Leyla Cəfərova iddia edir ki, 50 ildir istifadələrində olan həyətyanı sahəsi qanunsuz olaraq əllərindən alınıb
“İlyarımdır ki, hasarlarımızı dağıdıb, şəxsi həyətyanı sahəmizi zəbt ediblər. Qazıntı, tikinti işləri aparırbar. Deyirlər, burda rəssamlıq məktəbi tikirik”.
Şəmkir rayon sakini Leyla Cəfərova Meydan TV-yə danışır ki, rayonun icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov onlara məxsus olan yaşadıqları evin həyətyanı sahəsini başqasına verib. Onun sözlərinə görə, ilyarım əvvəl Rəssamlar İttifaqının üzvü Fərman Hüseynov yerli icra hakimiyyətinin işçiləriylə yaşadıqları ünvana – Səməd Vurğun küçəsi 194-ə gəlib. Bildirib ki, onlara məxsus həyətyanı sahə rəssamlıq məktəbi üçün ayrılıb. Leyla Cəfərovanın sözlərinə görə, onlara bu barədə nə rəsmi bildiriş gəlib, nə də kompensasiya ödənilib.
Söhbət ondan gedir ki, bir müddət əvvəl Rəssamlar İttifaqının üzvü, Şəmkirdə yaşayan rəssam-heykəltəraş Fərman Hüseynov şəxsi rəssamlıq emalatxanasının və Alman Mədəniyyət Muzeyinin yaradılması üçün icra başçısına ərizə ilə müraciət edib. İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, başçı da rəssamın müraciəti əsasında Səməd Vurğun küçəsində qeyd olunan ünvanda alman zirzəmisi olmasını nəzərə alaraq, 180 kvadratmetrlik boş, istifadəsdiz torpaq sahəsini bu məqsəd üçün ayırıb, tikinti işlərini də rəssama tapşırıb. Ancaq Cəfərovlar ailəsi iddia edir ki, sərəncamda qeyd olunan ünvan əslində başqa ərazidə yerləşir. Faktiki hasarları dağıdılmış və söküntü işləri aparılmış həyətyanı sahə isə 50 ildən çoxdur ki, onların istifadəsindədir. Ailə üzvü Leyla Cəfərova danışır:
“Heç bir sənəd təqdim etmədən, bizimlə razılaşdırmadan, kompensasiya ödəmədən şəxsi mülkümüzü viran qoyublar. Ötən ilin mayında isə işi dayandırıb, gediblər. Bircə onu deyirlər ki, Fərman Hüseynov başçıya rəssamlıq məktəbi tikilməsi üçün bizim ərazidən yer ayrılmasını xahiş edib, başçı da sərəncam verib. Mən sərəncama baxmışam, orda göstərilən ünvan bizim ünvanla üst-üstə düşmür”.
“Polis təzyiqlərinə məruz qalırıq”
Leyla Cəfərova iddia edir ki, Fərman Hüseynov rəssamlıq məktəbi adı altında zəbt etdiyi əraziləri bir müddətdən sonra öz adına rəsmiləşdirir və istifadə edir. Cəfərovlar ailəsi ilyarım ərzində müxtəlif qurumlara müraciət edib, ancaq heç bir müsbət cavab almayıb. Əksinə, hər dəfə müraciətlərindən sonra ailə üzvləri rayon polis şöbəsi tərəfindən təzyiqlərə məruz qalır. Leyla xanım sözünə davam edir:
“Dəfələrlə polis şöbəsinə aparılmışıq, şöbədə tələb olunub ki, razılığa gələk və heç yerə şikayət etməyək. Yəni istədikləri odur ki, ailəmiz 50 ildən artıq yaşadığı mülkün bir hissəsindən – həyətyanı sahədən könüllü imtina etsin. Hədələyirlər ki, şikayətçi olsaq, hələ bu harasıdır, bizi mülkümüzün qalan hissəsindən – mənzildən də məhrum edəcəklər və sair. Fərman Hüseynov və icra hakimiyyətinin Şəmkir şəhər icra nümayəndəsi Elşən Quliyev bu məsələdə prezidentin adından istifadə edir. Ağzımızı açan kimi deyirlər, sən prezidentin göstərişinə qarşı çıxırsan? Bizsə inanmırıq ki, prezident vətəndaşın şəxsi, qanuni mülkünü dağıdıb yerində məktəb tikilməsinə göstəriş verə…”
“Prezidentin adından istifadə edirlər”
Leyla xanımın sözlərinə görə, yerli icra hakimiyyətinin nümayəndələri və Fərman Hüseynov ona məktəbin binası tikildikdən sonra prezidentin açılışa gələcəyini bildirirlər:
“Halbuki, araşdırmışıq, nə prezidentin belə göstərişi, nə də Mədəniyyət Nazirliyinin bu işlərdən xəbəri var. Bir rayonun icra başçısıyla bir rəssam rayonda rəssamlıq məktəbinin tikintisi ilə bağlı ikilikdə qərar veriblər. Məktəbi dövlət tikirsə, bunun smeta sənədi, aidiyyəti üzrə nazirliyin sifarişi olmalıdır. Bu, necə dövlət tərəfindən tikilən binadır ki, məhəllənin o başındakı 3-4 nəfəri qara fəhlə kimi işlədirdilər. Dövlətin gördüyü iş belə olmur axı… Nəinki mənim həyətimdə, heç rayon ərazisində rəssamlıq məktəbinin tikintisi ilə bağlı başçının sərəncamından başqa Bakıdan rəsmi heç bir qərar, göstəriş yoxdur”.
