“Vəzifəsinə, paqonuna güvənib, kəndlinin başına oyun açmalıdır?”
Şəmkirin Şeidlər kənd sakini Vüsal Kərimov deyir ki, polis əməkdaşı ətrafına topladığı 20-yə yaxın adamla onu və daha iki nəfəri döyüb. Söhbət Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşı Vüsal Yusifov və digərlərindən gedir.
“Əsirlikdə olan adamı elə döyməzlər”
Hadisədən bir həftə keçsə də, 39 yaşlı şikayətçinin üzərində, o cümlədən sifətində hələ də xeyli xəsarət izləri qalır.
Vüsal Kərimov danışır ki, hadisə sentyabrın 12-də axşam saatlarında Şəmkir şəhərində böyük marketlərdən birinin arxasında baş verib. Onun sözlərinə görə, onları ora polis əməkdaşı Vüsal Yusifov çağırıb. Deyir ki, ora gedib çatanda isə qəfildən 20-yə yaxın adam onların üstünə tökülüb:
“Biz üç nəfər – mən, Ramin Əsgərov və Cabir Ələsgərov toydan çıxıb evə gedirdik. Şəmkirdə “BazarStore” var, oradan keçib gedəndə Raminə zəng gəldi. Həmin yol polisi idi. Dedi ki, “sizi orada gözləyirəm”. Heç bilmirdik ki, niyə gözləyir. Elə çatdığımızı gördük, kimsə dedi ki, “tökülüşün”. Bu sözdən bir dəqiqə keçməmiş tökülüşdülər üstümüzə. Bizi vəhşicəsinə döydülər. Əsirlikdə olan adamı elə döyməzlər. Bizi döydülər, atıb getdilər. Qaranlıq olduğuna görə üzlərini görə bilmədik”.
“Sən polissən, yoxsa başına dəstə yığıb adamları döyən qoçu?”
Vüsal Kərimov və digər iki nəfər baş verənlərlə əlaqədar ertəsi gün şikayətçi olub. Şəmkir Rayon Polis Şöbəsində araşdırma zamanı məlum olub ki, davada iştirakçılar arasında başqa polis əməkdaşı da var.
Vüsal Kərimov danışır ki, bu davanın kökü toyda başlayıb. Sonradan polis əməkdaşı digər adamları toplayıb, onları marketin arxasına çağırıb. Onlar isə həmin əraziyə çağırılanda plandan xəbərsiz olublar:
“Həmin gün kənddən Şəmkirə toya getmişdik, mənim yanımda dostum Ramin Əsgərov vardı. Cabir Ələsgərov da sürücü idi. Raminlə yol polisinin əvvəldən münasibətləri vardı. O da toyda idi. Ramin onunla zarafatlaşdı. O, çox kobud, nalayiq formada cavab verdi. Hətta geyiminə ağır sözlər dedi. Nəticədə aralarında mübahisə düşdü. Vüsal Raminə dedi ki, “get çölə, gəlirəm”. Sonra səngidi. Biz də çıxıb evə gedirdik. Yolda zəng elədi ki, gəl bura, filan yerdəyəm. Başa düşmürəm, sən polissən, yoxsa başına dəstə yığıb adamları döyən qoçusan?”.
Vüsal Kərimov əlavə edib ki, onun qanun çərçivəsində cəzalandırılmasını tələb edir. Çünki heç bir günahı olmadığı halda, döyülüb:
“Mənim sifətimdə, bədənimdə salamat bir yer yoxdur. Vəzifəsinə, paqonuna güvənib, kəndlinin başına oyun açmalıdır?”.
DİN: “Tərəflərin müraciətləri var və araşdırmalar davam etdirilir”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə bildirib ki, hadisə Şəmkir şəhərindəki şadlıq saraylarından birində toy mərasimində anlaşılmazlıqdan qaynaqlanıb:
“Onlardan birinin qohumu sərxoş halda qarşı tərəflə mübahisə edib və bir-birini əllə vurub, xəsarət yetiriblər. Hadisə ilə əlaqədar tərəflərin müraciətləri var və müraciət üzrə araşdırmalar davam etdirilir”.