Şəmkir sakini: “Göz görə-görə iki ali təhsilli, günahsız adamı həbsə yolladı”

Tural Zeynalov. Fotolar Zeynalovlar ailəsinin arxivindən götürülüb

“Onun həbsini sifariş verənlər və icra edənlər kef eləyəndə o, dağlarda kazarma, anbar təmir etdirirdi”

Şəmkir sakini Allahverdi Zeynalov deyir ki, iki ali təhsili olan, 44 günlük müharibə dövründə müxtəlif formada kömək edən oğlunu polislər şərləyib. Onun sözlərinə görə, oğlunu məhkəmənin əli ilə cəzalandırıblar.

“Hər ay Şəmkirdə 70-80 nəfərə ərzaq yardımı edirdi”

Tural Zeynalova fevralın 25-də Şəmkir Rayon Məhkəməsinin hökmüylə 2 il 6 ay həbs cəzası kəsilib. O, məhkəmə zalından həbs olunub. Hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Tural Zeynalov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsilə ittiham olunur. İddia edilir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisini vurub.

Atası deyir ki, Şəmkir Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev obyektiv, hərtərəfli araşdırma aparmadan, sifarişlə oğlu haqqında ittiham hökmü çıxarıb. Allahverdi Zeynalovun sözlərinə görə, ədaləti bərqərar etməli olan hakim bu işdə ən böyük ədalətsizliyi edib:

“Göz görə-görə günahsız bir adamı sifarişlə həbsə yolladı. O adamı ki, onun həbsinin sifarişini verənlər və bu sifarişi içra edənlər kefdə olanda o, dağ başında hərbçilər üçün kazarma, anbar təmir etdirirdi. Müdafiə naziri Zakir Həsənov xeyriyyə işlərinə görə ona təşəkkürnamə verib. 44 günlük müharibə dövründə Füzuli, Tərtər, Ağdam bölgələrində onun nə qədər xidmətləri olmuşdu. Pulu bir yana, özü fəhləlik eləyirdi. Hər ay Şəmkirdə 70-80 nəfərə ərzaq yardımı edirdi. İki ali təhsili olan belə bir oğulu sifarişlə həbsə yollamağın adı nədir?”

“Bu dəfə məqsədləri Turalı aparmaq imiş…”

Şəmkir sakininin həbsinə gətirib çıxaran hadisə 2021-ci ilin yayında baş verib. Allahverdi Zeynalov Şəmkirdəki “Qoşa Qala” istirahət mərkəzinin sahibidir. İyunun 22-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları mərkəzə gələrək, orada toy məclisi keçirildiyini (həmin vaxt qadağan idi-red.) iddia ediblər.

“Halbuki, toy yox idi. Bir tanışımız qız qaçırmışdı. Gəlib xahiş elədi ki, “qız tərəfin qohumlarıyla barışıq olacaq, 20-25 nəfərlik yer eləyin bizə”. 4-5 kabinetdə ayrı-ayrılıqda oturdular. Bir saat olardı oturmuşdular, mülki geyimlilər restorana doluşdular. Onları tanıdım ki, cinayət-axtarışdandır, çünki ondan bir ay əvvəl də guya nişan keçirilib adıyla 4000 min cərimələmişdilər. O da yalan idi, dedim, ay kişi, 14 nəfərlə nişan olur? Bir sözlə, kiçik sahibkar kimi, fəaliyyətimə imkan vermirlər. Sən demə, bu dəfə məqsədləri oğlum Turalı aparmaq imiş…”, – Allahverdi Zeynalov bildirib.

“Adamda utanmaq yaxşı şeydi”

Onun sözlərinə görə, iyunun 22-də polislər restoranda ona fiziki güc tətbiq ediblər, nəticədə xəsarət alıb, yıxılıb və huşunu itirib. Elə həmin vaxt oğlunu götürüb aparıblar. Sonradan eşidib ki, oğlu Şəmkir Rayon Polis Şöbəsində döyülüb, xəsarət alıb:

“Restoranda uşaq əyləncə yeri var, orada Turalın gözünə qaz sıxdılar. Məni itələyib yıxdılar, başım bardüra dəydi, huşumu itirdim. Ayılanda gördüm ki, Turalı apardılar. Tural polis şöbəsinə girən kimi onu yumruqla vurublar. Təsəvvür edin, əllərini tutub, yumruqla elə vurublar ki, burnundan qan fışqırıb. Sonra da utanmadan yazıblar ki, guya Tural polis idarəsində cinayət axtarışın rəisini vurub. Tural dəliydi ki, polis şöbəsində onu vursun? Adamda utanmaq hissi yaxşı şeydi…”

“Elə polis var, yalan danışmaq istəməyib”

Tural Zeynalov haqqında əvvəlcə 3 aylıq həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Atası deyir ki, hadisənin şahidləri arasında elə polislər olub ki, onlar yalan danışmaq istəməyib, istintaq zamanı dindirilərkən düzgün ifadə veriblər. Ona görə də həmin şahidlərin adlarını məhkəməyə çağırılacaq şahidlərin siyahısına salmayıblar:

“Onların arasında Şəmkirdən olan Ömər adlı polis vardı. Buna görə ona nə qədər təzyiq göstərdilər. Bizim vəkil vəsatət qaldırdı ki, bu adam istintaqda dindirilib, hadisənin şahididi, məhkəmədə də dindirilsin. Məhkəmə vəsatəti təmin elədi. Amma sonradan öz qərarını icra eləmədi – çağırıb dindirmədi. Dedilər ki, guya xəstəxanadadır, nəsə bəhanə elədilər…”

Tural Zeynalovun vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, Şəmkir Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib.

DİN nə deyir?

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Tural Zeynalovun qanunsuz həbsi, onun polis şöbəsində zorakılığa məruz qalması haqda iddiaları təkzib edib. Bu qurumdan bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə restoranda toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polislər ora gələndə sahibi obyektin qapılarını bağlayaraq, onların fəaliyyətinə mane olub:

“Rayon Polis Şöbəsinin əməkdaşları qanunla müəyyən edilmiş qaydada Tural Zeynalovu saxlayaraq, polis şöbəsinə gətirib. Lakin o, polis şöbəsində nalayiq söyüşlər söyərək və və zor tətbiq edərək, xuliqanlıq hərəkətlərini davam etdirib”.

Tural Zeynalov son parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.

Ana səhifəBölgəŞəmkir sakini: “Göz görə-görə iki ali təhsilli, günahsız adamı həbsə yolladı”