Səməd Seyidov: Sanksiyaları tətbiq edən tərəf daha çox əziyyət çəkir

Rəsul Cəfərov: ”Çox ucuz siyasi şantajdır”

Source:


Rəsul Cəfərov: ”Çox ucuz siyasi şantajdır”

“Avropa Şurası ilə gərginliyi biz yaratmamışıq və biz Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarına hörmətlə yanaşırıq”.

Meydan TV xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin sədri Səməd Seyidov “Turan” agentliyinə müsahibəsində tərəflər arasında İlqar Məmmədovun işi ilə bağlı müəyyən gərginliklərin yaşanması və buna görə Azərbaycana qarşı sanksiya tətbiq edilmə ehtimalı barədə sualı cavablandırarkən deyib.

S.Seyidov bildlrib ki, Azərbaycan tərəfi hər bir qərarın yerinə yetirilməsi ilə bağlı öz siyasi iradəsini ortaya qoyub.

“Hal-hazırda bu haqda danışmaq bir balaca tezdir. İlqar Məmmədovun işi ilə bağlı baş katibin təşəbbüsü əsasında Avropa İnsan Haqları Məhkəməsində xüsusi prosedur işə salınıb. Ona görə, bu məsələ Avropa İnsan Haqları Məhkəməsində baxıldığına görə, nə Avropa Şurası, nə AŞPA, nə də hansısa başqa tərəf bu işə müdaxilə edə bilməz. Avropa İnsan Haqları Məhkəməsi öz yekun fikrini bildirmək iqtidarındadır”.

O, bu məsələdə səbirli olmağı məsləhət görüb.

“Azərbaycan öz əməkdaşlığını edib, edir və bundan sonra da edəcək. Hansısa başqa bir tövsiyələr olacaqsa, onu da diqqətlə öyrənəcəyik. Hər bir halda bizim Avropa Şurası ilə münasibətimiz normal, konstruktiv şəkildə cərəyan edəcək”.

Konkret olaraq sanksiya məsələsinə toxunan S.Seyidov deyib ki, dünya təcrübəsinə əsasən, sanksiyaları tətbiq edən tərəflər sanksiyalardan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf.

“Sanksiyalar dialoqa əks çıxan və tamamilə uyğun olmayan bir metoddur. Bu təşkilat dialoq, kommunikasiya, əlaqələr təşkilatıdır. Kimsə konfontasiyaya getmək istəyirsə önun özü bu problemdən əziyyət çəkəcək. Ona görə, sanksiya dili produktiv dil deyil, dialoq və qarşılıqlı hörmət, Avropa Şurasının rəhbərliyi də, AŞPA-da bu yolla getməlidir və əminəm ki, bu istiqamətdə də gedəcək”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə deyib ki, Səməd Seyidov açıqlamasında özünü inkar edən iki fikir işlədib.

“Bir tərəfdən Seyidov qərarların icra edildiyini və problemi rəsmi Bakının yaratmadığını iddia edir. Amma Nazirlər Kabinetinin və Baş katib cənab Yaqlandın təşəbbüsü ilə xüsusi prosedura start verildiyini də əlavə edir. Sual yaranır, əgər rəsmi Bakı qərarı icra edirsə, problem yaratmayıbsa, o zaman Nazirlər Kabineti Avropa Şurası tarixində heç vaxt tətbiq etmədiyi xüsusi prosedur qaydasını niyə işə salıb. 70 ilə yaxın zamanda heç vaxt tətbiq edilməyən məsələ Avropa Məhkəməsinin icraatına gəlib çıxıb”.

Rəsul Cəfərov Avropa Şurasının hakimiyyətlə ReAL sədrinin azad olunması üzrə dialoqu məsələsində xatırladıb ki, Avropa Məhkəməsinin İlqar Məmmədov haqda qərarı 2014-cü ilin mayında qəbul edilib, oktyabrda qüvvəyə minib və o vaxtdan 2017-ci ilin dekabrına qədər dialoq aparılıb. Yəni xüsusi prosedur tətbiq olunana qədər:

“Hətta bir sıra ictimai-siyasi xadimlər dialoqun nəticəli olacağına inanmırdılar, onlar hakimiyyətin vaxt udduğunu və İlqar Məmmədovun bu danışıqlar əsasında azadlığa çıxacağını düşünmürdülər. Belə də oldu”.

