Səməd Türksoyun bağlanmamış səhifəsi

Səmədin atası Elmin Bayramov

Səmədin atası Elmin Bayramov

Səmədin atası Elmin Bayramov

Səmədin atası Elmin Bayramov

27 yanvar, 19:42. “Səmədə əlvida”...

Qəbələnin Mıxlıqovaq kənd sakini Səməd Bayramovun Səməd Türksoy adıyla tanınan “Facebook” səhifəsindəki vida statusu... Ərtafda dolaşan ölümün addım səsləri altında kiçik hərflərlə yazılmış acı həqiqətin böyük rəsmi. O “rəsmin” dəqiq hikmətini heç kim, heç zaman bilməyəcək. Yaddaşlarda sadəcə məntiq və müşahidələr qalacaq. Bir də Səmədin işıqlı xatirəsi...

Kim idi Səməd Bayramov? Gözdən-könüldən uzaq tipik əyalət kəndində talassemiya ilə doğulmuş vətən övladı. Qismən fiziki əngəllik desək, bu halda vaxtı öldürmək üçün Azərbaycan kanallarının palatka çəkilişlərinə, şou-şüvənlərə, dənsiz seriallara baxardı. Amma o, dərin və sərhədsiz “Azadlıq eşqinə” tutulub maneələrlə dolu çətin bir yolçuluğa başlayır. O yolla yarıçılğın, yarısadəlövh Səməd ölkənin, xalqın salındığı dözülməz durumu, məmur özbaşınalığını təqdim və ifşa etməyə çalışır.

Səmədlə “bizim evin uşaqlarından” Türkiyədə təhsil alan İbrahimin sıx əlaqələri vardı. Ordan tanıyıb oxuyurdum yazılarını. Məşhur “19 yanvar” mitinqinə gedə bilməyib deyə özünə yer tapmırdı. Ümumiyyətlə, çox fəal, yorulmaz mövqeyi vardı. Yanvarın 26-na elan edilən mitinq baş tutsaydı, İbrahim onu da götürəcəkdi, mən də o uşağı görəcəkdim. Nə mitinq oldu, nə də o görüş.

Bircə gün sonra da o ağır xəbər... Yanvarın 27-də qripə görə səhər “Təcili Yardım”la xəstəxanaya aparılan Səmədin axşam evə cansız bədənini gətirirlər. O bazar günü Qəbələ rayon Mərkəzi Xəstəxanasında nə baş verdi? Bir adamın talassemiya daşıyıcısı olması onun başqa bir səbəbdən ölümə təslim olmasına əsas verirmi?

Mən bu yazını Səmədin dəfnindən qayıdan kimi yazmalıydım. O gündən fikrimi toplayıb özümə gələ bilmirəm. Davamlı, sıx münasibətimiz olmasa da, Səməd mənə “Nazlı ana” deyənlərdən biri kimi doğmadır. Və mən o cəsur, romantik və ən başlıcası təmənnasız uşağı Qavroşa bənzədirdim. Xüsusilə təmənnasız ona görə ki, Səməd sadəcə düşündüklərini yazırdı. O düşüncələrin arxasında, məsələn, ölkəni tərk edib xaricdə rahat yaşamaq kimi niyyətlər durmurdu. Özünə və atasına qarşı təzyiqləri “təbii hal” kimi qəbul edib, vətənin daşına-torpağına daha çox bağlanırdı. Səməd azadlıq, bərabərlik, ədalət savaşçısı idi və öz uşaq təbirincə desək, canını hər an vətənin, xalqın yolunda fəda etməyə hazırdı. Etiraz səsini çatdırmaq üçün sevimli tribunası da vardı: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP). Cəbhəçi olmağı ilə sevinc və qürur duyurdu. AXCP-nin simasında Milli Şuranın mitinqlərinə həvəslə, sevə-sevə qatılırdı. Büdcəsi və yaxud səhhəti imkan verməyəndə bunu özünə günlərlə dərd edib ruhdan düşürdü. Və o AXCP sıralarındakı mitinq şəkilləri onun səhifəsinin mübtədasını təşkil edir. “Edir” ona görə ki, Səmədin “Facebook” hesabı açıqdır və hər zaman da açıq qalacaq. Onu qəfil, vaxtsız itirən nisgilli ailəsi üçün o səhifə Səmədin qısa və şərəfli ömür tarixçəsinin yadigarıdır.