“Hasar yoxdur, itlər həyətə doluşur”
Leyla xanımın sözlərinə görə, həyətyanı sahənin dağıdılması ailə üzvlərinin normal yaşayışını da pozub:
“Həyətimizin bar verən 12 ağacını kəsib atıblar. İki hinimizi ləğv ediblər. Hasarı uçurublar deyə, axşamlar küçə itləri həyətimizə doluşur, evdən çölə çıxa bilmirik. Həyətdə daş-qalaqdan addım atmaq mümkün deyil. Uşaqlar həyətə çıxan kimi daşlara ilişib yıxılır, əzilirlər. Həyətdə qazılmış dərin zirzəmi quyusu hər an faciəyə səbəb ola bilər. Uşaqları şəxsi həyətimizə buraxa bilmirik”.
“Mən yalnız təşəbbüskaram, işi görən dövlətdir”
Meydan TV müxbiri rəssam Fərman Hüseynovla da danışıb. Onun sözlərinə görə, bir müddət əvvəl rayonda rəssamlıq məktəbinin yaradılması ilə bağlı rayon icra hakimiyyətinin başçısına müraciət edib:
“Mən müraciət etmişəm ki, rayonda belə bir məktəbin yaradılması faydalı olar. Başçı da yer ayırıb, sərəncam verib. Orda söhbət təkcə rəssamlıq məktəbindən getmir. Tikilinin birinci mərtəbəsi alman mədəniyyət muzeyi olacaq, ikinci mərtəbəsində rəssamlıq məktəbi nəzərdə tutulub. Məşğələlərin keçirilıməsi üçün otaqlar olacaq. Yerə gəlincə, o ailənin sənədi yalnız mənzilə orderdir. Həyətyanı sahə isə Mənzil İstismar Sahəsinə aiddir, ailəyə aidiyyəti yoxdur. Dövlətin sahəsidir, dövlət o sahədə nə istəsə tikib-yarada bilər. Alman muzeyinin və rəssamlıq məktəbinin nəyə görə məhz həmin ünvanda yaradılmasına gəlincə, orada almanlardan qalan zirzəmi var, dövlət qərara alıb ki, həmin zirzəmini bərpa edərək muzeyi həmin zirzəminin üzərində yaratsın. Bu, mənim yox, dövlətin qərarıdır. Mən sadəcə təşəbbüs irəli sürmüşəm”.
Fərman Hüseynov deyir, bir neçə ildir ki, şəxsi emalatxanası plana düşərək sökülüb: “Emalatxanam “İstiqlal parkı” salınanda plana düşdü, söküldü, indiyə kimi də emalatxanasız qalmışam. Keçmiş başçıdan mənə başqa yerdə emalatxana yaratmasını xahiş etsəm də, yaratmadı. Hazırkı icra başçısına müraciət elədim, o da sağ olsun ki, sərəncam verdi”.
Fərman Hüseynov Cəfərovların başqa iddialarına da münasibət bildirib. Deyib ki, rəssamlıq emalatxanası üçün ilk dəfədir ki, yer ayrılıb, bundan əvvəl başqalarının şəxsi mülkiyyətlərində olan sahələrin ələ keçirilməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil.
“30 illik istifadədən sonra torpaq vətəndaşın mülkiyyətinə verilməlidir”
Hüquqünas Namizəd Səfərov deyir, həyətyanı sahə 30 ildən çox vətəndaşın faktiki istifadəsində olduqda, həmin vətəndaşın müraciəti əsasında rəsmi şəkildə onun mülkiyyətinə verilməlidir:
“Cəfərovlar ilk növbədə mənzilə aid orderi aidiyyəti quruma təqdim edərək çox rahat şəkildə mənzilli özəlləşdirə bilərlər. Bundan sonra isə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin 30 ildən çoxdur həyətyanı sahə kimi faktiki istifadələrində olduğunu sübut etməlidilər.