. Bir istixanadan məhsulu 2-3 günə yığmaq olur. Eyni adam hər gün gömrüyə mal gətirəndə imkan vermirlər. Deyirlər ki, kimin məhsuludur gətirmisən?”

Keçili kənd sakini deyir ki, həmyerliləri çox ağır vəziyyətə qalıb. Keçən il məhsulun yeşiyini 35-40 manata təklif edənlər bu il 5 manata satmağa məcburdur. Kəndlilər, sahibkarlar etiraz aksiyası da keçirib:

“Mayın 17-də dörd kənddən – Qədimqala, Keçili, Əliyaqublu və Çaparlıdan azı 300 nəfər yığışmışdı. Bir tədbir görmədilər. Kredit götürüb istixana yaradanlar var. Gözünü bu işə dikənlər var. Bir yoldaşın qaza 15 min manat borcu yığılıb, gəliblər kəsməyə. Gömrük belə eləyir deyə, camaatın malı əlində qalıb. Yenə yığışacağıq. Bu dəfə adamlar pomidorunu maşınlara doldurub gətirməyi düşünür”.


“Məhsul on günlərlə gömrükdə qalır”

Qədimqala kəndində yaşayan sahibkar Elçin Qasımov 18 ildir bu işlə məşğul olduğunu deyir. Onun sözlərinə görə, heç vaxt belə çətinlik yaşamayıblar:

“Qatarların işləməməsi onsuz da bizə problem yaradır. Biz əvvəlcə məhsulu Xaçmaza göndərirdik. Orada vaqona yüklənirdi. Bir də Dərbənddə açılırdı, Dağıstan maşınlarına yığılırdı. Qatarların işləməməsinə görə azı 2500-3000 dollar artıq xərcə düşürük. Gömrük ödənişləri 1700-1800 dollar tuturdu. İndi 5300 ödəməli oluruq. Hər bir maşına görə keçən illə müqayisədə 9500-10000 dollar artıq pulumuz çıxır”.

Elçin Qasımov Şəmkirdəki istixanaların nəzərəçarpan hissəsinin yer aldığı Qədimqalada əvvəllər məhsulun təxminən yarısını aldığını bildirir. Amma yaradılan əngəllər, gömrük ödənişlərinin kəskin artırılması, məhsulun ünvana gec çatması vəziyyəti pisliyə doğru dəyişib:

“Mən keçən il bu vaxt hər gün kənddən iki maşın məhsul çıxarırdım. İndi isə üç günə bir maşın güclə çıxarıram. Çünki göndərdiyim maşın Rusiyadakı ünvana 17-18 günə çatır. Məhsul on günlərlə gömrükdə qalır. Başa düşə bilmirik ki, niyə belə eləyirlər. Adını qoyurlar ki, gedən çoxdur, növbə böyükdür”.

Qədimqalada insanlar əsasən istixanalardan əldə etdiyi qazanc sayəsində dolanır. Bu il kəndlilər böyük zərər gördüklərini deyirlər:

“Birinin 15, bir başqasının 20 sot istixana ərazisi var. Ailəliklə gedib işləyir, dolanmağa çalışırlar. Adamlar qoyduğu mayanı götürə bilmirlər. Alıcı yoxdur, məhsullarını sata bilmirlər. Bu problem Şəmkir əhalisinin 90 faizinə təsir göstərir. Rusiyada yaşayan şəmkirlilərin isə 30 faizi buna görə əziyyət çəkir”, – Elçin Qasımov deyir.

Şəmkirdə pomidor yetişdirilməsi və Rusiyaya ixracı ilə məşğul olan 300-ə qədər kəndli və sakibkar mayın 17-də bir yerə toplaşaraq, gömrükdə yaradılan problemlərə etiraz edib. Onlardan bir qrupunu Şəmkir Rayon İcra Hakimiyyətinin binasında rayonun səlahiyyətli şəxsləri qəbul edib. Görüşdə Elçin Qasımov da iştirak edib: “Dərdimizi dedik. Bizi dinlədilər. Bildirdilər ki, bacardığımız köməyi eləyəcəyik”.

Şəmkir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, narazı sakinləri icra başçısının müavini Fəxrəddin Vəliyev qəbul edib. Görüşdə Şəmkir Rayon Polis Şöbəsinin rəis müavini də iştirak edib: “Elə məsələlər var ki, icra hakimiyyətinin səlahiyyətinə aid deyil. Bizə aid olan bütün tədbirlər görüləcək”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov Meydan TV-yə deyib ki, kənd təsərrüfatı malları üçün heç bir gömrük ödənişi alınmır, bununla bağlı deyilənlər cəfəngiyyatdır.

Samur gömrük məntəqəsində sıxlığın yaranmasına gəlincə, idarə rəisi deyir ki, problem Rusiya tərəfdədir: “Rusiya tərəfdə gömrük gün ərzində 250-300 maşını yoxlamaq qabiliyyətindədir. Biz tərəfdə heç bir problem yoxdur, istənilən sayda yoxlanış apara bilirik. Bu səbəbdən gömrükdə sıxlıq yaşanır. Amma bununla belə, maşınlar ən geci 3-4 gün məntəqədə qalır. Düşünürük ki, yaxın günlərdə bu problem də öz həllini tapacaq”.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məhsulların keyfiyyətsizliyini əsas gətirərək, 2020-ci il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqda qərar vermişdi. 2021-ci ildən isə qurum müntəzəm olaraq, Azərbaycandan pomidor və alma idxalını tədricən bərpa etməyə başladı.

Ana səhifəBölgəŞəmkirlilər gömrükdəki problemlərə görə etiraz edir