Rəsul Cəfərov

O qeyd edib ki, dialoq siyasi məhbuslarların işi ilə əlaqədar İşçi Qrupun yaradılmasını özündə ehtiva edirdi, ancaq sonradan bu qrupun heç bir iş görmədiyi aydın oldu.

“İlqar Məmmədov da hələ həbsdədir. Onda Baş katib birtərəfli qaydada  nümayəndəsini geri çəkdi və İşçi Qrupun fəaliyyəti dayandırıldı. Ardınca Baş katib 52-ci maddəyə əsaslanıb Azərbaycana missiya təyin etdi. Güman edilirdi ki, missiya fəaliyyətinin nəticəsində İlqar Məmmədovun azadlığa buraxılmasına nail olacaq. Amma missiya nümayəndələrinə vizaların verilməsində yubanmalar oldu, buna baxmayaraq onlar üç dəfə Bakıda oldular və prezidentlə də görüşdülər. Yenə də nəticə olmadığından 52-ci maddə proseduru dayandırıldı”.

R.Cəfərov vurğulayıb ki, ortada məhkəmə qərarı var, qərara görə 18 və 5-cı maddələrin pozuntuları tanınıb.

“Bu maddələr üzrə Avropa Məhkəməsində 4-5 iş olub. Rusiyada Qusinski işi, Kreml sonra tanıdı. Ukraynada Timoşenko işində hökumət icra etdi. Amma rəsmi Bakı qərarı icra etmədiyindən indiki vəziyyət yaranıb. Beləliklə, Avropa Məhkəməsi və Avropa Şurası tarixində olmayan proseduru tətbiq etdilər. İndi də bu prosedur üzrə işlər davam edir”.

Rəsul Cəfərov Səməd Seyidovun sanksiyalar barədə fikirlərinə də reaksiya verib:

“Sanksiyaların tətbiqi Avropa Məhkəməsindəki işin icraatından asılıdır. Səməd Seyidov da indiki zamanda sanksiyalardan söhbət getmədiyini deyəndə, buna işarə edirdi. Çünki Nazirlər Kabineti, AŞ PA Avropa Məhkəməsinin qərarını gözləyir. Amma nəticə gözlənilən kimi olsa, məhkəmə bildirsə ki, İlqar Məmmədovla haqda qərarın icra edilməməsi Bakının üzərinə götürdüyü öhdəliyi pozur, onda Nazirlər Kabineti, AŞ PA Azərbaycana təşkilat daxili sanksiya tətbiq etməklə bağlı legitim səlahiyyət əldə edir”.

O xatırladıb ki, baş katib Yaqland iki gün öncə yanvar sessiyasında iki məqama toxunub:

“Birinci, Konvensiyanın 4 maddəsini pozan ölkə Avropa Şurası üzvü ola bilməz. İkinci, əgər bu pozuntu aradan qaldırılmırsa, 46.4 maddə üzrə xüsusi prosedur təyin edilir. Bu limitin aşılmasına imkan verilməyəcək”.

R.Cəfərov ehtimal edib ki, Avropa Məhkəməsinin qərarından əvvəl, yaxud sonra İlqar Məmmədovun azadlığı təmin olunmalı və sanksiya təhlükəsi aradan qaldırılmalıdır.

“Əgər bu baş verməyəcəksə, Nazirlər Kabineti AŞ PA ilə birgə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasına baxacaq. Səməd Seyidovun “sanksiyaları tətbiq edən tərəflər bundan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf” açıqlaması isə çox ucuz siyasi şantajdır. Hansı ki, oxşar şantajı Rusiya hazırda üzvlük haqqını ödəməməklə edir. Rusiya da bu şantajı Krımın işğalını ört-basdır etmək üçün edir. Axı Krımın işğalına görə Rusiyaya eyni maddə tətbiq edilib, səsvermə hüququ dondurulub”.

Ana səhifəXəbərlərSəməd Seyidov: Sanksiyaları tətbiq edən tərəf daha çox əziyyət çəkir