Gülnar Rüstəmova: “Yeganə gəlir yerim işlədiyim məktəbdən aldığım maaş idi, onu da Təhsil Nazirliyinin sayəsində itirdim…”
Şəmkir rayon sakini Gülnar Rüstəmova saxta əmr əsasında işini itirdiyini deyir. O, rayonun Sabirkənd orta məktəbinin direktoru olub, 2022-ci il sentyabrın 5-də vəzifəsindən azad edilib. Onun sözlərinə görə, saxtakarlıq nəticəsində təkcə direktorluqdan yox, ümumiyyətlə, pedaqoji faəliyyətdən uzaqlaşdırılıb.
“Yeganə gəlir yerim işlədiyim məktəbdən aldığım maaş idi. Onu da Elm və Təhsil Nazirliyinin sayəsində itirdim. Direktorluqdan uzaqlaşdırıldım, bəs mənim müəllimliyim necə olsun? Məni müəllim kimi də işləməyə qoymurlar. Mən uşaqlarımı saxlaya bilmirəm…”, – Gülnar Rüstəmovanın sözləridir.
“Məhkəmə də saxtakarlığa göz yumdu”
Sabirkənd orta məktəbi Qarabağ döyüşlərində həlak olmuş şəhid Sahib Rüstəmovun adını daşıyır. O, Gülnar Rüstəmovanın əmisi oğludur:
“İllərlə o məktəbdə müəllim işləmişəm. Ən çox bal toplayan müəllimlərdən biri olmuşam. 2019-cu ilin sentyabrından məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Bu imtahanda da 60 mümkün baldan 54-nü toplamışam. Dövlət İmtaham Mərkəzinin “marker” müəllimiyəm”.
Gülnar Rüstəmova deyir k, onun işdən azad edilməsilə bağlı Həmkarlar Təşkilatının rəyi Şəmkir rayon Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təzyiq əsasında alınıb. Onun sözlərinə görə, təşkilatın iclası keçirilməyib. Rəyin alındığı tarix 16 iyun 2022-ci il göstərilsə də, əslində, həmin vaxt verilməyib.
“Təhsil İdarəsinin rəhbərliyinin qərəzinin, qanunsuzluğunun qurbanı olmuşam. Mənimlə bağlı baş verən qanunsuzluqlar, saxtakarlıqlar göz deşir, heç bir çərçivəyə sığmır. Çox təəssüf ki, məhkəmə də bunlara göz yumdu…”.
“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım”
Gülnar Rüstəmova onun haqqındakı əmrin ləğvi və işə bərpa tələbilə Bakının Nərimanov Rayon Məhkəməsinə (Elm və Təhsil Nazirliyi bu rayonun ərazisində yerləşdiyinə görə) müraciət etsə də, iddiası təmin olunmayıb.
Məhkəməyə Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Zülfiyyə Əhmədovanın ərizəsi də təqdim olunub. O, ərizəsində göstərib ki, Gülnar Rüstəmova haqqında rəyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin təzyiqi altında yazıb.
“14 iyun 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə monitorinq aparıldı. Monitorinqin nəticəsilə bağlı rəy bildirmək üçün mənə müraciət olundu. Dedilər ki, Gülnar Rüstəmovanın işdən çıxarılması haqda rəy bildirim. Birinci dəfə verdiyim rəylə razı olmadıqlarını dedilər. Regional Təhsil İdarəsi tərəfindən verilən təqdimata uyğun rəy yazmağı tələb edirdilər. Bildirirdim ki, artıq iclas keçirilib, iclasın protokolu var, xeyri olmadı. Təzyiq altında, affekt vəziyyətdə regional idarənin rəisinin tələb etdiyi formada rəy verdim…”, – Zülfiyyə Əhmədova bildirib.
Zülfiyyə Əhmədova məhkəmədə də dindirilib. Lakin hakim Səbinə Nuriyeva onun dediklərini əhəmiyyətli hesab etməyib.
“Yaxşı ki, elektron məhkəmə sistemi tətbiq edilir. Məhkəm prosesi audio yazı ilə aparılır, ona görə protokolu saxtalaşdıra bilməyiblər. Məhkəmədə hakim niyəsə qanunlara, hüquqa münasibətdə saymazyanalıq nümayiş etdirdi. Heç bir sübuta hüquqi qiymət vermədi. Yalnız Elm və Təhsil Nazirliyinin verdiyi əsassız mülahizələri əsas götürüb, iddiamı təmin etmədi. Halbuki, eyni məhkəmə tam oxşar başqa bir iddianı təmin edib. Bu da açıq-aşkar ayrı-seçkilik…”, – Gülnar Rüstəmova əlavə edib.
O, qərardan Bakı Apelyasiyab Məhkəməsinə şikayət verib.
“Bir tərəfdən şagirdləri tədbirə çağırtdırır, o biri tərəfdən məktəbə yoxlama göndərir”
Məhkəmənin qərarında göstərilib ki, Sabirkənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini rayon Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ərizə göndərib. Ərizə əsasında məktəbin direktorunun fəaliyyəti yoxlanılıb, nöqsanlar aşkarlanıb. Həmin nöqsanlar barədə Həmkarlar İttifaqına təqdimat göndərilib.
Həmkarlar İttifaqı da Gülnar Rüstəmovanın vəzifəsindən azad olunmasına etiraz etməməsi haqda qərar qəbul edib. Bundan sonra Təhsil İdarəsinin Gülnar Rüstəmova ilə əmək müqaviləsinin ləğv olunması barədə əsaslandırması əsasında elm və təhsil naziri əmr verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla əmək müqaviləsinə xitam verilib.
Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi deyib ki, məktəbdə yoxlama zamanı dərsə davamiyyət, məktəbdə tədris prosesinin təşkililə bağlı akt tərtib olunub. Həmin aktları da Gülnar Rüstəmova direktor işlədiyi zaman imzalayıb.
“Mənim işdən çıxarılmağımla bağlı səbəblərdən biri guya şagirdlərin, xüsusilə yuxarı siniflərin davamiyyətilə bağlı olub. Bizi 1 iyun – Beynəlxalq Uşaq Günü münasibətilə tədbirə çağırırlar. Həmin vaxt yuxarı siniflərin şagirdləri də orada iştirak edir. Təhsil idarəsinin müdiri bir tərəfdən şagirdləri tədbirə çağırır, həmin vaxt da məktəbə yoxlama göndərib, davamiyyət yoxlatdırır. Bu, məqsədli şəkildə edilmiş bir hərəkətdir”, – keçmiş direktor bildirib.