Səməd Seyidov Yaqlanda cavab verdi

“Ən böyük beynəlxalq qanun pozuntusu Azərbaycan torpaqlarının 20 il bundan əvvəl işğalı idi”

Source:


“Ən böyük beynəlxalq qanun pozuntusu Azərbaycan torpaqlarının 20 il bundan əvvəl işğalı idi”

Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA Baş Katibi Thorborn Jaglandın dekabrın 16-da Azərbaycanda insan haqlarına hörmət məsələsini araşdırmağa başladığı haqqında bəyanatına reaksiya verib.

Deputat Azadlıq Radiosuna deyib ki, cənab Jagland çıxışında Avropa Şurasının konvensiya sisteminin ciddi təhlükə altında olması ilə bağlı bəyanat verdi. Bu konvensiyaların üzv ölkələr tərəfindən həyata keçirilməsi ciddi problemlərlə müşayiət olunur. Bu kontekstdə konvensiyaların yerinə yetirilməməsi, onların müddəalarının beynəlxalq qanun çərçivəsində yox, daxili ölkə qanunları çərçivəsində həll olunmasına üstünlük verən azı 10 ölkənin adını çəkdi. Uzun bir siyahı idi: “O siyahının içərisində, bəli, Azərbaycanın da adını çəkmişdi. Ancaq Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkələrdən Ermənistan bu yaxınlarda Çıraqov məsələsi ilə bağlı tamamilə imtina elədi. Ən maraqlısı və ən gülməlisi odur ki, biri var, ölkələrin hansısa daxili qanunlara əsasən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmir. Biri də var, Avropa Şurasının tərkib hissəsi olan Avropa Şurası Parlament Assembleyası, bir neçə sessiya bundan əvvəl öz sənədində Avropa İnsan Haqları Məhkəməsinin qərarını əks etdirməkdən imtina etmişdi. Bu, çox ciddi bir böhrandır”.

Səməd Seyidovun fikrincə, bəzi ölkələr “öz müqəddəratlarını müdafiə edərək məsuliyyətsiz beynəlxalq müdaxilələrin əvəzinə daxili qanunvericiliyi təkmilləşdirməyi və ona əsasən hərəkət etməyi üstün tuturlar”. Deputat bu baxımdan cənab Jaglandın narahatlığını düzgün sayır:

“Ancaq sizin, ya da başqa mətbu orqanların ordan Azərbaycanı çıxarıb bir problem kimi göstərməsi, bütün digər ölkələrin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını həyata keçirdiyini deməsi tamamilə yanlış məsələdir. Bu, böyük bir böhrandır. Bu böhranın da səbəbləri məhz ondan irəli gəlir ki, beynəlxalq qanunvericilik, təəssüflər olsun, işləmir. Biz bunu dəfələrlə demişik, indi Avropa Şurası səviyyəsində Avropada özünü göstərməyə başlayıb. Ən böyük beynəlxalq qanun pozuntusu Azərbaycan torpaqlarının 20 il bundan əvvəl işğalı idi. O torpaqların işğalı ilə bağlı beynəlxalq qanun işləsəydi, təbii, beynəlxalq qanun hər yerdə üstünlük təşkil edərdi. Necə olur ki, işğal olunmuş torpaqlar məsələsində beynəlxalq qanun işləmir, başqa məsələlərdə işləməlidir? Bu necə beynəlxalq qanunun ayrıseçkiliyidir?”.

Ədliyyə Nazirlyinin insan hüquqları şöbəsinin rəisi Faiq Qurbanov isə hesab edir ki, Azərbaycanda belə bir addımın atılması üçün əsas yoxdur: “Təbii ki, bu, baş katibin subyektiv fikridir. Ancaq Azərbaycan hər zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına hörmətlə yanaşıb”.

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına gəlincə, Faiq Qurbanov iddia edir ki, həmin qərar “İlqar Məmmədov hələ həbs olunmaq mərhələsində ikən verilib və artıq aktuallığını itirmiş” sayılıb:

“Ona görə ki, artıq İlqar Məmmədovla bağlı məhkəmə qanuni qüvvəyə minmiş qərar da vermişdi. Lakin eyni zamanda, məhkəmənin belə bir qərarının olması nəzərə alınaraq bu məsələyə diqqətlə yanaşıldı. Belə olan hallarda Ali Məhkəmənin Pleniumuna məsələlər çıxarılır, müzakirə olunur. Bütün bu məsələlər həmişə diqqət mərkəzində saxlanılıb. Əgər bunu monitorinqini keçirmək istəyirlərsə, bu, onların şəxsi fikridir. Amma ən azı onlar dövlətin iradəsini və dövlətdə olan təcrübəni nəzərə almalıdırlar. Həqiqətə uyğun olmayan məsələləri vurğulamaqla, dövlətin adına xələl gətirməyə cəhd etməməlidirlər. Bu, uğursuz bir cəhddir. Hesab etmirəm ki, bu, həlli mümkün olmayan məsələdir. Hər şey qanun çərçivəsində həyata keçirilir”.

Ana səhifəXəbərlərSəməd Seyidov Yaqlanda cavab verdi