Ramiz Məhərrəmov 5 il uşaqlarını saxladığını, amma həmin illərə görə aliment tələb edildiyini deyir
Şəmkir rayon sakini Ramiz Məhərrəmov Meydan TV-yə danışır ki, 2012-ci ildə boşanıb, iki uşağa görə aliment ödəyicisi olub. 2015-ci ilin fevralında keçmiş həyat yoldaşı uşaqları saxlaya bilmədiyini bildirərək ona verib. Uşaqlar 2020-ci ilin dekabrınadək atanın yanında yaşayıb. Ramiz Məhərrəmov uşaqları özü saxladığına görə 2012-ci ilin dekabrından 2020-ci ilin dekabrınadək keçmiş həyat yoldaşına aliment ödəməyib. Dekabr ayında uşaqlar analarını görmək üçün Çıraqlı kəndinə gediblər və geri qayıtmayıblar. Ramiz Məhərrəmov da növbəti aydan aliment ödənişini bərpa edib. Ancaq elə həmin vaxt onu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət ediblər. Bildiriblər ki, keçmiş həyat yoldaşı şöbəyə müraciət edərək ondan ötən 5 ilin alimentini – 14 min 500 manatı tələb edir. Ramiz Məhərəmmov həmin müddətdə uşaqları özü saxladığını desə də, tələb qəti olub – yığılıb qalmış aliment qısa müddətdə ödənməlidir.
Ramiz Məhərrəmov deyir, 5 il ərzində uşaqların onun himayəsində yaşadığını sübut edən faktlar, akt təqdim etsə də, tələb dəyişməyib:
“Mən 2015-ci ildə uşaqları yanımda saxlamağa başlayanda Probasiya şöbəsinin o vaxtkı rəisinə bu barədə məlumat vermişdim, o da bildirmişdi ki, əgər uşaqlar səninlədirsə, aliment ödənişini dayandıra bilərsən. Təəssüf ki, həmin vaxt bu, rəsmiləşdirilmədi. Buna baxmayaraq 2020-ci ildə məndən həmin illərə görə aliment tələb olunanda sübutlarımı təqdim etdim. Probasiya şöbəsinin rəisi bildirdi ki, gətir 4 min manat ver, özünə də bir vəkil tut, söhbət bitsin. Mən 4 min manat toplayıb iş otağında ona verdim. Onun məsləhətiylə Xalidə xanımla tanış oldum və müqavilə bağladım. Xalidə xanım müqaviləyə görə banka 530 manat, müqavilədən kənar isə 1000 manat ödəniş istədi. Bildirdi ki, narahat olma, əksinə, 5 ildə uşaqları saxladığına görə keçmiş həyat yoldaşından aliment tutulmalıdır. İstədiyi ödənişləri də etdim. Uşaqların ötən 5 il ərzində məndə qaldığını sübut edən bütün faktları ona verdim. Bir müddətdən sonra məhkəmə oldu”.
Ramiz Məhərrəmovun sözlərinə görə, məhkəmə qətnaməsini görəndə təəccüblənib. Məhkəmə 14 min 500 manatdan cəmi 1600 manat azaldıb, qalan məbləğin keçmiş həyat yoldaşına ödənməsini qət edib:
“Qətnaməni götürüb İcra və Probasiya şöbəsinin əməkdaşı Aqil müəllimin yanına getdim, bildirdim ki, “axı mənə söz vermişdiz, 5 ilin aliment borcu silinəcəkdi, axı sizə də, vəkilə də pul vermişdim”. Aqil müəllim Qətnaməni götürdü, dedi, indi vaxtım yoxdur, tanış olum, çağıracam səni… Bir müddətdən sonra zəng vurub çağırdı, getdim. Dedim ki, bir halda ki, o məbləğ mənim üzərimdə qalıb, zəhmət çəkin, sizə verdiyim 4 min manatı geri qaytarın. Aramızda mübahisə düşdü, yerindən durub üstümə cumdu, məni yumruqladı. Mən ona cavab qaytarmağa imkan tapmadım, digər otaqdan gələn şöbənin daha iki işçisi də üstümə cumdu, beləliklə, üçü birləşib məni möhkəm döydülər. Şöbənin rəisi Pərviz müəllimə zəng vurdular, o da bildirdi ki, onu heç yerə buraxmayın, özüm gəlirəm. Gəldi, başıma gələnləri ona danışdım, bildirdim ki, burdan çıxıb düz polis şöbəsinə gedib şikayət edəcəm. Məni dilə tutmağa başladılar, ancaq sən demə, bunlar burda məni dilə tutur, qonşu otaqdasa məni məhkəmə qarşısına çıxarmaq üçün sənədlər hazırlanır”.
Ramiz Məhərrəmov deyir, İcra və Probasiya Şöbəsi ilə məhkəmə eyni binada yerləşir. Sənədləri hazırlandıqdan sonra onu məhkəmə zalına aparıblar. Hakim 13 sutka həbs kəsib. Elə Probasiya şöbəsinin əməkdaşı Aqilin maşınında onu Şəmkir Rayon Polis Şöbəsinə gətirərək həbs cəzasını çəkməsi üçün təhvil veriblər:
“Mən polis şöbəsinin əməkdaşlarından xahiş, tələb etdim ki, təcili yardım çağırılsın, mənim xəsarətlərim sənədləşdirilsin, ekspertiza keçirilsin, məni döyənlərlə bağlı şikayətim var. Bildirdilər ki, buna icazə verilmir. Gücüm 3 gün aclıq etməyə çatdı. Ancaq onu da rəsmiləşdirmədilər”.
Ramiz Məhərrəmovun sözlərinə görə, 13 sutkalıq həbs cəzası başa çatdıqdan və polis şöbəsindən azadlığa buraxıldıqdan sonra Şəmkir Rayon Prokurorluğuna gedərək şikayət edib. Prokurorluqdasa ona bildirilib ki, hadisənin üstündən iki həftə keçdiyinə görə xəsarətlər sağalıb və döyüldüyünü sübut edəcək dəlili olmadığına görə şikayəti qəbul etmirlər:
“Döyülməyimdən 1 il keçir. Bakıya – Baş Prokurorluğa qədər getmişəm, iki ay əvvəl yenə yazmışam həmin quruma, ancaq indiyədək heç bir müraciətimə cavab verilməyib. Vəkil məni aldadıb, pulumu alıb, heç bir köməklik göstərməyib, buna görə Vəkillər Kollegiyasına şikayət etmişəm, ordan da heç bir cavab yoxdur. Sanki cəngəllikdə yaşayırıq, vətəndaş döyülür, həbs olunur, ondan ödəməli olmadığı aliment tələb edilir, vətəndaş müraciət edir, sanki sözünü divara deyirsən”.
Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən Meydan TV-yə bildirilib ki, Ramiz Məhərrəmovun şöbə əməkdaşları tərəfindən döyülməsiylə bağlı dedikləri həqiqətə uyğun deyil. O, şöbəyə dəvət edilib, məhkəmə qətnaməsini icra etməsi üçün danışıqlar aparılıb. Qətnaməni icra etməkdən imtina etdiyi üçün məhkəməyə verilib və məhkəmə ona inzibati qaydada 13 sutka həbs kəsib.