İndi mən niyə nekroloq kimi sıxıcı yazıram? Ondan qalan ikicə kəlməlik əlvida mesajı daha mənalıdır. Nədən Səməd? Bəs dünyaya sığmayan o böyük arzular, ümidlər? Talassemiyanı zərərsizləşdirəcək qədər həyat eşqi, mübarizə əzmi? Bom-boz həyata uşaq səmimiyyəti ilə rəng qatmağı bacaran ürəyindən, dilindən qopan o qədər nikbin kəlmələr bəs necə olsun?

Səmədin atası övladının ölümünü təsadüf hesab etmir. O da ola, neçə sınaqlardan keçib ayaqda qalan övladının. Bakıda Səmədin əməliyyatını boynuna götürüb uğurlu nəticə alan professor Ramin İmanov qəti surətdə Səmədin hər hansı qripdən ölmə ehtimalına qarşı çıxır. Hazırda Almaniyada yaşayan məşhur doktorun rəyinə görə onun immunitetinin ölüm həddinə düşməsi mümkünsüz haldır. Əməliyyatdan sonra iki ildir Səmədə qan köçürülməyib. Orqanizmi artıq təbii qidalara uyğunlaşıb.

Ata min əzab-əziyyətlər bahasına stabil duruma düşmüş övladının xəstəxanada ölümə tərk edilməsini həzm edə bilmir. Ölümün ağırlığı öz yerində, o gün yaşadığı kabusu dinlədikcə adamın qanı donur.

...Xəstəxanada “sistem” altında vurulan naməlum iynədən halı pisləşən Səməd qonşu Diaqnostika Mərkəzinə köçürülən zaman artıq vəziyyəti ağır olub. O arada xəstəxanadan “ehtiyac olsa, qan vurarıq,”- deyə atanı sakitləşdirirmişlər. Üzüaxşama Diaqnostika Mərkəzindən hər ehtimala qarşı qan vurmağa qərar veriləndə xəstəxanaya qaçan adama “qan yoxdur, həkim evinə gedib,” - deyirlər.

“Əvvəllər birinci qrup öz qanımdan köçürüblər”, - deyə yalvar-yaxar etsə də, öz qanına icazə verilməyib. Yalnız Şəkidən gəlməlidir, deyiblər. Son ümidə köklənən ata onda dərhal Şəkiyə qan dalınca taksi göndərib. Bütün bu müddətdə övladının başından ayrılmayıb onun necə əldən getməsini izləmək də var. İynə ucu boyda ümid yalnız yollara qalır...

Di gəl ki, o qan gəlib çatanadək can çəkişən Səməd atasının qansız ortamlardakı çarəsiz çabalarına nöqtə qoyub... Hər şeyi duyduğu anlarda yalnız “ata” deyərək davamlı üzünə baxırmış. Ardını gətirə bilmədiyi cümlədə atasına nə çatdıracaqmış? Erkən itirdikləri anasının yanında yerləşmək istəyinimi, möhkəm, güclü olmaq xahişinimi?

 O yarımçıq cümlənin tüstüsündə boğulan atanın yeganə təsəllisi övladının qəfil ölümündəki sual işarələrini çözməkdir. Ağrı-acısı çox və təzədir, heç köhnəlməyəcək qədər təzə və azalmayacaq qədər sonsuz. Çünki Səmədlə həm də ayrılmaz dost idilər. Əvvəl qucağında, sonralar yanında daşıdığı həyat dolu səsli-küylü dünyası dağılan ataya deməyə söz tapa bilmədim. Üzünü tutub boğula-boğula ağlamağına səssiz qoşulmaqdan savayı.

Və yeri gəlmişkən...

Cəbhəçi Səmədin “status cinayətinə” görə şöbədə ata-balanı klassik üsullarla ayrı-ayrı “dindirib”,   “xəbərdarlıq” edirmişlər. O ciddi xəbərdarlığın tərkib hissəsinin hansı “tədbirlərdən” və “maddələrdən” ibarət olduğunu nəzərə alsaq, Səməd atasının təkidi ilə o səhifəni elə ordaca bağlamalıydı. Amma bunu nə özü edib, nə də atası həyatın mənasını o yazı-pozuda tapan Səmədə rəva görüb. Əksinə, çıxar-çıxmaz qaldıqları yerdən daha sərt çəkildə davam ediblər. Həm də atanın evdə o hədələrə uyğun böyük oğlunun, Səmədin tək qardaşının da olduğuna baxmayaraq.

Azərbaycan Xalq Cəbhəsindən sadiq, fəal üzvləri gənc Səməd Türksoyun ölümü ilə bağlı atasına  təskinlik vermək üçün Qəbələyə gələn oldumu görəsən? Səmədin atasının gözləri yol çəkirdi, əziz  cəbhəçilər...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nzo24j

Ən çox baxılan